Mehriban Əliyeva Parisdə keçirilən sərgidə - FOTOLAR

  23 Noyabr 2013    Oxunub : 2158
Mehriban Əliyeva Parisdə keçirilən sərgidə - FOTOLAR
Noyabrın 22-də Parisdəki Mədəniyyət mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən "Azərbaycan - tolerantlıq məkanı" adlı foto sərgisi açılıb.

Sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak edib.

Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı, vitse-prezident Leyla Əliyevanı və qonaqları salamlamış, "Azərbaycan tolerantlıq məkanı" adlı sərgidə nümayiş etdirilən fotoların müəllifi Reza Deqatinin Azərbaycanın, həmçinin Fransanın böyük dostu olduğunu bildirib.

Səfir sərgidəki fotoların dünyanın bir çox ölkələrində tolerantlığın mövcud olduğunu bildirmiş, sərginin bir qədər əvvəl UNESCO-da nümayiş etdirildiyini xatırladıb.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edərək bildirib ki, müxtəlif dini və etnik mənsubiyyətə malik insanların Azərbaycanda əsrlər boyu dinc yanaşı yaşaması ölkəmizdə möhkəm və sağlam təməllər üzərində qurulmuş və qarşılıqlı hörmətə əsaslanan tolerant cəmiyyət modelinin özünəməxsus və unikal formasının yaranmasına səbəb olub.

Leyla Əliyeva qeyd edib ki, multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir və bu gün ölkəmizdə mədəniyyətlərarası və dini tolerantlığı tərənnüm edən fotosərginin nümayişi məhz Azərbaycan dövlətinin bu milli xüsusiyyətin qoruyub saxlanması, daha da inkişaf etdirilməsi və dünyada təbliği istiqamətindəki ardıcıl və davamlı siyasətinin bariz nümunəsidir.

Fransa Senatının Qafqaz-Azərbaycan dostluq qrupunun üzvü Jan-Mari Bokel sərgidə nümayiş etdirilən fotolardan mütəəssir olduğunu bildirib və qeyd edib ki, bu gün multikulturalizmi siyasi dövriyyədən çıxarmağa çalışan bir sıra Avropa dövlətlərindən fərqli olaraq dini və mədəni tolerantlığı dövlət siyasətinin mühüm elementinə çevirə bilmiş Azərbaycanı bu nailiyyətlərinə görə yalnız alqışlamaq olar.

Senator bu yaxınlarda Azərbaycana səfər etdiyini, Gəncədə olduğunu xatırlatmış, ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dostluq və mehriban şəraitdə yaşadığını, Azərbaycandakı tolerantlığın digər ölkələrə nümunə olduğunu, həmkarlarının Azərbaycanın dostu olduğunu, tolerantlığın insanlar arasında ünsiyyət yaratması istiqamətində əhəmiyyətini vurğulamış, bütün dünyada qorxu hökm sürdüyü bir vaxtda tolerantlığın vacibliyini diqqətə çəkib.

İSESKO-nun baş direktoru Dr. Əbduləziz Osman Əl-Tüveycri bildirmişdir ki, müstəqillik qazandıqdan sonra Azərbaycan yüksək sürətlə inkişaf etməklə yanaşı, tarix boyu bu ölkədə formalaşmış mədəni və dini müxtəlifliyin unikal harmoniyasının yaranmasına nail olub. Məhz bu cəhətdən Azərbaycan dünyanın bir çox ölkələrinə, xüsusilə də İslam coğrafiyasının dövlətlərinə nümunə ola bilər.

Baş direktor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, ölkəmizin ərazilərinin işğal edilməsini müasir sivil dünya üçün dözülməz fakt olduğunu bildirmiş və torpaqlarımızın tezliklə azad olmasına çağırıb.

Sərgidə nümayiş etdirilən fotoların müəllifi, Parisdə yaşayan dünyanın tanınmış fotoqraflarından biri, əslən azərbaycanlı olan Reza Deqati sərgi iştirakçılarına Azərbaycanda rastlaşdığı dözümlülük mühitinin dünyada unikal modellərdən biri olduğunu vurğulamış, Heydər Əliyev Fonduna bu nəcib təşəbbüsə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Sərgidə Fransanın dövlət və hökumət rəsmləri, UNESCO-nun baş direktoru, Parisin VII rayonunun meri, senatorlar, deputatlar, tanınmış incəsənət ustaları, fransız ictimaiyyətinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarından ibarət 500 qonaq iştirak edib.

Foto


Teqlər: