Gülər Əhmədova azadlığa çıxa bilər – Vəkil

  25 Noyabr 2013    Oxunub : 541
Gülər Əhmədova azadlığa çıxa bilər – Vəkil
Ola bilsin ki, Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxsın

Son vaxtlar sabiq millət vəkili Gülər Əhmədovanın səhhətində yaranan problemlərlə bağlı onun bir neçə məhkəmə prosesi təxirə salınıb. Yayılan qeyri-rəsmi məlumatlarda eks-deputatın səhhətinə görə, azadlığa çıxma ehtimalının real olduğu qeyd edilir.

Bəs, qanunvericilik bu məsələdə nə deyir, G.Əhmədova səhhətinə görə, azadlığa çıxa bilərmi?

Hüquqşünas Namizəd Səfərov AzVision.az-a açıqlamasında sabiq deputatın işinə hüquqi qiymət verib. Vəkilin sözlərinə görə, G.Əhmədovanın azadlığa buraxılması mümkündür:

“Qanunvericilikdə səhhəti yaxşı olmayan şəxslərin cəzadan azad olunması prinsipi var. Lakin sıravi vətəndaşlara qarşı demək olar ki, bu qanun norması tətbiq olunmur. Düşünürəm ki, Gülər Əhmədovaya tətbiq oluna bilər”.

Hüquqşünas sabiq millət vəkili üçün tələb olunan cəzanın qanunla yetərli olmadığını deyib:
“Gülər Əhmədova barəsində qaldırılan cinayət işinin istintaqı qısa müddətdə başa çatıb, məhkəməyə verilib. Elə ağır cinayət törətmiş şəxs barəsində dövlət ittihamçısı 4 il azadlıqdan məhrum etmə cəzası irəli sürülür. Ola bilsin ki, onun barəsində şərti məhkumetmə də tətbiq oluna bilər. Yaxud da olduqca kiçik cəza, məsələn, 2-3 il azadlıqdan məhrumetmə cəzası verilə və tezliklə azadlığa buraxıla bilər. Hətta bu da gözləniləndir ki, onu məhkəmə zalından azadlığa buraxsınlar”.

N.Səfərov hesab edir ki, Gülər Əhmədova qanuna əsasən, 12 il azadlıqdan məhrum edilməlidir:

“Mənim təcrübəmdə belə hökm var. Ağır cinayətlərə dair İşlər Üzrə Məhkəmədə qadınlar həmin maddə ilə məhkum olunublar. Onlar bankdan 9 min manat pul götürüb qaytarmadıqları üçün dələduzluqda ittiham olunurdular və onlar 9 il azadlıqdan məhrum edildi. 15 qadın idi onlara 7 ildən 9 ilə qədər həbs cəzası verildi. Gülər Əhmədova 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq etməkdə ittiham olunur. Ona görə də düşünürəm ki, Gülər Əhmədovaya ən azı 11-12 il həbs cəzası verilməlidir. Bu, qanunverciliyin tələbidir”.

Gülər Əhmədova özü də məhkəmə prosesində tələb edib ki, hökm çıxarılarkən azyaşlı uşağının olması və səhhətindəki problemlərin nəzərə alınmasını xahiş edib.

Qeyd edək ki, Milli Məclisin sabiq deputatı Gülər Əhmədova bu il fevralın 13-də da həbs olunub. Baş Prokurorluğun məlumatına görə, istintaqla müəyyən edilib ki, o, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevi deputat seçilməsinə köməklik etmək barəsində “yalan” vədlərlə aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq edib.

Sabiq millət vəkili Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə ittiham olunur.

Fatimə Kərimli

Teqlər: