- Serial çəkilişindəyəm, doğum günlərimi təmtəraqlı qeyd edən deyiləm. Yalnız 70 illik yubileyimi keçirməyi düşünürəm.
- 69 yaşınız tamam olur, deyirlər ki, yaş kişi üçün var-dövlətdir. Bəs, siz necə düşünürsünüz?
- Qocalıq, yaşın çoxluğu zirvədir. İnsan müdrikləşir, kamilləşir, yaşa dolduqca həyatı daha yaxşı başa düşür.
- Sizi indi müdrik insan hesab etmək olar?
- Onu şəxsin özü deyə bilməz. Bir adam haqqında yaxşını, pisi kənardan soruşarlar. Özü deməməlidir. Bu düzgün deyil, təvazükarlıqdan uzaqdır.

- Bəs, yaşa dolduqca başa düşdüyünüz nə oldu?
- Başa düşdüm ki, düzgün olmaq, həqiqəti dərk etmək, insanları başa düşmək, yaxşılıq etmək, xoş rəftar göstərmək lazımdır. Biz gəldi gedərik, qalan isə yaxşılığımız və qazandığımız rəhmət sözü, əməllərimizdir.
- Sizdən sonra insanların yaddaşında nə qalacaq?
- Məndən sonra insanların yaddaşında obrazlarım qalacaq. Obrazlarımı insanlar necə qəbul ediblərsə, qavrayıblarsa, dərk ediblərsə, onların özləri bilər.
- 69-dan geriyə boylansanız, ən çox hansı illəriniz üçün darıxarsınız?
- Təbii ki, yardıcılıqla daha çox məşğul olduğum illər yadıma düşür. 1982-ci ildən sonra 20-30 il ərzində teatrda işlədiyim, filmlərə çəkildiyim vaxtları yada salıram. O illəri unutmaq qeyri-mümkündür. Həmin illərdə yaratdığım obrazlar dünyaya gəliblər, insanları maraqlandırıb cəlb ediblər. Arxaya baxanda obrazlarımı görürəm.

- Daha çox hansı obrazınız üçün darıxırsınız?
- “Qaynana”da Əli rolu, “Bəyin oğurlanması”da Miriş obrazı üçün darıxıram. Həyatın özü Mirişin “salam” və “sağ ol”undan ibarətdir. Gəlirəm "salam" deyirəm, gedirəm "sağ ol" deyirəm.
- Ad gününüzdə sizə nə hədiyyə olunmasını istərdiniz?
- Maddi kömək olsa, özüm haqqında film çəkərdim. O filmdə göstərmək istərdim ki, zəhmətlə qazanılmış sənət həmişə səni irəli aparır, sevdirir.
- Sizin üçün stimul nədir, yaxud nədən güc alırsınız?
- Stimul odur ki, mən bu gün də fəaliyyətdəyəm. Televiziya verilişlərində oluram, seriallara çəkilirəm. Filmlərə dəvət alıram. Toylar olanda ora gedirəm. İşləyirəm, fəaliyyətdəyəm. Bax, budur mənim üçün stimul.
- Nəvələriniz sizi necə təbrik etdilər?

- 4 nəvəm var, məktəbdə oxuyurlar. Adımı daşıyan Arif adlı nəvəm 8-ci sinif şagirdidir. Nəvələr səhər ağızları yağ- pendirli gəlib məni öpüblər. Bunun özü də bir gözəllikdir.
- Darıxmırsınız ki?
- Qəti darıxmıram, məndə darıxmaq pozisiyası yoxdur.
- Maddi imkanınız yol versəydi, doğum gününüzü xarici ölkələrdən birində keçirmək istərdinizmi?
- Mən xaricə getməyi o qədər də arzulamıram. Ən ucqar bir kəndə konsertə getmək istərdim. Uzaqda olan insanlar qoy məni görsünlər. Xaricdə çox az olmuşam. Təyyarəyə minə bilmirəm. Doğrudur, bir neçə dəfə minmişəm. Haradasa 15-20 il əvvəl olub.
Şahanə Rəhimli
Azvision.az