Çağırışçılar hərbi xidmətə yola düşürlər

Çağırışçılar hərbi xidmətə yola düşürlər
  03 Aprel 2019    Oxunub:2289
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2019-cu il aprelin 1-dən etibarən ölkəmizin hər yerində gənclərin həqiqi hərbi xidmətə çağırışı davam edir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) Azvision.az -a verilən məlumata görə, bu gün Bakının Qaradağ rayonunda və Qubada təşkil olunan çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimlərində SHXÇDX yerli idarə və şöbəsinin şəxsi heyəti, rayon icra hakimiyyətlərinin, idarə və təşkilatların, eləcə də hüquq mühafizə orqanlarının nümayəndələri, təhsil işçiləri, ağsaqqallar, müharibə veteranları, valideynlər və gənclər iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qubada keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdıraraq onlara şərəflə xidmət etməyi arzulayıb. Bildirib ki, Vətənin keşiyini çəkmək şərəfli bir işdir. Qeyd edib ki, bu gün çağırışçıların həyatında əlamətdar gündür. Onlar həqiqi hərbi xidmətə yola düşürlər. Bu gün Azərbaycan əsgərinin döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz öz gücünü 2016-cı ilin aprelində və ötən ilin mayında düşmənə göstərdi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, mayor Anar Kazımov hərbi xidmətə yola düşən gəncləri təbrik edib. Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, Ordumuzun formalaşmasında və güclənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun siyasi xəttinin layiqli davamçısı ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdikləri işlərdən söz açıb.

Bakının Qaradağ rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək Vətəni qorumaq kimi müqəddəs borcun yerinə yetirilməsində çağırışçılara dəyanətli, əzmkar olmalarını, hərbi xidməti şərəflə bitirmələrini arzulayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi rəisinin müavini, polkovnik-leytenant Rizvan Sadıqov mərasimdə çıxış edərək, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdırıb.

Yolasalma mərasimlərində ictimaiyyətin nümayəndələri, ziyalılar, valideynlər, müharibə veteranları gənclərə hərbi xidmətdə ayıq-sayıq olmağı, hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi tövsiyə ediblər. Hərbi xidmətə yola düşən gənclər adından çıxış edənlər Vətən və xalqımız qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini, torpaqlarımızın azad edilməsi naminə hər an hazır olacaqlarını söyləyiblər. Sonda çağırışçı gənclər üçrəngli bayrağımızı öpərək ordu sıralarına yola düşüblər.

Həqiqi hərbi xidmətə çağırış respublikamızın bütün bölgələrində davam edir. Çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimlərində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin, KİV-lərin və QHT-lərin nümayəndələrinin iştirakı gənc çağırışçılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.

Azvision.az


Teqlər: SHXÇDX  





Xəbər lenti