Sosial xidmətlərin inkişafına dair Milli Strategiya hazırlanır

  Sosial xidmətlərin inkişafına dair Milli Strategiya hazırlanır
  23 May 2019    Oxunub:2688
“2019-2025-ci illərdə sosial xidmətlərin inkişafına dair Milli Strategiya hazırlanır. Bu strategiya müvafiq qurumlarla razılaşdırılır".

Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov "Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, proqramla növbəti 5-6 il ərzində zorakılığın aradan qaldırılması üçün mühüm addımlar atıla bilər.

"Yerli qanunvericilikdə yaxşı platforma yaradılıb. Lakin düşünürəm ki, beynəlxalq praktikada qabaqcıl təcrübəyə də baxmaq lazımdır. Kişilərə və qadınlara əməyə görə bərarbər haqqın verilməsi, əmək və məşğulluq sahəsində ayrı seçkilik haqqında, analıq mühafizəsi haqqında konvensiyaları da diqqət mərkəzində saxlamalıyıq. Bu bir fəaliyyət istiqamətidir.

İkinci istiqamət kimi institusional fəaliyyətimizi gücləndirək. Hazırda Azərbaycanda 10 qeyri-dövlət mərkəzi akkreditə olunub. Onlardan 6-sı Bakıda, 3 -ü Gəncədə, 1-i Sumqayıtdadır. Bu mərkəzlərdə 1200-ə yaxın şəxsə sosial xidmətlər göstərilir. Regionlarda da belə mərkəzlərin yaradılmasına ehtiyac var. Zorakılıq halları yalnız böyük şəhərlərdə deyil, regionlarda, ucqar kəndlərdə də baş verir.

Üçüncü istiqamət kimi qadınların ailələrdə sosial müdafiəsi gücləndirilməlidir. Son zamanlar qadınların biznes sahəsindəki fəallığını nəzərə alaraq, onların biznes imkanlarının əlçatanlığı üçün şərait yaradılmalıdır.”

A.Kərimov qeyd edib ki, 2019-cu ilin aprelin 1-ə olan məlumata əsasən, ölkədə 57 min ailəyə sosial yardım göstərilib. Bunun da 52 faizini qadınlar təşkil edir.

“5-dən çox uşağı olan 3 minə yaxın anaya sosial müavinət verilib. Azərbaycanda yaşa görə müavinət alanların 90 faizini qadınlar təşkil edir. 2019-cu ildə özünəməşğulluqda qadınların sayının çox olmasına diqqət yetiriləcək. 52 min nəfər işlə təmin olunmuşdursa, onlardan 18 mini qadınlardır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN   Anar-Kərimli  





Xəbər lenti