“Sinif yoldaşları” Milli Dram Teatrında

“Sinif yoldaşları” Milli Dram Teatrında
  14 May 2019    Oxunub:2789
Mayın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan “Sinif yoldaşları” tamaşası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir.

Yeni yaradıcılıq işində teatrın məşhur və sevilən aktyorları – Xalq artistləri Ramiz Novruz, Cəfər Namiq Kamal, Səidə Quliyeva, Əməkdar artistlər Sənubər İsgəndərli , Şəlalə Şahvələdqızı, Füzuli Hüseynov, Rövşən Kərimduxt, aktyorlar Mətləb Abdullayev, İlahə Həsənova, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Ziya Ağa, Vüsal Məmmədov və Mehman Fətullayev çıxış edəcək.

Əsər Azərbaycan dilinə yazıçı Etimad Başkeçid tərəfindən tərcümə olunub.

Tamaşa sinif yoldaşlarının 20 il sonrakı görüşü, yaxud insan mənəviyyatının deqradasiyası haqqındadır. Müharibədən - həyatın müxtəlif imtahanlarından çıxan sinif yoldaşları müharibə əlili İvanın ad günündə təkcə sosial vəziyyətlərindəki böhranı göstərmir, eyni zamanda, mənəvi simalarını hansı şəkildə itirdiklərini də tamaşaçıya nümayiş etdirirlər. “Sinif yoldaşları” tamaşası təkcə ölkəmizin mədəni həyatındakı hadisə deyil, həm də Rusiya-Azərbaycan teatr əlaqələrində körpü rolunu oynayan növbəti uğurlu addımdır.

Qeyd edək ki, Yuri Polyokov “Əmrə yüz gün qalmış”, “Rayon miqyaslı fövqəladə vəziyyət”, “Süddə çəpiş” romanları ilə məşhurlaşıb. Əsərləri əsasında iyirmiyə yaxın bədii film çəkilib, pyesləri çoxlu sayda teatr səhnələrində tamaşaya qoyulub. O, Moskvada nəşr olunan “Literaturnaya qazeta”nın baş redaktoru, Rusiya Dramaturqlar Gildiyasının sədridir.

Azvision.az



Teqlər: Teatr  





Xəbər lenti