“Titulu qorumaq daha çətindir” - Qurban Qurbanov

“Titulu qorumaq daha çətindir” -   Qurban Qurbanov
  06 May 2019    Oxunub:2077
"Futbolçularımızı, rəhbərliyimizi, azarkeşlərimizi təbrik etmək istəyirəm. Sonadək bizimlə oldular. Hər şey sonda bizim üçün uğurlu oldu ki, buna görə şadam"
Azvision.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov “Səbail”lə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Liderliyi ələ keçirdik, sonadək qoruduq. İstədiyiniz nöqtəyə çatmaqdan daha çətin orada qalmaqdır. Titulu qorumaq daha çətindir. Hər sonrakı çempionluq bizim üçün daha əziz olur. Çünki hər il əziyyət çəkirik. Hamını razı salmaq lazımdır", - deyə baş məşqçi bildirib.

Q.Qurbanov bəzi futbolçuların klubdan ayrılacağını vurğulayıb: "Ola bilər ki, heyətdə hansısa dəyişikliklər olacaq. Ancaq yenə də öz oyunumuzu oynamağa çalışacağıq. Hər bir futbolçu bizim üçün dəyərlidir. Ancaq bəziləri ilə yollar ayrılmalıdır və onların sayı çox deyil. Yeni futbolçularla bağlı axtarışımız gedir. Hələ Reynaldo barədə də qərar verməmişik. Onun “Neftçi”yə və ya başqa kluba keçmə ehtimalı barədə nəsə deyə bilmərəm”.

Qeyd edək ki, bu gün "Qarabağ" klubu Azərbaycan Premyer Liqasının 27-ci turunda "Səbail"ə qalib gələrək (4:0) ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə ölkə çempionu olub.

Azvision.az


Teqlər: QurbanQurbanov   QarabağFK  





Xəbər lenti