ARDNŞ xaricə neft satışını dayandırır

ARDNŞ xaricə neft satışını dayandırır
  21 Noyabr 2013    Oxunub:1584
Şirkətin hasil etdiyi neft gələn ildən xarici bazarlara çıxarılmayacaq və yalnız daxildə benzin emalına yönəldiləcək; Bakı-Novorossiysk kəməri də bağlanacaq...

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) gələn ildən etibarən xarici bazarlara xam neft ixracını dayandıracaq.

AzVision.az xəbər verir ki, bu barədə ARDNŞ-in hasilat üzrə vitse-prezidenti David Məmmədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) bu gün Bakıda keçirilən iclasında bildirib.

D.Məmmədov deyib ki, artıq ARDNŞ xarici bazarlara benzin ixracını dayandırıb. Bunun səbəbi daxili bazarda benzinə olan tələbatın artması , nəticədə benzin qıtlığının yaranması ilə bağlıdır.

“2013-cü ildə ölkədə benzinə olan tələbat 2012-ci ilə nisbətən 10,2 faiz artıb. Bununla əlaqədar olaraq benzin ixracını dayandırmaq qərara alınıb. Çünki ARDNŞ-in vəzifəsi birinci növbədə daxili bazarın tələbatını ödəməkdir” - deyə vitse-prezident bildirib.

D.Məmmədov deyib ki, şirkət xarici ölkələrdəki SOCAR (ARDNŞ) yanacaqdoldurma məntəqələrini də Azərbaycanda emal edilən benzinlə təmin edə bilmir. Nəticədə bu yanacaqdoldurma məntəqələrini təmin etmək üçün benzini açıq bazardan almalı olur.

“Şirkət benzin istehsalını yalnız özünün hasil etdiyi neft hesabına artıra bilər. Ona görə də ARDNŞ 2014-cü ildən etibarən hasil etdiyi nefti tamamilə emala yönəldəcək. Qalan neft birgə müəssisələrin ixrac öhdəliklərinin təmin olunmasına yönələcək. Çünki müqaviləyə görə, bu müəssisələrin payına düşən neft emala yönəldilə bilməz” - deyə D.Məmmədov bildirib.

Qeyd edək ki, bundan əvvəl ARDNŞ Bakıdakı iki neftayırma zavodunun Rusiya nefti ilə təchiz edilməsi imkanlarını araşdırıb. Planlaşdırılırdı ki, bu nefti Rusiyanın “Rosneft” şirkəti təmin edə bilər. Lakin Rusiya ilə danışıqların nə yerdə qaldığı məlum deyil.

Qeyd edək ki, söhbət ARDNŞ-in istismarında olan yataqlardan hasil edilən neftin ixracının dayandırılmasından gedir. “Əsrin müqaviləsi”indən şirkətin payına düşən neft emala yönəldilmir. Son illər “Azəri-Çıraq-Günəşli” bloku ilə yanaşı ARDNŞ-in istismarında olan yataqlarda da neft hasilatı azalmaqdadır. 2012-ci ildə şirkətin balansında olan yataqlardan 8,3 milyon tona yaxın neft hasil edilib. Bunun 6,2 milyon tonu emala verilib, qalan 1,9 milyon tonu isə ixraca yönəldilib.

ARDNŞ-in ixrac nefti Bakı-Novorossiysk kəməri ilə nəql olunur. Bu il hasilatın bir qədər də azalacağı gözlənilir. Nəticədə ARDNŞ hasil etdiyi neftin hamısını Bakıdakı neftayırma zavodlarına yönəldəcək və ixracı dayandıracaq.

ARDNŞ-in gələn ildən neft ixracını dayandırması Bakı-Novorossiysk kəmərinin də dayanması deməkdir. Onsuz da ARDNŞ bu kəmərlə neft nəqlinin baha başa gəlməsindən narazıdır.

Şirkətin vitse-prezidenti David Məmmədov bildirib ki, ARDNŞ Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin “Transneft” tərəfindən təqdim olunan tariflərindən narazıdır. Onun sözlərinə görə, tariflərə yenidən baxılmasına dair danışıqlar davam edir.

“Lakin Rusiya tərəfinin təqdim etdiyi qiymətlər bizi qane etmir. Nəticədə biz qarşılıqlı məqbul həll yolu tapmayana qədər kəmərin işi dayanacaq. Ola bilsin, biz gələcəkdə hansısa həcmdə neft alaq və onu Bakı-Novorossiysk kəməri ilə ixraca yönəldək” - deyə D.Məmmədov bildirib.

ARDNŞ rəsmisinin sözlərinə görə, Azərbaycan öz neftini Qərb istiqamətində - Bakı-Supsa və Bakı-Tiflis-Ceyhan (BTC) kəmərləri ilə nəql edəcək.

Hazırda Bakı-Novorossiysk kəməri Qazaxıstan neftinin hesabına minimal gücüylə işləyir. Bu günlərdə Rusiyanın “Rosneft” şirkətinin Direktorlar Şurasının məxfi iclası olub və həmin iclasda Bakı-Novorossiysk kəmərinin əks istiqamətə işlədilməsi, yəni Rusiya neftinin kəmərlə Bakıya, oradan isə BTC ilə Ceyhana nəqli məsələsinə baxılıb. Lakin şirkət bu layihə ilə bağlı bütün məlumatlara “məxfi” qrifi qoyub.

Bakı-Novorossiysk kəmərini istismar edən “Transneft” isə bu planlardan narahatdır. Çünki Rusiya neftinin BTC-yə vurulması kəmərin rentabelin daha da qaldıracaq. Onu da qeyd edək ki, gələn ildən Qazaxıstan da BTC ilə neft nəqlinə başlayacağını elan edib.

virtualaz.org


Teqlər:  





Xəbər lenti