Sosial artımlar süni bahalaşma yarada bilərmi? - TƏHLİL

   Sosial artımlar süni bahalaşma yarada bilərmi? -    TƏHLİL
  02 Aprel 2019    Oxunub:5108
Sosial istiqamətdə artımlar həyata keçirildikdən sonra əsas diqqət həmişə istehlak bazarına yönəlir. Belə ki, istehlak bazarında qiymətlərin buna qarşı adekvat reaksiya göstərməsini önləmək başlıca vəzifəyə çevrilir. Çünki dövriyyəyə tələbin şişməsinə xidmət edən amilin, yəni onun tədiyyə qabiliyyətinin təmininə zəmin və şərait yaradan əlavə vəsaitin daxil olması nəticəsində, təklifin istər-istəməz yenidən təşkil olunması, ya kəmiyyət genişləndirilməsi, ya da qiymətlərin artırılması zərurəti yaranır.
Bu zaman isə xüsusən, sonuncu üçün süni tendensiyaya geniş meydan açılır. O mənada ki, qiymətlər təbii olaraq deyil, rəqabətin olmaması və inhisar amilləri səbəbindən süni şəkildə yüksəlməyə meyl göstərir. İstehlak bazarında adekvat reaksiyanın ortaya çıxması qarşısını almaq lazım gəldiyini dedikdə də, bunu nəzərdə tuturam.

Ölkəmizdə istehlak bazarının geniş rəqabət imkanlarına malik olmadığını desəm, heç də yanılmaram. O cümlədən, inhisarçı amillərdən də uzaq deyil. Elə həm də inhisarçı amillərə görədir ki, rəqabət üçün geniş şərait yoxdur. Odur ki, maaş və pensiyalar artan, sosial müavinət məbləğləri yüksələn kimi ən zəruri istehlak mallarının qiymətləri qalxır. Və bu, bir çox hallarda süni olaraq baş verir. Ona görə də bizdə, hökumət bazarda qiymətləri daima nəzarətdə saxlamağa çalışır, buna hər zaman böyük səy göstərir.

Məsələ bundadır ki, hazırkı vəziyyət hökumətin bu səyləri qarşıdakı aylarda daha da artıracağını göstərir. Çünki cövlət başçımızın problemli kreditlərlə bağlı, o cümlədən, pensiya və sosial müavinətlərin artırılması ilə əlaqədar imzaladığı fərman və sərəncamlar nəticəsində dövriyyəyə 2,2 milyard manatdan çox əlavə vəsait daxil olacaq. Bu, istehlak qiymətlərinin artması üçün böyük zəmin yarada bilər. Odur ki, prosesin qarşısını almaq zərurəti yaranıb.

Bəs əslində, vəziyyət necədir? İstehlak məhsulları üzrə mövcud indeks göstəricisi nəyi deməyə əsas verir? Ümumiyyətlə, ölkədə xeyli müddətdir ki, sabitlik nümayiş etdirən inflyasiya amilinə yanvardan bəri sosial istiqamətdə bilavasitə dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən məlum artımlar nəticəsində güclü təzyiq imkanları və gücü nə qədərdir?

2019-cu ilin yanvar-fevral ayları ərzində istehlak məhsulları və xidmətlərinin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,9%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,0, qeyri-ərzaq malları 1,2, əhaliyə göstərilən ödənişli xidmətlər isə 3,5 % bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumata görə, cari ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1, qeyri-ərzaq malları 0,1, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,2 % yüksəlib.

Xatırladım ki, yanvarda isə 2018-ci ilin eyni ayı ilə müqayisədə, istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7, qeyri-ərzaq məhsulları 1,2, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,4% artmışdı. Yanvara dair statistikaya aid təhlildə yazmışdım ki, ciddi bahalaşma yoxdur. O mənada ki, keçən ilin yanvarında bu rəqəm 5,5% təşkil etmişdi.

Ancaq nəzərə almalıyıq ki, il başlanandan bəri, sosial istiqamətdə edilən artımlar nəticəsində dövriyyəyə daxil olacaq sözügedən əlavə vəsait həcmi öz təsir gücünü əsasən birinci rübdən sonra göstərməyə başlayacaq. Və istehlak qiymətləri qarşıdakı aylarda həqiqətən yüksələ bilər. Bu da, iqtisadi artım üçün buxova çevriləcək. Bəs, nə etməli? Doğrudanmı, qiymətlər bahalaşa bilər?

Bəri başdan qeyd edim ki, nəzarət olmasa, bəli... Ancaq bəzi nüanslar da var. O da bundan ibarətdir ki, əvvəla, sosial istiqamətdə artımlar 2019-cu ilin büdcəsində əvvəlcədən nəzərdə tutulmuşdu. Üstəlik, inflyasiyanın qarşısını almaq üçün Mərkəzi Bankın (AMB) bütün alətlərdən istifadə edəcək. Qeyd edim ki, 2019-cu ildə ölkədə orta illik inflyasiya səviyyəsi 3,1% proqnozlaşdırılıb. 2018-ci ildə bu 2,3% təşkil edirdi.

Yeri gəlmişkən, martın 1-dən minimal əməkhaqqı 50 manat artaraq, 180 manat, minimal pensiya 44 manat artaraq, 160 manat, prezident təqaüdü isə 25 manat artaraq, 210 manat olub. Bununla yanaşı, 2019-cu il martın 1-dən şəhid ailələrinə verilən pensiya 220 manatdan 300 manata, məcburi köçkünlərə verilən müavinətlər 50% artırılıb və sair.

Sözün qısası, cari ildə sosial istiqamətdə artımlarla bağlı, inflyasiyaya təzyiq yaranacağı bir sıra cəhətlər baxımından əslində, çox da gözlənilmir. Bunlar hansılardır? Birincisi, dövriyyəyə daxil olacaq vəsaitin həcmi ikirəqəmli bahalaşma yaratmaq həddində təhlükəli deyil, ikincisi, iqtisadiyyat naziri Şahin Mustafayev də bildirib ki, ölkəyə idxalda payı 35 %-dən yuxarı olan idxalçılar, eyni zamanda, istehsalda anoloji paya sahib istehsalçılar nəzarətdədir və onlar qiymətləri dövlətin razılığı olmadan qaldıra bilməzlər, üçüncüsü, AMB yuxarıda qeyd etdiyimə bahəm notlar və depozit hərracları vasitəsilə əlavə vəsaiti bazardan yığacaq, dördüncüsü, daxili istehlak bazarına xarici təsirlər 2015-2017-ci illərdəki kimi deyil, beşincisi, valyuta bazarında sabitlikdir, dollar satışında təklif tələbi üstələyir, altıncısı, iqtisadi aktivlik qənaətbəxş səviyyədə olmasa da, passiv həddə də hesab edilmir və sair... Bu siyahını uzatmaq da olar.

Bəli, elə şərait var ki, qiymətləri çox basqı altında saxlamaq olmaz və bu, mümkün deyil. Xüsusən, iqtisadi artımla bağlı tendensiya sarıdan inflyasiyaya təsir və təzyiq elementlərini çərçivəyə almaq olmaz. Bunda ehtiyatlı olmaq lazımdır. Ancaq bazarın hər hansı bir seqmentində və yaxud hər hansı bir zəruri istehlak malında süni qiymət artımı baş qaldırarsa, buna sözsüz, yol verilməməlidir və verilməyəcək də. Ümumiyyətlə, təkrar edirəm: həyata keçirilən sosial artımlar iqtisadi qanunlara görə bahalaşma yaratmayacaq, süni qiymət artımına gəldikdə isə, bu, kiçik bir subyektiv səbəb axtarır.



Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Bahalaşma  





Xəbər lenti