“Təhlükələr hərtərəfli sayıq olmağımızı tələb edir” - DTX əməkdaşı

 “Təhlükələr hərtərəfli sayıq olmağımızı tələb edir” -    DTX əməkdaşı
  09 Aprel 2019    Oxunub:2993
Bakı Dövlət Universitetində (BDU) təhlükəsizlik orqanlarının yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Dövlətin təhlükəsizliyinin təminində gənclərin rolu” mövzusunda konfrans keçirilib.
Azvision.az xəbər verir ki, xidmətin məsul əməkdaşlarının, BDU-nun professor-müəllim heyətinin və tələbələrinin iştirak etdikləri konfransı universitetin rektoru Elçin Babayev açıb. O, dövlət təhlükəsizlik orqanlarının tarixindən, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşdırılması, strateji dövlət təsisatlarının qurulması, təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqillik, sabitlik və tərəqqi siyasətinin həyata keçirilməsindən bəhs edən rektor bildirib ki, gənclər hər zaman milli mənafeyi qorumalı, təhsildə uğur qazanmalı və əzmlə çalışmalıdır.

Dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı qorunmasında dövlət təhlükəsizlik orqanlarının mühüm rolunu qeyd edən rektor 100 illik yubiley münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbərliyini və əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.

DTX-nin əməkdaşı Tural Məmmədov “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda məruzə edib. O, məruzəsində 100 il əvvəl yaradılan Azərbaycan təhlükəsizlik orqanlarının tarixindən bəhs edib. Qeyd edib ki, Azərbaycanın ilk təhlükəsizlik orqanı 1919-cu il martın 28-də fəaliyyətə başlayıb. Bu orqanlarda milli mənafelərə xidmət strategiyasının əsasının ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-1965-ci illərdə yaradıldığını diqqətə çatdıran məruzəçi deyib ki, həmin illərdə xüsusi xidmət orqanının peşəkar kadr potensialının formalaşması üçün başlıca zəmin hazırlanıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarının fəaliyyətinin yenidən qurulmasına və təkmilləşdirilməsinə göstərdiyi tələbkarlıq, gündəlik qayğı və diqqət yeni dövrün çağırışlarına uyğun təhlükəsizlik sisteminin yaradılmasına təkan verib. Bütün bunlar təhlükəsizlik orqanlarının ölkənin ümumi tərəqqisinin möhkəm təməllərinin qoyulmasında daha yaxından iştirakına şərait yaradıb.

T.Məmmədov vurğulayıb ki, son dövrlər bəzi ölkələrdə cərəyan edən proseslər, xüsusilə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlərlə üzləşmək və digər təhlükələr hərtərəfli sayıq olmağımızı tələb edir. Bütün bunlar bizləri malik olduğumuz dəyərlərə sahib çıxmağa, sabitliyi, milli birliyi və tolerantlığı qorumağa çağırır. Gənclərimiz dövlətin, xalqın gələcəyinin, ölkənin sabit və dinamik inkişafının onların vətənpərvərliyindən, dövlətçiliyə və müstəqilliyə sədaqətindən asılı olduğunu bir an belə unutmamalıdırlar. Çünki Azərbaycanın inkişafına qısqanclıqla yanaşan qüvvələr var. Belə qüvvələr gənclərimizi müəyyən istiqamətlərə çəkməyə cəhdlər göstərirlər. Ancaq gənclərimizin mütləq əksəriyyəti belə yad təsirlərdən uzaq dururlar. Onlar ölkəmizin tərəqqisi, öz gələcəkləri naminə dövlət siyasətinə dəstək verirlər. T.Məmmədov gənclərimizin ulu öndər Heydər Əliyevin zəngin irsini dərindən öyrənməklə onun xalqımızın işıqlı gələcəyinə ünvanlanmış ideallarına sadiq qalacaqlarına, milli maraqların və təhlükəsizliyimizin təminatçısı kimi üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə əminliyini bildirib.

Sonda konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Azvision.az



Teqlər: BDU  





Xəbər lenti