Müsavat rəhbərliyi gənclərin davasına qarışdı

Müsavat rəhbərliyi gənclərin davasına qarışdı
  18 Noyabr 2013    Oxunub:1056
“Əgər kiminsə əlində saxtakarlıqla bağlı gümanlar yox, faktlar varsa, buyursun həmin faktı ya Nəzarət Təftiş Komissiyasına, ya da Gənclər Təşkilatına təqdim etsin”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Gənclər Təşkilatı sədrliyinə keçirilən seçkilərdən danışarkən deyib.

Başqanın müavini gənclər arasında yaşanan qalmaqala münasibət bildirərək onları nizam-intizama riayət etməyə çağırıb.

“Belə fakt varsa bunu Facebook sosial şəbəkəsində yaymasın, yaxud da hansısa xəbər saytına məlumat kimi verməsin, gəlsin bizə desin. Belə fakt təqdim olunarsa, onun açıq şəkildə müzakirəsinə hazırıq. Bir daha bəyan edirəm ki, seçki komissiyasının işində saxtakalarlığın şahidi olmamışam”.
G.Aslanlı deyib ki, seçkidə müşahidəçi kimi partiya rəhbərliyindən də nümayəndələr olub: “Partiya rəhbərliyindən mən, Arif Hacılı, Rasim Əmiraslanov seçkidə müşahidəçi kimi iştirak etmişik. Orada seçki komissiyası üzvlərindən soruşulub onların heç biri seçkidən narazılıq etməyib. Kimin nə iddia etməyindən, Facebook sosial şəbəkəsində nə yazmasından asılı olmayaraq ötən gün Müsavat Partiyasının qərargahında Gənclər Təşkilatının bir çox partiyalara nümunə olacaq seçki keçirilib. Seçkidə hər iki namizədin istəyinə uyğun olaraq irəli sürdükləri 3 nəfər, yəni cəmi 6 nəfərlik seçki komissiyası yaradılıb. Seçki komissiyası öz işini yüksək səviyyədə həyata keçirib.

Seçici siyahılarına imza atan seçicilərin sayı ilə seçki qutusundan çıxan bulletenlərin sayı üst-üstə düşüb. Seçki komissiyasının üzvləri də bunun şahidi olub. Protokol da tərtib olunub, Seçki komissiyasının hər üzvü bu protokola imza atıb”.

Qeyd edək ki, Müsavat Gənclər Təşkilatında ötən gün keçirilən sədr seçkisi qalmaqala səbəb olub. Sədrlik uğrunda mübarizə aparan gənclər sosial şəbəkələrdə və xəbər saytlarında bir-birlərinə söz ataraq səsvermənin nəticələrindən narazı qaldırlarını bildiriblər.

Seçkidə Rüfət Hacıbəyli və Əhliman Abbasov mübarizə aparırdı. Seçki mübarizəsində Əhliman Abbasov 59% səslə qalib gəlib. Bu isə qarşı tərəfin narazılığına səbəb olub.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti