Prezident QHT-lərlə bağlı fərman imzaladı

Prezident QHT-lərlə bağlı fərman imzaladı
  21 Noyabr 2013    Oxunub:1066
Azərbaycanda QHT-lərə e-xidmətlərin göstərilməsi üçün "Fərdi elektron pəncərə" məlumat sistemi yaradılır.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi, elektron xidmətlərin təşkili sahəsində görülən işlərin səmərəliliyinin artırılması məqsədi ilə Azərbaycanda qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsi üçün "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradılır.

"Fərdi elektron pəncərə" qeyri-hökumət təşkilatlarının aidiyyəti dövlət orqanı ilə qarşılıqlı məlumat mübadiləsini, qanunla müəyyən edilmiş məlumatların, hesabatların elektron formada verilməsini və digər elektron xidmətlərin həyata keçirilməsini təmin edən informasiya sistemidir.

"Fərdi elektron pəncərə" elektron məlumat sistemi sistemdə qeydiyyatdan keçmiş hər bir qeyri-hökumət təşkilatının yalnız özünün daxil ola bildiyi və elektron xidmətlərdən istifadə etdiyi "fərdi elektron kabinet"inin yaradılması; qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı məlumatların, müraciətlərin, arayış və hesabatların elektron formada qəbulu və cavablandırılması; qrantların ayrılması və verilməsi ilə bağlı qanunla müəyyən edilmiş sənədlərin elektron qeydə alınması; sistemə verilən tapşırıqlar əsasında sənədlərin avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanması; məlumatların, sənədlərin sistemləşdirilmiş şəkildə saxlanılması və digər funksiyalara malik xüsusi proqram təminatı ilə təchiz edilməlidir.

Ədliyyə Nazirliyi "Fərdi elektron pəncərə" elektron məlumat sisteminin yaradılmasını və fəaliyyətini təmin etməli; sistemdən istifadə qaydaları barədə inzibati reqlamenti müəyyən etməli; sistemə daxil ediləcək məlumatların və məlumatları təqdim etməli olan qurumların siyahısını təsdiq etməlidir.
Aidiyyəti dövlət orqanları Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilən məlumatların mütəmadi sistemə daxil edilməsi üçün Ədliyyə Nazirliyi ilə birlikdə zəruri tədbirlər görməlidirlər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına bu fərmanın icrasına nəzarəti həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti bu fərmanda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı tələb olunan vəsaitin ayrılmasını təmin etməli; bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.


Teqlər:  





Xəbər lenti