Bakıda yelkənli qayıq yarışı keçiriləcək

  06 May 2019    Oxunub : 726
Bakıda yelkənli qayıq yarışı keçiriləcək
Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən idman siyasəti, bu sahədə qazanılan nailiyyətlər sayəsində ölkəmiz beynəlxalq səviyyədə nüfuzlu dövlətlərdən biri kimi qəbul olunur.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən Azvision.az -a verilən məlumata görə, dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan idmançılarımız da bu etimadı layiqincə doğruldurlar. Elə bir mötəbər yarış yoxdur ki, orada ölkəmizi təmsil etməsinlər, medal və mükafatlar qazanmasınlar. Bu həm də müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarının vətənpərvərliyini göstərir. Sevindirici və qürurverici haldır ki, beynəlxalq yarışlarda uğur qazanan, Azərbaycanı layiqincə təmsil edənl ər arasında yelkənçilərimiz də var.

Azərbaycanda idmanın inkişafında danılmaz rolu olan, gələcək nəsillərin sağlam ruhda böyüməsi üçün hər zaman səylərini səfərbər edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF/SFA) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) birgə təşkilatçılığı ilə 9-11 may tarixlərində Bakı buxtasında Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2019”) keçiriləcək.

Regattanın ilk mərhələsi 9 may 2019-cu il saat 11:00-da Dənizkənarı Milli Parkda (Yaxt klub ərazisində) baş tutacaq. Həmin gün yelkənçilərin yarışına start veriləcək. Ümumilikdə 30 yelkənçinin iştirak edəcəyi yarışda idmançılar dörd sinif (“Optimist”, “Laser-standard”, “Laser 4.7” “Laser-radial”) üzrə mübarizə aparacaqlar.

Yarışa mayın 11-i yekun vurulacaq. Final günündə qaliblərin mükafatlandırılması ilə yanaşı, Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar da təşkil olunacaq.

Dənizkənarı Milli Parka bayram əhval ruhiyyəsi gətirəcək Yelkənli Qayıq Yarışı (Baku Sailing Regatta-2019) əylənmək, yarışı izləmək, yelkənli qayıq idman növü ilə yaxından tanış olmaq üçün əsl fürsət olacaq. Hər birinizi Baku Sailing Regatta-2019-da gözləyirik. Giriş sərbəstdir.

Xatırladaq ki, Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta) ikinci ildir ki, təşkil olunur. Ötən il keçirilən Regatta həm paytaxt sakinlərinin, həm də turistlərin böyük marağına səbəb olmuşdu.

Azvision.az

Teqlər: Qayıq   Yarış