İlham Əliyevin səfəri Ukrayna üçün həlledicidir

  19 Noyabr 2013    Oxunub : 643
İlham Əliyevin səfəri Ukrayna üçün həlledicidir
Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri Ukrayna KİV-lərinin əsas mövzusudur.

AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kiyevə rəsmi səfəri Ukraynada həm dövlətə məxsus, həm də müstəqil elektron və mətbu KİV-lərin əsas mövzusudur. Mərkəzi və regional telekanalları, informasiya agentliklərinin xəbər buraxılışları, radioefirlər, qəzetlər və jurnallar, internet-nəşrlər Ukrayna ictimaiyyətini Azərbaycan dövlətinin başçısı İlham Əliyevin noyabrın 18-də bu dost ölkədə olması barədə məlumatlandırıb.

Ukraynanın Milli İnformasiya Agentliyi (Ukrinform) “Yanukoviç: Ukrayna və Azərbaycan Avropaya karbohidrogenlər nəql edilməsi sahəsində səylərini birləşdirməlidirlər” sərlövhəli məqalədə yazır: “Prezident Viktor Yanukoviç əmindir ki, Ukrayna və Azərbaycan karbohidrogenlərin Avropa istiqamətində nəql edilməsi məsələlərində öz səylərini birləşdirmək üçün hər cür imkana malikdirlər. Bu barədə o jurnalistlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin gedişində məlumat verib”.

Ukrinform dövlət başçısının aşağıdakı sözlərini sitat gətirir: “Ukrayna enerji daşıyıcılarının nəql edilməsi üçün etibarlı tranzit ölkə, Azərbaycan isə onların etibarlı təchizatçısı kimi çıxış edir. Energetika sahəsində qarşılıqlı fəaliyyət prioritet məsələlərdən biridir və ölkələrimiz karbohidrogenlərin Avropa istiqamətində nəql edilməsi məsələlərində öz səylərini birləşdirmək üçün hər cür imkana malikdirlər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə öz növbəsində qeyd edib ki, yanacaq-energetika sektorunun məsələləri bizim münasibətlərin gündəliyində həmişə xüsusi yer tutur. “Bu gün biz gələcəkdə bu sahədə hansı yolla daha sıx kooperasiya qura biləcəyimizi müzakirə etdik. Çünki bizim fəal qarşılıqlı əlaqə saxlaya biləcəyimiz istiqamətlər çoxdur”, - deyən Prezident İlham Əliyev daha sonra əlavə edib ki, Azərbaycan və Ukrayna bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayırlar.

Azərbaycan Prezidenti onu da qeyd edib ki, bu iki ölkə hərbi-texniki sahədə əməkdaşlıq və müştərək elmi araşdırmalar üçün yaxşı potensiala malikdir.

Ukrayna Müstəqil Xəbərlər İnformasiya Agentliyi “Yanukoviç və Azərbaycan Prezidenti bir-birinə orden verdi” sərlövhəli materialda yazır: “Ukrayna Prezidenti Azərbaycan Respublikasının Prezidentini Azadlıq ordeni ilə təltif etdi. Azərbaycan Respublikasının Prezidenti Ukrayna Prezidentinə Azərbaycanın ali dövlət təltifini – “Heydər Əliyev” ordenini təqdim etdi. Prezidentlərin iştirakı ilə bir sıra ikitərəfli sənədlər də imzalandı. Agentlik sonda bildirir ki, Viktor Yanukoviç və İlham Əliyev Ukrayna və Azərbaycan Respublikası Prezidentləri Şurasının dördüncü iclasının protokolunu imzaladılar. Bu sənəddə Ukrayna-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan əsas məsələlərin, o cümlədən siyasi dialoqun, ticari-iqtisadi, yanacaq-energetika sahələrində əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsinin nəticələri, habelə Prezidentlər Şurasının iclasının nəticələrinə əsasən əldə edilmiş razılaşmalar təsbit olundu.

“Kapital” internet nəşrində bu səfər haqda məlumat “Yanukoviç və Əliyev bir sıra ikitərəfli müqavilələr imzaladl” sərlövhəsi ilə dərc edilib.
Materialda iki dost ölkənin dövlət başçıları tərəfindən Ukrayna və Azərbaycan Respublikası Prezidentləri Şurasının dördüncü iclasının protokolunun imzalanmasından bəhs olunur və qeyd edilir ki, həmin protokolda Ukrayna-Azərbaycan ikitərəfli münasibətləri gündəliyindəki əsas məsələlərin müzakirəsini nəticələri təsbit olunub.

“Komsomolskaya pravda v Ukraine” nəşrinin “Prezident: Ukrayna və Azərbaycan iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar” sərlövhəli redaksiya materialında Viktor Yanukoviçin Kiyevdə aparılmış danışıqları necə şərh etməsindən bəhs olunur.

Viktor Yanukoviçin sözlərinə görə, etimada əsaslanan konstruktiv dialoq Kiyev ilə Bakı arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına və dərinləşməsinə şərait yaradır. O bildirib: “Bizim görüşlərin keçdiyi ənənəvi qarşılıqlı anlaşma şəraitini qeyd etmək mənə xüsusilə xoşdur”.
Viktor Yanukoviç qeyd edib ki, Şuranın bugünkü (noyabrın 18-də keçirilmiş – red.) iclasında əvvəlki dövr ərzində görülmüş işlərə yekun vurulub, əsas istiqamətlər üzrə gələcək ikitərəfli əməkdaşlıq planları ətraflı müzakirə edilib.

Viktor Yanukoviç İlham Əliyevi prezident seçkilərində layiqli qələbə münasibətilə təbrik edərək vurğulayıb: “Bu, sabitlik əlaməti, Azərbaycan xalqının öz liderinə ən yüksək etimadının əlamətidir”. Azərbaycan prezidenti isə öz növbəsində qeyd edib ki, Ukrayna və Azərbaycan praktiki olaraq bütün istiqamətlər üzrə əməkdaşlıq edirlər.

İlham Əliyev vurğulayıb: “Ukrayna Azərbaycan üçün yaxın tərəfdaş, etibarlı tərəfdaş, dost ölkə və strateji tərəfdaşdır”.

Azərbaycan Respublikasının Prezidenti deyib: “Viktor Fyodoroviçin qeyd etdiyi kimi, baxışlarımız üst-üstə düşür. Biz dostuq, tərəfdaşıq və güman edirəm ki, bu səfərin yekunlarına əsasən tərəfdaşlığımız daha yüksək səviyyəyə çatacaqdır”.

RBK – Ukraina informasiya agentliyi “Əliyev: Ukrayna Azərbaycanın enerji resurslarının nəqlini təmin edən etibarlı tranzit ölkədir” sərlövhəli materiala sərlövhə kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Viktor Yanukoviçlə görüşündən sonra dediyi sözləri vurğulayır.

Prezidenti İlham Əliyev deyib: “Yanacaq-energetika sektorunun məsələləri bizim münasibətlərin gündəliyində həmişə xüsusi yer tutmuşlar. Bu gün biz gələcəkdə bu sahədə hansı yolla daha sıx kooperasiya qura biləcəyimizi müzakirə etdik. Çünki bizim fəal qarşılıqlı əlaqə saxlaya biləcəyimiz istiqamətlər çoxdur. Azərbaycan enerji ehtiyatlarının istehsalçısı kimi, Ukrayna isə istehlakçısı və tranzit ölkə kimi bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayırlar. Buna görə də Xəzər və Qara dəniz regionlarının əməkdaşlığı, o cümlədən energetika sahəsində əməkdaşlıq məhz bizim birgə fəaliyyətimizin nəticəsidir. Azərbaycan uzun illərdir ki, öz enerji ehtiyatlarının Qara dəniz, Aralıq dənizi bazarlarına və dünya bazarlarına etibarlı nəql olunmasını və çatdırılmasını təmin edir”.

Viktor Yanukoviç də öz növbəsində, İlham Əliyevi əmin edib ki, Ukrayna bundan sonra da Azərbaycan üçün etibarlı tranzit ölkə olacaq.
Ümumiyyətlə Ukrayna KİV-lərinin İlham Əliyevin səfərinə belə diqqət yetirməsi təsadüfi deyil. Belə ki, mütəxəssislərin fikrincə Avropaya inteqrasiya və ya qaz resurslarından asılı vəziyyətə düşdüyü Rusiya ilə gömrük sazişinə girmək seçimi arasında qalan Ukrayna üçün, Azərbaycan prezidentinin səfəri xilasedici ola bilər və seçimin müəyyənləşməsinə kömək edə bilər. Azərbaycan və Ukrayna bölgədə Rus hegemonluğuna qarşı mübarizə aparan, uzun illərin tərəfdaşı olan ölkələrdir. İlham Əliyevin bu ölkəyə səfərindən sonra Ukraynanın qaz blokadasından qorxmayaraq AB tərəfdaşlığı seçməsi və gömrük sazişinə imza atmaması güman edilir.

AzərTAc

Teqlər: