Meksika Senatında Novruz bayramı keçirilib - FOTOLAR

Meksika Senatında Novruz bayramı keçirilib -    FOTOLAR
  23 Mart 2019    Oxunub:2866
Meksika Birləşmiş Ştatları Senatı binasında “Beynəlxalq Novruz Bayramı Günü” təntənəli şəkildə qeyd olunub. Tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, İran, Pakistan, Türkiyə və Gürcüstan Səfirliklərinin dəstəyi ilə keçirilib.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə Meksika Senatının sədri Marti Batres Quadarrama, Senatın Asiya-Sakit Okean-Afrika ölkələri ilə əlaqələri Komissiyasının sədri Kora Sesiliya Pineda Alonso, Senat və Deputatlar palatasının üzvləri, diplomatik korpus, Meksika KİV nümayəndələri və s. iştirak ediblər.



Senatın Asiya-Pasifik ölkələri ilə əlaqələri Komissiyasının sədri senator Kora Sesiliya Pineda Alonso tədbirdə iştirak edən çoxsaylı qonaqları salamlayaraq baharın gəlişi və təbiətin oyanışını tərənnüm edən, dünyanın qeyri-maddi mədəni irsi siyahısına daxil olan Novruz Bayramının Azərbaycan, İran, Pakistan, Türkiyə və Gürcüstan Səfirlikləri ilə birgə qeyd edilməsindən məmnunluğunu izhar etdi və onlara bu tədbirin reallaşmasında yardıma görə təşəkkürünü bildirdi. Bu bayramın zəngin mədəniyyətlərin qədim ənənələrinin daşıyıcısı olduğunu deyən Meksika senatoru bu tədbir zamanı Meksika xalqının həmin mədəniyyətlərlə tanış olmaq imkanının yarandığını dilə gətirdi. O, Novruz Bayramının dünyada 300 milyondan artıq insan tərəfindən qeyd edildiyini bildirdi. Xanım Pineda Alonso Meksika Senatının tədbirdə iştirak edən Səfirliklərlə onların təmsil etdiyi ölkələrlə ikitərəfli münasibətlərin daha da genişlənməsi və dərinləşməsi istiqamətində əməkdaşlığa davam etməyə hazır olduğunu diqqətə çatdırdı.



Tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək Novruz Bayramının Azərbaycan torpağında çox qədim kökləri olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini bildirdi. Bu kimi təşəbbüslərin xalqlarımız üçün bir birilərinin qədim tarixi, zəngin mədəniyyətləri, ənənələri barədə daha çox örgənmək imkanının yaratdığını, bunun öz növbəsində cəmiyyətlərimizi mənəvi olaraq zənginləşdirdiyini dedi.



Novruz bayramının dünya Azərbaycanlıların ən sevimli və əziz bayramlarından biri olduğunu onun əsrlər boyu Azərbaycan xalqı tərəfindən qeyd edildiyi, bu bayramın zəngin ənənələrinin yaşatdığını bildirdi. Novruz bayramının qarşılıqlı hörmət, qonaqpərvərlik, səmimiyyət, dostluq, qardaşlıq və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini ifadə etdi. O, Novruz bayramının həm azərbaycanlılar həmdə ölkənin çoxsaylı qonaqları tərəfindən sevilən müxtəlif ənənələrlə maşahidə olunduğunu bildirərək, həmin ənənələr barədə tədbir qonaqlarına danışdı.



Hər bir Azərbaycanlının uşaqlığından ən gözəl xatirələrin məhz Novruz Bayramı və onun qədim və gözəl adət və ənənələrlə bağlı olduğunu dedi. Azərbaycanlı diplomat ölkəmizdə müxtəlif mədəniyyət nümayəndələrinin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını vurğulayaraq bu gün ölkəmizin qlobal miqyasda mədəniyyətlərarası dialoqun mərkəzlərindən birinə çevrildiyini dedi.



Tədbirdə həmçinin İran, Pakistan və Türkiyə səfirləri, Gürcüstan Səfirliyinin müşaviri çıxış etdi. Sonra tədbirdə iştirak edən Səfirliklər adından Meksika Senatına hədiyyə edilən, sülh rəmzi olan zeytun ağacının Senatın binasının həyətində əkilmə mərasimi keçirildi.



Bundan sonra Senatın sədri, üzvləri və tədbirin digər çoxsaylı qonaqlarına ölkəmizin mədəniyyəti, mətbəxi və tarixinə aid materiallar paylanmış, onlar Novruz Bayramı ilə bağlı ölkəmizin ənənələri ilə tanış edilmiş, ənənəvi Novruz süfrəsinin şirniyyatları təqdim edilmişdir. Azərbaycan masası qonaqlar tərəfindən olduqca böyük maraqla qarşılanmışdır. Eyni zamanda Azərbaycanda Novruz şənliklərini əks etdirən video material və şəkillər nümayiş etdirilib. Tədbir Meksika Parlamentinin Televiziya kanalı ilə canlı yayımlanmış, ölkə KİV-ri tərəfindən geniş işıqlandırılıb.

Azvision.az



Teqlər: Meksika   Novruz  





Xəbər lenti