Milli Məclisdə Qalmaqal: vitse-spiker deputata qəzəbləndi

Milli Məclisdə Qalmaqal: vitse-spiker deputata qəzəbləndi
  22 Noyabr 2013    Oxunub:1040
Parlamentin noyabrın 22-də keçirilən növbəti plenar iclasında birinci vitse- spiker Ziyafət Əsgərovla millət vəkili Qüdrət Həsənquliyev arasında qalmaqal yaranıb.
Buna səbəb isə millət vəkilinin Ədliyyə Nazirliyinin ünvanına sərt fikirlər səsləndirməsi olub. Belə ki, millət vəkili bir yerdə müzakirə edilən üç qanun layihəsi – “Mülki Məcəllədə dəyişikliklər edilməsi”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi” haqqında qanun layihələri barədə danışarkən sözügedən nazirliyin rəhbərliyinin ünvanına tənqidi fikirlərini ortaya qoyub:

“İlk öncə ədliyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edir, onları ədalətli olmağa, qanunlara əməl etməyə çağırıram. Eyni zamanda qeyd etmək istəyirəm ki, ictimai təşkilatların qeydiyyat məsələsində problem var. Hamıya yazırlar ki təşkilatın adı onun məzmunu ilə bağlı deyil. Həmçinin belə xəbərlər yayılır ki, dövlətdə hansısa nüfuzlu şəxslər qarantiya verməlidir ki, səni qeydə alsınlar. Bu, Azərbaycanı nüfuzdan salan haldır. Mən özüm hörmətli nazir Fikrət Məmmədov məclisdə olarkən də Ədliyyə Nazirliyinin QHT-lərə verdiyi cavab məktublarından birini burada oxudum. Aqil Abbasın dediyi kimi, əgər xüsusi xidmət orqanları buna zəmanət verilməlidirsə, onda qanuna belə bir müddəa salınmalıdır. Ədliyyə Nazirliyində vəziyyət bərbaddır. Məhkəmə qərarlarının icra məsələsi də burada dəfələrlə müzakirə edilib. Nazir müavinləri də işə müdaxilə edə bilmirlər. Ya nazir özü tapşırmalıdır, ya da tərəflərdən kimsə çox pul versə, məsələ onun xeyrinə həll edilir”.

Millət vəkilinin fikirləri Z. Əsgərovun sərt reaksiyasına səbəb olub. Vitse-spiker deputata cavab verib:

“Xahiş edirəm qanun layihəsi haqda danışın. Ayrı-ayrı şəxslər haqda danışmayın. Əlinizdə də faktlar yoxdur. Yekunlaşdırın”.
Q. Həsənquliyev də öz növbəsində deyib ki, o, deputatdır və istənilən məsələləri qaldırmağa borcludur. Həm də sözlərinə əlavə edib ki, onun əlində kifayət qədər faktları var və əgər lazımdırsa, onları təqdim edə bilər.

Z. Ələsgərov yenidən Q. Həsənquliyevin və ondan öncə çıxış edən İlyas İsmayılovun fikirlərinə münasibət bildirib: “Həm Qüdrət müəllim, həm İlyas İsmayılov burada qeydiyyatın məsələsi ilə bağlı fikirlər işlədirlər. Burada rəqəmin göstərilməməsi o demək deyil ki, məsələ özbaşına həll edilir. Biz məsələni burada müzakirə edirik. Amma hesab edirəm ki, müzakirələr predmetsiz getdi. Kim siyasi partiya və QHT adı eşidirsə dərhal bu haqda danışır. Burada söhbət kommersiya qurumlarından gedir. Siyasi Partiyalar və QHT-lər haqda qanunlar var. Özü də ən liberal qanunlardır. Hesab edirəm ki, son illər ədliyyə sahəsində aparılan islahatlar ən yaxşı islahatlardandır. Fikrimcə, belə fikirlərin səslənməsi ədalətsizlikdir”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti