Azərbaycanlı aktyorlar Zelenskini tanıyırlarmı? - “Sən demə, güclü siyasətçi imiş”

   Azərbaycanlı aktyorlar Zelenskini tanıyırlarmı? -    “Sən demə, güclü siyasətçi imiş”
  22 Aprel 2019    Oxunub:23097
Ötən gün Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda tanınmış aktyor-şoumen Vladimir Zelenski qələbə qazanıb. O, böyük səs çoxluğu ilə hazırki ölkə başçısı Petro Poroşenkonu məğlub edərək Ukrayanın yeni prezidenti seçilib. Şoumenlikdən prezident postuna yüksələn Zelenski hazırda bütün dünyanın diqqət mərkəzindədir. O, təkcə şoumen kimi yox, həm də ölkə rəhbəri kimi tarixə düşəcək.
Bəs, Azərbaycanlı aktyorlar Zelenskini tanıyırlarmı? Onun fəaliyyətini necə qiymətləndirirlər?

Azvision.az mövzu ilə bağlı bir neçə incəsənət nümayəndəsindən münasibət öyrənib.



Xalq artisti Afaq Bəşirqızı Zelenskini güclü aktyor hesab etmədiyini bildirib: “Bu dəqiqə dünyanın gərdişi o qədər qəribədir ki, kimin nə olacağını bilmək olmur. Şoumenin respublika prezidenti olması qeyri-adi haldır. Nə bilim, başa düşə bilmirəm. O, şoumen və aktyor idi. Onun çıxışlarını izləmişəm. Deməzdim ki, Kazanov tipli güclü, səhnəni ələ alan bir aktyordur. Zelenskini güclü aktyor hesab etmirəm. Ancaq sən demə, güclü siyasətçi imiş”.



Xalq artisti Firəngiz Mütəllimova isə Zelenskinin fəaliyyətini izləmədiyini deyib: “Deyim ki, onun vurğunuyam, izləyirəm, yalan olar. Sadəcə xəbərlərdə gördüm. Öz şoumenimiz olsaydı, fikir bildirərdim. Bu, Ukrayna xalqının seçimidir. Açığı bir az təəccübləndim. Məncə, aktyorun yeri səhnədir, o siyasətini səhnədə işlətməlidir”.



Əməkdar artist Tahir İmanov isə Zelinskinin sənətini çox bəyəndiyini vurğulayıb: “Zelenski ən istedadlı aktyorlardan biridir. Bunu görməyən kordur. İstedadı, cəsarəti göz qabağındadır. Çox kefiyyətli layihələri olub. Aktyor kimi onu çox bəyənirəm”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Zelenski  





Xəbər lenti