İran səfiri Naçxıvanla sərhəd problemindən danışdı

İran səfiri Naçxıvanla sərhəd problemindən danışdı
  19 Noyabr 2013    Oxunub:969
İran və Azərbaycan sərhədçiləri Culfa sərhəd-keçid məntəqəsində yeni körpünün istifadəyə verilməsi məsələsini müzakirə etmək məqsədi ilə yaxın gələcəkdə müzakirələr aparacaqlar.
Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin çərşənbə axşamı Trend-ə deyib.

Səfir bildirib ki, Culfa sərhəd-keçid məntəqəsində yeni körpü tikilib və hazırdır:

"Həmin körpünün istifadə şərtləri ilə bağlı Azərbaycan və İran arasında razılaşma əldə olunmalıdır. Ümid edirik ki, yaxın gələcəkdə bu razılıq əldə olunacaq".

M.Pakayin onu da qeyd edib ki, Biləsuvar sərhəd-keçid məntəqəsində yük maşınlarının sərhədi keçməsi üçün heç bir məhdudiyyət yoxdur. Məhdudiyyətlər yalnız Culfa sərhəd-keçid məntəqəsindən Naxçıvan MR-ə getmək istəyən yük maşınlarına tətbiq olunub:

"Çəkisi 30 tondan artıq olan yük avtomobilləri Biləsuvar sərhəd-keçid məntəqəsindən buraxılarsa, həmin maşınların Culfada Araz çayı üzərindəki köhnə körpüdən keçməsində problem yaranacaq".
Səfir qeyd edib ki, məhdudiyyətlər tətbiq edilənə qədər Biləsuvar sərhəd-keçid məntəqəsindən keçərək Culfa sərhəd-keçid məntəqəsinə gəlmiş və orada növbədə dayanmış ümumi çəkisi 30 tondan artıq olan yük avtomobillərinin Naxçıvan Muxtar Respublikasının ərazisinə buraxılmasında maneələr yoxdur.
M.Pakayin bildirib ki, İran tərəfi bir müddət öncə hər iki ölkənin aidiyyəti qurumlarını Culfa sərhəd-keçid məntəqəsində Araz çayının üzərindəki körpünün köhnə olması ilə əlaqədər ümumi çəkisi 30 tondan artıq olan yük maşınlarının gediş-gəlişinə icazə verilməyəcəyi ilə bağlı məlumatlandırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti