Azərbaycanda “facebook” inqilabına ayrılan 2 milyon dollar –Sensasion iddia

Azərbaycanda “facebook” inqilabına ayrılan 2 milyon dollar –Sensasion iddia
  11 Mart 2013    Oxunub:2339
Milli Demokratiya İnstitutu ölkədə “facebook inqilabı”nı reallaşdırmaq üçün milyonlar xərcləyib.
Jurnalist Eynulla Fətullayev rəhbərlik etdiyi “haqqın.az” saytında sensasion məqalə ilə çıxış edib. Jurnalist ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən Milli Demokratiya İnstitutunun ölkədə “facebook inqilabı”nı reallaşdırmaq üçün 2 milyon dollar maliyyə vəsaiti ayırdığını iddia edib. AzVison.az məqalənin tam mətnini təqdim edir:

2011-ci il martın 7-də, “ərəb baharının” qızğın çağlarında ABŞ-ın Milli Demokratiya İnstitunun nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs Azərbaycanın Ədliyyə Nazirliyinə dəvət olunub və ona Azərbaycanda rəhbərlik etdiyi nümayəndəliyin bağlanması tələbi ilə bağlı məktub təqdim edilib. O vaxtkı hökumət institutun Azərbaycanda fəaliyyətinin milli qanunvericiliyə edilən düzəlişlərə zidd olduğunu bəhanə gətirirdi. NDİ-ın Azərbaycan hökumətinə institutun qeydiyyatı ilə bağlı dəfələrlə müraciətinə baxmayaraq, hökumət 2006-cı ildə buna etiraz edib və ABŞ səfirliyinin, USAİD-in, eləcə də İnstitutun rəhbərliyinin bütün cəhdləri boşa çıxıb.

Əliyev xanım Olbrayrta etiraz etməyib

Nümayəndəliyin bağlanılmasından dərhal sonra ABŞ səfirliyi hökumət məmurları ilə fəal məsləhətləşmələrə başlayır, müxtəlif arqumentlər irəli sürür, hökumətin qərarını dəyişə bilmək üçün bütün mümkün imkanlarından istifadə edir. Ancaq heç bir faydası olmur. Bundan başqa, 3 gündən sonra hökumət daha bir nümayəndəliyin- Norveçin “İnsan hüquqları evi” Beynəlxalq Fondunun fəaliyyətini dondurur. Martın 10-da Ədliyyə Nazirliyi bu qurumun da qeydiyyatını ləvğ edir.

2011-ci il martın 22-də NDİ-un Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs Bakıdan Gürcüstana yola düşür. Bununla yanaşı, İnstitutun fəaliyyəti yenidən bərpa olunana qədər Bakı ilə əlaqəsini kəsmir. İyun , iyul, sentyabr aylarında Bakıya səfər edir. Aydın idi ki, o da Norveç fondunun bağlanılmasına baxmayaraq, fəaliyyətinə davam edən yerli hüquq müdafiəçisi Vüqar Qocayev kimi institutun rəhbəri səlahiyyətlərini davam etdirirdi.

2011-ci ilin payızında ABŞ Milli Demokratiya İnstitunun rəhbəri ,keçmiş dövlət katibi Madlen Olbrayt şəxsən, prezident Heydər Əliyevə müraciət edərək Azərbaycanda institutun fəaliyyətinin bərpa olunmasını xahiş edir. Dövlət başçısı Vaşinqtonda Əliyev hökumətinin maraqlarının lobbiləşdirilməsində mühüm rol oyanayan bir insana etiraz edə bilmir. Hələ Heydər Əliyevin hakimiyyəti dövründə, M. OLbraytla o vaxtkı hökuməti sıx bağlar birləşdirirdi. Elə bizim hökumət də özünü Amerikanın nüfuzlu təmsilçilərindən biri olan və bu gün də demokratlar administrasiyasında kifayət qədər təsir gücünə sahib Madlen Olbrayrta borclu hesab edir. Olbraytın müraciəti isə Ağ Evin Ermənistan-Türkiyə sərhədlərinin açılması üçün göstərdiyi təşəbbüsdən sonra Bakı ilə Vaşinqton arasında “soyuq müharibə”nin pik həddə çatdığı bir vaxta təsadüf edirdi. Əliyev hökuməti Obama administrasiyası ilə münasibətlərin normallaşmasında maraqlı idi, bu baxımdan Olbraytın xahişi lap yerinə düşmüşdü- Vaşinqtonla əlaqələri yenidən bərpa etmək üçün hökumətin əlinə bir fürsət keçdi.

Bu İnstitutun fəaliyyətinin bərpa edilməsi, sözsüz ki, Amerikanın strateji maraq dairəsində idi. Amerikanın siyasi təsirinin digər bir dayağı- respublikaçılar İnstitutu da Azərbaycanda fəaliyyətini dayandırması vəziyyəti daha da çətinləşdirmişdi. Buna səbəb isə amerika hökuməti ilə bu institunun ölkəmizdə funksiyaları çərçivəsində fikir ayrılığı idi. Milli Demokratiya İnstitutu ölkədə yeganə və ictimai əhval-ruhiyyəni manipulyasiya üçün mühüm vasitə idi.

Norveçin narazılığı

Beləliklə, 2011-ci ildə İlham Əliyev Amerikanın bir çox ölkələrdə əsas siyasi təsir ocaqlarından biri olan İnstitutun fəaliyyətinin bərpa olunmasına razılıq verdi. Bir sıra beynəlxalq ekspertlər,eləcə də Rusiyanın xüsusi xidmət orqanları bu qərarı bir çox məqamlarda böyük risk kimi dəyərləndirirdilər. Belə ki, məhz ABŞ Milli Demokratiya İnstitutu postsovet məkanında rəngli inqilabların təşkilində və maliyyələşdirilməsində rol oynamışdı.
Onu da qeyd edək ki, NDİ-un Bakıda fəaliyyətinin bərpasından sonra, konfedensial müzakirələr zamanı norveçlilər rəsmi Bakı qarşısında institutun problemlərini qaldıran amerikalıların fəaliyyəti ilə bağlı narazlıqlarını ifadə etməyə başladılar, lakin NDİ ilə eyni vaxtda bağlanan norveç fondu ilə bağlı bir söz belə demədilər.

Demək,demokratik həmrəliyi unudublar! Öz şəxsi söhbətləri zamanı Norveç Fondunun təmsilçiləri açıq aşkar bəyan edirdilər ki, NDİ-dan fərqli olaraq onlar fəaliyyətlərinin İ.Əliyev hökumətinin amerikalıklara təklif etdiyi birtərəfli şərtlər altında bərpa edilməsinin əleyhinədirlər. Söhbət NDİ təmsilçilərinin götürdükləri öhtəliklərdən gedir, onlar həmin öhtəliklərlə razılaşmırdılar.

O vaxtkı Amerika səfiri Ən Darsinin təbiri ilə desək, amerikalıların yeganə ümidi olan “amerikalıların Azərbaycan üzrə yeni doktrinası”, faktiki olaraq siyasi partiyaların maliyyələşdirilməsi və fəal, ümidləri doğrulda biləcək gənclər üçün treninqlər keçirilməsini nəzərdə tutan əvvəlki proqramından əl çəkmiş NDİ-nin yeni konsepsiyasında əks olunurdu. NDİ-nin nümayəndələri, eləcə də xidməti çərçivəsində Azərbaycana tez-tez səfər edən missiyanın rəhbəri Aleks Qriqoryevs bunu gizlətmirdi. Azərbaycan üçün hazırlanmış konsepsiya və burda həyata keçirilən proqram digər ölkələrdə, o cümlədən Ukrayna və Moldaviyada həyat keçirilən proqramlardan tamamilə fərqlənirdi. Beləliklə də, Vaşinqton başbilənlərinin gözündə zəif xarici əlaqələrdən baş açmayan, etibarsız, illərdir bütün resurslarını tükətmiş Azərbaycan müxalifətinə inamını itirmiş amerikalılar gənclərdən istifadə etməyə başladılar.

NDİ- məsələnin tarixi

NDİ- tamamilə qapalı və qeyri-şəffaf bir təşkilatdır. Rəsmi olaraq qrant vermək səlahiyyəti olmamasına baxmayaraq, bəzi siyasi layihələri(xüsusilə də bizim regionda) maliyyələşdirməklə məşğuldur. Bu təşkilatın saytında çoxsaylı proqramların həyata keçirilməsi ilə bağlı məlumatlara rast gəlinir, lakin həmin layihələrin maliyyələşdirilməsi ilə bağlı məlumatlat gizli saxlanılır.
NDİ demək olar ki, bütün rəngli inqilabların təşkilini və maliyyələşdirilməsini həyata keçirib. Bu institutun Ukraynada baş verən inqilablar prosesində oynadığı rol hər kəsə məlumdur. Bunu inqilabın liderləri Yuşenko və Timoşenko da açıq şəkildə bəyan ediblər (inqilabdan dərhal sonra Timoşenko M. Olbrayta təşəkkür məktubu da göndərib). Gürcüstanda “qızılgül inqilabı” dramı məhz bu institun başının altından çıxıb və hər şey gözümüzün önündə cərəyan edib. Moldovada, prezident Voronin missiyanın rəhbərini aşkar şəkildə aksiyaların təşkilində günahlandırırdı. NDİ öz əməllərini demək olar ki, bütün respublikalarda həyata keçirir və niyyətinə çatandan sonra yavaş-yavaş geri çəkilirdi. Bu qurumun siyasi kataklizmaların təşkilində əlaqəsi göz qabağında idi.

Həm NDİ, həm də onunla əlbir, Amerikanın digər qlobal fondu NED (Demokratiyaya Dəstək Milli Fondu) Amerikanın xüsusi xidmət orqanları ilə sıx əlaqə saxlayırlar. Bu institutların Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları Otto Rayx, Con Neqroponte, Henri Çisner, Eliot Abramsla (bu siyahını davam etdirmək olar) birgə çalışdığından əmin olmaq üçün onların formalaşdırılması tarixinə nəzər salmaq kifayətdir. Yeri gəlmişkən, NDİ-la əlaqəsi olan NED fondu hazırda Azərbaycan vətəndaş cəmiyyətləri institutlarına qrant ayıran əsas qurumdur. Bununla yanaşı, bu fondlar öz fəaliyyətləri çərçivəsində əsasən qeydiyyatdan keçməmiş cəmiyyətlərlə əməkdaşlıq edir. Bu, təkcə Azərbaycanda yox, Rusiyada və Moldovoda da belədir. Xatırladaq ki, 2006-cı ildə Moldovada QHT-lərə xaricdən, eləcə də anonim şəxslərdən maliyyə dəstəyi alınmasını qadağan edən, xarici vətəndaşlara isə yerli QHT-lərlə əməkdaşlığa icazə verməyən qanun qəbul edilib. Belə bir qanun, daha dəqiq desək düzəlişlər Moldovadan xeyli sonra Azərbaycanda da qəbul edilib. Lakin qadağanlara baxmayaraq Moldova təşkilatları demokratiyanın inkişafına yönəldilmiş qrantlar almağa davam edirlər. Onların əsas donoru isə məhz NDİ-dir.

Həmin Aleks

Gürcüstanda inqilabçılar onu - “ata”, Moldovada - ”ali baş komandan”, Ukraynada - “ demokratiya elçisi”, Rusiyada – “baş mitinq nəzəriyyəçisi” adlandırırdılar. Bu insan harda olsaydı, orada qarşıdumalar yaranır, onun ayağı dəyən yerdə inqilablar baş qaldırırdı, sosial –siyasi formasiyaların dəyişməsi ilə nəticələnən tektonik proseslər baş verirdi.

Bakıda Aleks Qriqoryevs ilk dəfə 2009 cu il dekabrın 15-də NDİ-nin rəhbəri qismində peyda oldu. O zaman Amerika-Azərbaycan qarşıdurması pik həddə çatmışdı. Azərbaycanda da o, tez-tez öz ənənəvi zarafatını təkrar edirdi : “ Mən gəldim. Necə düşünürsünüz, inqilab başlayacaq?” Etirazçı gənclər sözügedən institutun baş nəzəriyyəçisinin təyinatını böyük coşqu ilə qarşıladılar.

Aleks Qriqoryevs Şərqi Avropa və keçmiş Sovet İttifaqı üzrə məşhur ekspert kimi tanınırdı. Əliyev hökumətinin baş inqilabçını sakit Bakı küçələrində necə vəsvəsə və qorxu hissi ilə qarşıladığını təsəvvür etmək olar. Aleks Qriqoryevs əvvəllər də Bakı küçələrində olmuşdu. İlk dəfə o, Bakıya iqtidar və müxalifətin müqəddaratını həll edən 2000-ci il parlament seçkiləri ərəfəsində gəlmişdi. Həmin dövrdə, bəlkə də, hakimiyyət “As”ın əlində olduğuna görə Aleks öz inqilab istəyini gerçəkləşdirə bilmədi. Bununla yanaşı o, keçmiş Sovet İttifaqının digər ölkələrində öz qlobal planını həyata keçirməklə məşğul idi. Bakıda onun qarmağına keçəcək bir ov yox idi- burada situasiya tam fərqli idi.
2000-ci ildə Aleks Qriqoryevs Gürcüstana yola düşdü. İki il ərzində NDİ-nin nümayəndəsi kimi fəaliyyət göstərdi. Onun əməyinin bəhrəsi göz qabağındadır.Çox keçmədi ki, Eduard Şevarnadze rejimi devrildi. Ancaq Qriqoryevs sudan quru çıxdı. O öz işini görərək aradan çıxmışdı. Artıq inqilab qatarı möhkəm relslərin üzərinə qoyulmuşdu. Həmin relslər Mixail Saakaşvilinin başçılıq etdiyi inqilabçıların, Gürcüstanın yeni demokratlarının üzünü qara etmədi.

A.Qriqoryevs, 2001-ci ildə əvvəlcədən təyin olunmuş marşrutu üzrə Ukraynaya yola düşdü. Lakin Gürcüstanla müqayisədə Aleks hökuməti devirmək üçün bu ölkədə daha çox çalışmalı oldu. Prezident Kuçmanın qurduğu möhkəm rejimi devirmək çətin olsa da, Qriqoryevsin müxalifətə dəstək proqramı bəhrəsini verdi və 2003-cü ildə ölkədə seçkilər ərəfəsində amerikalıların, xüsusilə də Aleksin əməyi sayəsində möhkəm, güclü avtoritar hökumətlə mübarizə aparmağa qadir bir siyasi müxalifət hərəkatı formalaşdı. 2003-cü ildə Aleks yenidən yır-yığış edərək Kişinyevə yola düşdü. Burada da o, özünü vəziyyətin ağası kimi hesab etməyə başladı. Moldova hökuməti və prezidentinə qarşı çıxışlar etməyə başladı.

Prezidentin ünvanına səsləndirdiyi çıxışlarından birində o deyir:
“Avropa İttifaqına tərəf dönən bu milis generalı, keçmiş daxili işlər naziri qonşularla mehriban dostluq əlaqələrinin qurulması üzrə Avropa razılaşmasının əsas baza prinsiplərinə əməl etməyə çalışır. Lakin MDB-nin bir qanadı kimi fəaliyyət göstərən GUAM yalnız enerji məqsədi daşıyır.

Moldova hökuməti isə öz növbəsində Aleksi Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıqda günahlandırır. Öz siyasi xətti ilə getməkdə davam edən Aleks isə Moldovaya xüsusi missiya ilə gəldiyini gizlətməyib. Seçkilər ərəfəsində o, ölkəni inqilab dalğasının başlayacağını, səslərin sayılmasına yaxın bir müddətdə çevriliş olacağını bəyan edir.
Seçicilər Kişinyevdə yanğınlar törədib, hökumətə qarşı aksiyalara başlayıb,lakin çox keçmədən Moldova hökuməti “twitter inqilabının” iki təşəbbüskarını Aleks və Nataliya Morarı zərərsizləşdirə bilir. Aleks ölkədən deportasiya edilir, Morar isə Rusiyada “ Kremlin qara kassa” adlı məşhur məqaləsindən sonra ev dustağına çevrilir. Məhz Vaşinqton ssenarisi əsasında başa çatan həmin Moldova hadisələrindən sonra Aleks Qriqoryevs Bakıya gəlir.

Aleks kimdir?

Latviyanın kiçik Ventspils şəhərində anadan olan 59 yaşlı Aleks Qriqoryevs Latviya Dövlət Universitetinin məzunudur. 1984-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edib. Doğma latış dili ilə yanaşı o, rus, ingilis, polyak və ukrayn dillərini bilir.

80-ci illərin sonlarında o, “Atmoda” qəzetini dərc etdirib. Riqada “mavilərin paradı”nı dəstəklədiyinə görə cinsi azlıqlardan biri olmaqda ittiham edilib. Bu, onun reputasiyasına ağır zərbə oldu. “Mavi” damğası onun müsəlman ölkəsi olan Azərbaycanda fəaliyyətinə də mane ola bilər. Çünki bizim ölkəmizdə, eləcə də Latviyada belələrinə münasibət heç də xoş deyil!

Aleksin Azərbaycan planları

Bakıya ikinci dəfə gələndən dərhal sonra Aleks etirazçı gəncləri öz ətrafına toplamağa başladı. Təsadüfi deyil ki, NDİ-nin ofisində bir müddət əvvəl Azərbaycanda kütləvi iğtişaşlar törətməyə cəhd edən NİDA gənclər təşkilatının fəalları çalışır. Öz fəaliyyətini bərpa edəndən sonra sosial şəbəkələrdən istifadə etməklə NDİ gənclərlə əməkdaşlıq dairəsini genişləndirib. Moldovoda “twitter” inqilabından fərqli olaraq Aleks Azərbaycanda “Facebook inqilabı”nı həyata keçirə bilər. Çünki “Facebook” şəbəkəsinin Azərbaycanda kifayət qədər istifadəçisi var və etirazçı gənclər məhz bu şəbəkə vasitəsilə fəal qruplar yaradıblar. Azərbaycanda əsgər ölümlərinə etirazlar çərçivəsində yaranan ajiotaj göstərir ki, düşünən beyinlər mərkəzi ən “uğurlu” yolu seçib, gözəgörünməz və əmin əllər vasitəsilə böyük ustalıq və dəqiqliklə ilə öz planlarını həyata keçirir.

Azərbaycanda məşhur “Facebook” səhifəsində təmsilçiləri NDİ-də oturan NİDA-çıların Fəvvarələr meydanında keçirəcəyi etiraz aksiyalarına 200 mindən çox dəvət məktubu (əsasən anonim profillərdən) yerləşdirilib. Aleksin müxtəlif ölkələrdə həyata keçirdiyi əməlləri analiz edərkən onun Azərbaycana təsadüfən gəlmədiyini başa düşmək olur.

Hər ehtimala qarşı Aleks vətənpərvər gənclərdən istifadə edir. Bununla yanaşı, Qarabağ probleminə toxunmamağa çalışır. Onun mövqeyi heç də Azərbaycanı dəstəkləyən birinin mövqeyinə bənzəmir.
Maraqlıdır, görəsən, gənclər Qarabağ məsələsində faktiki olaraq ermənilərin tərəfini saxlayan biri ilə necə əməkdaşlıq edirlər. Təəccüblüdür ki, Əliyevin məmurları Qarabağın Ermənistanın yoxsa Azərbaycanın torpağı olduğunu müəyyən edə bilməyən birinin ölkədə fəaliyyətinə necə yol veriblər.
Hələ üstəlik, peşəkar politexnoloq Aleksin bu mövqeyi heç də onun əsgər ölümləri ilə bağlı mövzuları sosial şəbəkələrdə yaymasına mane ola bilməyib. Ölən əsgərin erməni və ya azərbaycanlı olmasının onun üçün heç bir fərqi yoxdur. Əsas odur ki, əsgər ölümü inqilab üçün yaxşı fürsətdir!

Ukrayna və Moldovadan fərqli olaraq, Azərbaycanda Aleks adının mətbuatda hallanmasının əleyhinədir, eləcə də ölkəni, seçki kompaniyalarını idarə etməklə bağlı Azərbaycan hökumətinə heç bir yol göstərmir, ya da ki, Moldovodan deportasiya edildiyi kimi, Azərbaycandan da göndərilə biləcəyindən ehtiyat edir.

Azərbaycanda o, öz fəaliyyətini altdan-altdan yürütməyə üstünlük verir. “Demokratiya carçısı” Bakıda öz işini daha ehtiyatla görməyə , şübhə yaratmamağa çalışır. Lakin özü istəməsə də, artıq ifşa olunub...Məqalədə, həmçinin, Azərbaycanda olduğu üç il ərzində institutun rəhbəri Aleksin yerli banklardan öz hesabından təxminən 2 milyon dollara yaxın pul çıxartdığı, lakin həmin pulun hansı istiqamətdə xərclənməsi ilə bağlı İnstitutun rəsmi saytında heç bir məlumat verilmədiyi qeyd olunur.
Aleksin milyonlarına qayıdaraq bir şeyi qeyd etmək istəyirəm ki, 2010-cu ildə A.Qriqoryevs hesabından 27 dəfə ümumi dəyəri 590, 770, 2011-ci ildə 744,556, ötən il isə 628 min 545 dollar olan pul çıxarıb. Nəzərə alsaq ki, NDİ ənənəyə uyğun olaraq, gizli şəkildə kiçik qrantlar verir, o zaman təxmin etmək olar ki, pullar qrantların verilməsi üçün çıxarılıb, elə deyil? Lakin problem ondadır ki, Azərbaycanın bütün ictimai sektoruna bəllidir ki, NDİ çox az qrantlar ayırır, təxminən 8 mindən, maksimum 15 minə qədər. Fərz edək ki, təşkilat ildə 10 gənclər təşkilatının (Azərbaycanda daha artığını tapa bilməzsən) fəaliyyətini dəstəkləyir və götürək ki, institut onlara ümumilikdə 100 min dollar ayırıb , bu zaman kifayət qədər ədalətli və məntiqli sual yaranır: yerdə qalan pullar hara xərcləndi? Xüsusən də, institut siyasi partiyalara dəstək və onlarla əməkdaşlıq proqramından imtina edib. Bəs niyə görə institut öz saytında maliyyə xərcləri ilə bağlı informasiya təqdim etmir? O zaman bu qədər böyük pullar hara xərcləndi? Bəlkə, “Facebook” inqilabına?

2009-cu ildə Aleks Moldovada “twitter” inqilabına da təqribən 2 milyon dollar xərcləmişdi. İndi biz onun hesabatını dinləməyə hazırıq. Gözləyirik, Aleks!




Teqlər:  





Xəbər lenti