"Qara qızılı insan qızılına çevirək"

"Qara qızılı insan qızılına çevirək"
  22 Noyabr 2013    Oxunub:1396
Noyabrın 22-də Azərbaycan Respublikası Təhsil Şurasının hesabat yığıncağı keçirilib.
AzVision.az xəbər verir ki, yığıncaq iştirakçılarını salamlayan Azərbaycan Respublikası Təhsil Şurasının sədri Əjdər Ağayev hesabat məruzəsi ilə çıxış edib.

Təhsil Şurasının Azərbaycanda təhsilin inkişafı ilə bağlı Təhsil Nazirliyi ilə səmərəli əməkdaşlığa hazır olduğunu vurğulayan Ə.Ağayev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təhsilin yeni keyfiyyət mərhələsinə yüksəlişinə zəmin yaratdığını nəzərə çatdırıb.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov tədbir iştirakçılarını salamlayıb və hesabat yığıncağının işinə uğurlar arzulayıb. Nazir son illərdə dövlət başçısı tərəfindən təhsilin inkişafı istiqamətində çoxsaylı uğurlara imza atıldığını bildirib.

Nazir qeyd edib ki, təhsil sistemi müstəqil Azərbaycanın milli dəyərlərini mənimsəmiş Azərbaycan vətəndaşı formalaşdırmalı, qloballaşan və müasir dünyada rəqabətədavamlı, peşəkar kompetensiyalara və biliklərə malik olan bir insan yetişdirməlidir. Ölkəmizin təhsil sisteminin və infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması isə əsas məqsədlərdən biridir. Qeyd olunan məqsədlərə nail olmaq üçün təhsil sistemində şəffaflığın təmin edilməsi, yeni yanaşmalarınn tətbiqi, müasir idarəetmə modelinə keçilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi və bu kimi digər məsələlərə xüsusi diqqət yetirilməlidir.

Təhsil naziri Xaricdə təhsil üzrə Dövlət Proqramının unikal layihə olduğunu vurğulayaraq, yeni çağırışların Azərbaycanın gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu tələblərin qiymətləndirilməsi baxımından əsası ötən əsrin 70-ci illərində ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu ənənənin davam etdirilməsinin vacibliyinə diqqət çəkib.
Nazir Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təhsilin XXI əsrin çağırışlarına uyğun inkişaf üfüqlərini özündə ehtiva etdiyini və təhsilin bütün pillələrində keyfiyyətcə yeni mərhələyə başlamağı - "qara qızılı insan qızılına çevirək" fəlsəfəsini əsas vəzifə kimi qarşıya qoyduğunu söyləyib.

O, qeyd edib ki, Dövlət Strategiyası bizə təhsil sahəsində indiyədək mövcud olan vəziyyəti qiymətləndirməyə və qarşımızda duran yeni hədəfləri müəyyənləşdirməyə imkan verəcək. Bu sənəd cəmiyyətin bütün spektrini və fəaliyyət sahəsini - təhsilverəndən təhsilalanadək, valideyndən təhsili idarə edənədək, infrastrukturdan maliyyə mexanizminədək əhatə edir.

Təhsil naziri Azərbaycan təhsilinin yeni keyfiyyət mərhələsinə keçidi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Strategiyada nəzərdə tutulan digər məsələlərə toxunan təhsil naziri təhsilverənlərin peşəkar bilik, bacarıq və vərdişlərinin təkmilləşdirilməsi, təhsilin məzmunu, orta təhsil pilləsinin qarşısında duran yeni tələblər, ali təhsil pilləsinin keyfiyyətcə yeni yanaşmalara uyğun inkişaf prioritetləri haqqında öz fikirlərini bildirib.

Nazir qeyd edib ki, Dövlət Strategiyasında təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflərdəndir.

Təhsil naziri bildirib ki, Azərbaycanda ümumi təhsildə dərs ili 32 həftədən ibarətdir. Orta Avropa göstəricisində isə bu, 38 həftədən ibarətdir. Akademik il ərzində 6 həftə fərqin nə demək olduğunu deməyə ehtiyac yoxdur. Əgər ölkədə akademik ilin 32 həftədən ibarət olduğunu nəzərə alsaq, o zaman nəticələri də qəbul etməliyik. Çünki biz şagirdə biliyi 32 həftə ərzində veririk.

Nazir qeyd edib ki, Azərbaycan məktəb sistemində çalışan 170 minə yaxın müəllimin təxminən 4 faizi 1-5 saat dərs yükünə malikdir: “Bu kimi məsələlər və məhdudiyyətlər bizə imkan verir ki, optimallaşdırmanı tez bir zamanda həyata keçirə bilək”.

Ümumtəhsil məktəblərinin işinin müasir tələblər səviyyəsinə qaldırılması, müəllim peşəsinin nüfuzunun yüksəldilməsi, müəllimlərin əmək haqqı, rəqabət mühiti yaradan stimullaşdırma, dərsliklərin hazırlanması prosesində ali məktəb müəllimlərinin potensialından istifadə haqqında fikirlərini bildirən təhsil naziri, həmçinin dərsliklərin qiymətləndirilməsində QHT-lərin rolu, valideynlərin məktəb idarəçiliyində iştirakı, uşaqların fiziki və bədii-estetik cəhətdən inkişafı, ali təhsil müəssisələrində ixtisaslı kadrların əmək bazarının tələblərinə uyğun hazırlanması, təhsil müəssisələrinin reytinq sisteminin yaradılması və digər məsələlərə toxunub.

Nazir qeyd edib ki, şəxsiyyətyönümlü təhsil yalnız dərsliyin dəyişdirilməsi ilə kifayətlənmir. Bu, təhsilverənlə təhsilalan arasında ünsiyyətin təbiətinin də dəyişilməsini zərurətə çevirir:
“İllərlə, on illərlə vərdiş olunmuş işə yanaşmaların yenidən baxılması və yeni məzmunundan necə istifadə edilməsi əsasdır. Təhsil sistemində mövcud olan müəllim ordusu, ali məktəblərdə, orta ixtisas təhsilində yeni məzmunun, məqsədlərin nədən ibarət olduğunu çatdıra bilirikmi və bu, gündəlik fəaliyyətdə hansı məsələlərin həllini tələb edir?”

Dövlət Strategiyasının icrası istiqamətində Təhsil Nazirliyi və Respublika Təhsil Şurası arasında faydalı əməkdaşlıq əlaqələrinin yaradılmasının zəruriliyini qeyd edən nazir strategiyada nəzərdə tutulan hədəflərə nail olunması üçün mövcud problemlərin həlli yollarının birgə araşdırılmasının və bu işdə pedaqoqların yeni təşəbbüslərlə çıxış etməsinin, təhlillərin aparılmasının əhəmiyyətini nəzərə çatdırıb.

Təhsil naziri onu da bildirib ki, ölkəmizdə təhsilin inkişafı bizdən, bizim fəaliyyətimizdən, məsuliyyətimizdən, bu gün üzərimizə düşən vəzifələri necə yerinə yetirəcəyimizdən birbaşa asılıdır.


Teqlər:





Xəbər lenti