Türkdilli ölkələrin ortaq televiziyası yaradılır
Türkdilli ölkələrdə təhsil alan şagirlər üçün ortaq tarix kitabının hazırlanmasına gələn ilin mart ayından başlanılacaq.
AzVision.az xəbər verir ki, bu barədə dünən Türkiyənin Eskişehir şəhərində Türkdilli ölkələrin təhsil nazirlərinin II toplantısında qərar verilib. Kitabın yazılmasında məqsəd türkdilli ölkələrdə ortaq şüurun yaradılmasıdır.
Bildirilib ki, Qazaxıstanın paytaxtı Astanada yerləşən Türk Akademiyasında mütəxəssislər 2014-cü ilin mart ayından kitabı yazmağa başlayacaqlar. Kitabın qısa vaxt ərzində başa çatması planlaşdırılır. Eyni zamanda türkdilli ölkələrin ortaq televiziyası məsələsi ilə bağlı da iclasda müzakirələr gedib.
Qərara alınıb ki, ortaq televiziya yaradılana qədər mövcud olan beynəlxalq imkanlardan istifadə edilsin. Eləcə də bu çərçivədə uşaqlar üçün türk qəhrəmanlarının obrazları olan cizgi filmlər çəkilsin və bununla Türk tarixi izah edilsin.
Sonda qərara alınıb ki, gələn il bu iclas Azərbaycanda keçirilsin.
Qeyd edək ki, "Eskişehir-türk dünyasının 2013-cü il mədəniyyət paytaxtı" tədbirləri çərçivəsində keçirilmiş toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov, Qırğızıstanın təhsil və elm naziri Kanat Sadıkov, Qazaxıstanın Elm Komitəsinin sədri Nurlan Yıbırdım, Türkiyə milli təhsil naziri müavininin köməkçisi Salih Çelik iştirak ediblər.
Sevinc İltifatqızı