Şəkidə Rasim Ocaqov 80 tədbiri FOTOLARDA

Şəkidə Rasim Ocaqov 80 tədbiri FOTOLARDA
  24 Noyabr 2013    Oxunub:4384
Şəkidə görkəmli kinorejissor Rasim Ocaqovun 80 illik yubileyi qeyd olundu.

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika Dövlət mükafatları laureatı, Xalq Artisti Rasim Ocaqovun anadan olmasının 80 illik yubileyi noyabrın 23-də onun doğulub boya-başa çatdığı Şəki şəhərində böyük sevgi və məhəbbətlə qeyd olundu.

Yubiley tədbirində sənətkarın ailə üzvləri, yaxınları, sənət dostları, respublikamızın tanınmış mədəniyyət və incəsənət xadimləri, aktyorlar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, şəhər rəhbərliyi və qonaqlar əvvəlcə Rasim Ocaqovun şəhərin Sülh meydanında (“Güyümlər” dairəsi) qoyulan barelyefi önünə əklil qoyub, gül-çiçək düzüb, sənətkarın xatirəsini ehtiramla yad etdilər. 2008-ci ildə görkəmli kinorejissorun 75 illiyi münasibətilə qoyulan bu barelyefin müəllifi Xalq Rəssamı Natiq Əliyevdir.

Sonra yubiley tədbiri əsaslı təmir olunan və yenidən qurulan Şəki Dövlət Dram Teatrında davam etdirilib. Tədbir iştirakçıları teatrın foyesində kinorejissorun həyat və yaradıcılığından bəhs edən fotosərgiyə baxıblar. Kinorejissorun çəkdiyi filmlərdən fraqmentlər, filmlərində rol almış aktyorların yaratdıqları obrazlar, çəkiliş meydançalarından görüntülər və digər fotolar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Tədbiri şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq nəinki Azərbaycanın, eləcə də keçmiş sovetlər birliyinin kino mədəniyyəti tarixində özünəməxsus yeri olan kinorejissor Rasim Ocaqovun 80 illik yubileyinin onun doğulduğu Şəki şəhərində keçirilməsinin şəhərin mədəni həyatı üçün çox əlamətdar hadisə olduğunu bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar demişdir ki, Şəki böyük insanların - Mirzə Fətəlinin, Sabit Rəhmanın, Bəxtiyar Vahabzadənin, eləcə də Rasim Ocaqovun Vətənidir. Rasim Ocaqov Şəkidə böyüyüb, boya-başa çatıb, eyni zamanda, bu şəhərdə də Şəkini, şəkililəri tərənnüm edib, şəkililərin ölməz, maraqlı obrazlarını yaradıb. Ona görə də Azərbaycan Prezidentinin Sərəncamına əsasən, onun yubileyinin Bakıdan sonra Şəkidə keçirilməsi heç də təsadüfi deyildir və olduqca əlamətdardır. Bir az əvvəl biz Rasim Ocaqovun barelyefi önünə gül-çiçək düzdük. Mən inanıram ki, gələcəkdə Şəkidə Rasimin xatirə muzeyi də olacaq, onun xatirəsi həmişə xalqımızın yaddaşında yaşayacaqdır. Fəxr edirəm ki, mənim ssenarilərim əsasında çəkilmiş “Təhminə” və “Otel otağı” filmlərinin də rejissoru məhz Rasim Ocaqov olmuşdur. Rasim Ocaqovla uzun müddət birgə çalışan kinooperatorlar Kənan Məmmədov və Rafiq Qəmbərov çıxış edərək görkəmli sənətkarla bağlı xatirələrini bölüşüblər.

Sonra yubiley tədbiri teatrın geniş salonunda bədii proqramla davam etmişdir. Salona toplaşanlar Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədovanı, Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyevi, Xalq artistləri Fəxrəddin Manafov, Hacı İsmayılov, Nuriyyə Əhmədova və digər tanınmış incəsənət xadimlərini alqışlarla qarşılayıb.

Daha sonra Rasim Ocaqovun həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub. Diqqətə çatdırıldı ki, Rasim Ocaqovun yaradıcılığı Azərbaycan kino mədəniyyəti tarixində xüsusi bir mərhələni təşkil edir. 1933-cü il noyabrın 22-də Şəki şəhərində anadan olan R.Ocaqov 1951-ci ildə bu şəhərdə orta məktəbi bitirərək, Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olub. 1956-cı ildə həmin institutu müvəffəqiyyətlə başa vuran Rasim Ocaqov daha sonra, 1961-1967-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunda rejissorluq fakültəsində təhsil alıb.

Bildirilmişdir ki, əmək fəaliyyətinə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi başlayan Rasim Ocaqov bütün ömrünü kino sənətinə həsr edib. Onun operator kimi işlədiyi “Əsl dost”, “Bizim küçə”, “Sən niyə susursan?”, “Bir cənub şəhərində” və digər ekran əsərləri, rejissorluğu ilə çəkilən “Qatır Məmməd”, “Tütək səsi”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı arxasında”, “Park”, “Başqa həyat”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və digər filmlər milli kino salnaməmizdə unudulmaz izlər buraxmışdır. Yubiley gecəsində Rasim Ocaqovun filmlərində çəkilən Azərbaycanın görkəmli aktyorları, sənət dostları çıxış edərək kinorejissorla bağlı xatirələrini danışıblar.

Görkəmli kinorejissorun ailə üzvlərinə xatirə hədiyyəsi təqdim edildi.

Qalereya




Teqlər:





Xəbər lenti