Soçinin meri: “Azərbaycan investorları Olimpiadaya pul qoymadılar”

Soçinin meri: “Azərbaycan investorları Olimpiadaya pul qoymadılar”
  25 Noyabr 2013    Oxunub:2300
«Böyük təəssüflə qeyd etməliyəm ki, azərbaycanlı investorlar 2014-cü ilin Soçi Qış Olimpiya Oyunlarına maraq göstərməyiblər».

Azvision.az xəbər verir ki, bu barədə Soçi şəhərinin meri Anatoli Paxomov jurnalistlərlə görüşündə bildirib.

Merin sözlərinə görə, azərbaycanlı biznesmenlərə Soçidə Olimpiadaya hazırlıq işlərinə yeni infrastruktur layihələrinə investisiya yatırmaq təklif olunub. «...Lakin nə azərbaycanlı biznesmenlər, nə də investorlardan maraqlanan olmadı» - deyə mer əlavə edib.

Anatoli Paxomov Qarabağ münaqişəsinə rəğmən azərbaycanlı və erməni işçilərin Olimpiya obyektlərində birgə çalışdığını diqqətə çatdırıb. «Soçi bizi birləşdiridi. Onların birgə əməyi sayəsində biz çox şeylərə nail olduq. Azərbaycanlı və erməni işçilərin Soçidən kütləvi şəkildə qovulması barədə deyilənlər boş şeydir. Onlar işləyir, pul qazanır və sonda evlərinə dönürlər», - deyə o vurğulayıb.

Şəhər administrasiyasının rəhbəri Bakı ilə birbaşa aviareysin açılmasına da hazır olduqlarını bildirib. «Biz buna yalnız şad olarıq. Ümid edirəm ki, Azərbaycan aviaşirkətlərinə bizim təklifimiz maraqlı gələcək».

Andranik Ozanyanın Soçidə heykəlinin açılması məsələsinə isə Paxomovun cavabı qısa olub: “Bu məsələ bağlanıb. Jurnalistlərdən xahiş edirəm ki, belə suallar verməsinlər”.

Sevda Babayeva
AzVison.az üçün



Teqlər:  





Xəbər lenti