İlham Əliyev etimadnamələri qəbul etdi

İlham Əliyev etimadnamələri qəbul etdi
  23 Noyabr 2013    Oxunub:1170
Prezident İlham Əliyev Yaponiya və Yeni Zelandiyanın yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşinin etimadnaməsini qəbul edib.

Səfir Tsuquo Takahaşi fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Tsuquo Takahaşi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirdi. Səfir Tsuquo Takahaşinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə də əməkdaşlığımızın dinamik şəkildə inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev ona uğurlar arzuladı.

Ötən il Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyinin qeyd olunduğunu vurğulayan səfir Tsuquo Takahaşi ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğuladı.

Diplomat Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

Respublika Prezidenti bu gün, həmçinin Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Taha Makfersonun etimadnaməsini qəbul edib.

Səfir Taha Makferson fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Taha Makferson etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Yeni Zelandiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayan dövlətimizin başçısı əməkdaşlıq imkanlarının araşdırılmasının və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin önəmini qeyd etdi.

Səfir Taha Makferson yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.


Teqlər:  





Xəbər lenti