Gülər Əhmədova: “Montajın buynuzu olur?”

  18 Noyabr 2013    Oxunub : 1298
Gülər Əhmədova: “Montajın buynuzu olur?”
“Elşad bilir, kimin dalınca danışıb və nə cavabı alıb, ona görə videonun əslini göstərmir”
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkili Əfsər Talıbov vəsatətlə çıxış edərək Elşad Abdullayevin ofisdən qanunsuz istifadə etdiyini, çəkilişləri qanunsuz apardığını deyib:

“O, müxtəlif insanları şantaj etmək üçün gizli çəkiliş aparıb. Videolarla bağlı ekspertiza rəyində də ziddiyyətlər var. Bir yerdə yazıblar ki, sinxronluq pozulub, digər yerdə yazıblar ki, pozulmayıb. Videonun nə zaman çəkildiyi də ekspertiza tərəfindən dəqiqləşdirilməyib. Videonun tam versiyası istintaqa təhvil verilməyib. Elşad Abdullayev qanunu pozaraq, Gülər Əhmədova haqqında yalan məlumat verdiyi, KİV-də şər-böhtan xarakterli məlumatlar yaydığı üçün onun əməlinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsini xahiş edirəm. Həmçinin qanunsuz görüntü əldə etdiyi üçün həmin məsələyə də hüquqi qiymət verilsin. Xahiş edirəm, ekspert məhkəməyə dəvət olunsun və ziddiyyətli məlumatlar araşdırılsın”.

Dövlət ittihamçısı Eldar Həmzəyev isə bildirib ki, videolarla bağlı vəsatət təmin oluna bilməz, çünki həmin məsələ ilə bağlı cinayət işinin başladılması istintaq orqanı tərəfindən rədd olunub. Prokuror onu da deyib ki, ekspertiza ilə bağlı şübhə olmadığı üçün bu vəsatət də rədd olunmalıdır.

Məhkəmə vəsatətləri rədd edib.

Daha sonra Gülər Əhmədova çıxış edib. Gülər Əhmədovanın sözlərinə görə, Elşad Abdullayevin bacısı oğlundan dayısının videoların tam versiyasını göndərməsini xahiş edib: “Lakin o göndərməyib. Bakıda Gülər Əhmədova adında bir çox insan var. Belədirsə, onlardan birini tutun, məni çıxarın burdan. Videolar əsl deyil, ekspertiza da dolaşıq rəy verib. Deyir, montaj olunmayıb amma sinxron pozulub. Bir formatdan başqa formata köçürülüb. Montajın buynuzu olur? Mən əvvəldən demişəm, o videonu qəbul etmirəm. Kimin ixtiyarı var, prezidentin fərmanını, Konstitusiyanı pozmağa? Oyun oynayırlar. Bu adam siyasi akrobatika ilə məşğuldur. Saxta videonu əsas götürüb, məni həbs ediblər, ekspertiza keçiriblər. Dünyanın hansı yerində əsli olmayan video sübut kimi götürülür? Deyir, videoda söyüş var, ona görə yaymıram. Bəli, söyüş var. Burda hamının 18 yaşı tamam olub. Qorxur ki, prokurorluğun tərbiyəsini pozar? Mən buna məəttəl qalmışam. Elşad kimdir axı? O videonun əslini ortaya çıxara bilməz. Əslində nə var, o da bilir, mən də. Ölsəm də, batsam da, o videonu qəbul etməyəcəyəm. Siz qəbul edirsiniz, özünüz bilərsiniz. Elşad bilir, orda kimin dalınca danışıb və nə cavabı alıb. Ona görə əslini göstərmir. Buna görə qadın xeylağını həbsdə saxlayarlar? Mənim günahım nədir axı? Bu adam yeddi il kimi gözləyib? Zakir Qaralov da açıqlamasında deyib ki, əvvəlcə Elşad Abdullayev gəlməlidir. Mən Milli Məclisdə oturan adam idim, gələrdin evimə, iş yerimə ki, sənə bir milyon pul vermişəm. Çünki sən də, Sevinc də yaxşı bilirdiniz ki, pulun haradadır. Biri ölüb, o biri də Fransada oturub. Bunu Allah götürməz. Mən onsuz da hər kəsi Allaha tapşırmışam. Ekspertiza artimulyasiya məsələsini də araşdırmayıb, halbuki bu, çox vacib məsələdir”.

Bunun ardınca məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Proses günün ikinci yarısında davam etdiriləcək. Günortadan sonra prokuror çıxış edəcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.(apa)

Teqlər: