Mətbuat hansı nazirdən razı, hansından narazıdır? - SORĞU

Mətbuat hansı nazirdən razı, hansından narazıdır? - SORĞU
  25 Noyabr 2013    Oxunub:1221
Yüksək vəzifəli məmurların, nazirlərin mətbuata münasibəti həmişə diqqət mərkəzində olur. Jurnalistlər əksər hallarda birbaşa nazirlərdən müsahibə almaqda, onlarla ünsiyyət yaratmaqda çətinlik çəkirlər. Bəs görəsən, bu gün hansı nazirin “söz qapısı” jurnalistlərin üzünə açıqdır? Hansı naziri mətbuata daha yaxın hesab etmək olar? Jurnalist və nazir arasındakı münasibətlərdən xəbər tutmaq üçün AzVision.azmətbuat nümayəndələri arasında sorğu keçirib.

“Misir Mərdanov ünsiyyətə meyilli məmur kimi yadda qalıb”



AzNews.az saytının redaktoru Ramil Məmmədli deyir ki, bu gün nazirlərin bir çoxu mətbuata yaxın olduqlarını desə də, vəziyyətin necə olmasından biz jurnalistlər xəbərdarıq:

“Mediada çalışdığım ilk illərdən bu və ya digər şəraitdə nazir və komitə sədrlərindən açıqlama, o cümlədən müsahibə almaq cəhdlərim az olmayıb. Hər dəfə isə müxtəlif situasiyalarla qarşılaşmışam. Nəzərə alsaq ki, son illərdə nazir, komitə sədri korpusunda elə bir dəyişiklik baş verməyib, belə olan təqdirdə bu postu tutanların mediaya qarşı münasibəti haqda danışmaq olar. Həmkarlarım da mənimlə razılaşarlar ki, KİV nümayəndələrinin yadında keçmiş təhsil naziri Misir Mərdanov ünsiyyətə meyilli məmur kimi qalıb.

Hazırda isə təcrübədən qaynaqlanaraq müşahidələrimə əsasən deyə bilərəm ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, gənclər və idman naziri Azad Rəhimov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov mediaya bacardıqları qədər açıqdırlar və ünsiyyətdən qaçmırlar.
Əlbəttə, müdafiə naziri Zakir Həsənov da Daxili Qoşunların komandanı vəzifəsində çalışdığı illərdə mətbuatdan yayınmayıb. Ümid edirəm ki, Zakir Həsənov işlərinin çoxluğuna rəğmən jurnalistlərin suallarını yenə də cavablandıracaq”.

“Maddi baxımdan ən yaxın nazir Kəmaləddin Heydərovdu”



“Qafqazinfo” xəbər portalının redaktoru Elnur Məmmədlinin fikrincə, mediaya ən yaxın nazirlər hazırda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdur:

“Əvvəllər Misir Mərdanov da bu sırada idi. Yeni nazir təyin olunan Səlim Müslümov da fond rəhbəri kimi mediaya açıq şəxs idi. İndi nazir kimi necə olacaq, onu zaman göstərəcək. Amma mediaya maddi baxımdan ən yaxın nazir kimi Kəmaləddin Heydərovu göstərirlər. Mediadan uzaq nazirlər isə daha çoxdur. bura Nazirlər kabinetində adı olanların çoxunu daxil etmək olar”.

“Nazirlərin Azərbaycan mətbuatından xəbərləri yoxdur”



Jurnalist İlkin Pirəli nazirlərin heç birini Azərbaycan mətbuatına yaxın hesab etmir:

“Hansı jurnalist deyə bilər ki, son 1 ildə hansısa nazirdən geniş müsahibə götürüb? Hərdən bir Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev zəng edən jurnalistlərə “hə”, “yox”, “bilmirəm” kimi cavablar verir. Şəxsən mən belə düşünürəm ki, nazirlərin Azərbaycan mətbuatından xəbərləri yoxdur, yəni burada onlar haqqında yazılan yazılar əhəmiyyətsizdir. Bu qədər sayqısızlıq olmaz. Mənə xəyal kimi gəlir nazirlərin rahat şəkildə mətbuata danışması. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan müsahibə götürmək istəyərdim, amma necə? Bu, sadəcə olaraq, mümkün deyil. Prezident İlham Əliyev çıxışlarının birində internet medianı 2-ci hakimiyyət adlandırdı. Bu, müsbət haldı. Prezident bu cür qiymətləndirirsə, nazirlərin də borcudur ki, Azərbaycan mətbuatına açılım etsinlər”.

“Əksəriyyəti jurnalistlərdən qaçır”



“Lent.az” saytının əməkdaşı Nizam Rzayev hesab edir ki, nazirlərin çox az hissəsi jurnalistlərlə kontakta girməkdən çəkinmir. Əksəriyyəti sanki gözlənilməz sualla qarşılacaqmış kimi jurnalistlərdən qaçır:

“Baş nazir Artur Rasizadənin hansısa KİV-də çıxış etməsini və ya açıqlamasını, ümumiyyətlə xatırlamıram. Jurnalistlərlə müəyyən qədər açıq münasibət quran nazirlərdən isə Əli Abbasov, Azad Rəhimov, İsmət Abbasovu qeyd edə bilərəm”.

“Əli Abbasovu fərqləndirmək lazımdır”



“Azxeber” internet qəzetinin baş redaktoru Hacıbəy Heydərli isə qeyd edir ki, mətbuata ən yaxın nazirlər rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və təhsil naziri Mikayıl Cabbarov ve daxili işlər naziri Ramil Usubovdur:

“Bu nazirlər tədbirlərdə, konfranslarda jurnalistlərlə çox səmimi davranırlar, onların suallarını səbirlə dinləyib cavablandırırlar. Xüsusən, Əli Abbasov bu işdə fərqləndirmək lazımdır. Düşünürəm ki, mətbuata ən yaxın nazir məhz odur. Digər nazirliklər və nazirliklərin mətbuat xidmətləri adlarını çəkdiyim şəxslərdən nümunə götürsələr əla olar”.

“Bu üç nazir daha səmimidir”



Jurnalist Elgün Mənsimov deyir ki, hansısa nazir birbaşa jurnalistə açıq olsaydı nədənsə danışmaq olardı:

“Məsələn, vergilər naziri Fazil Məmmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, xüsusən də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov səmimidirlər. Mətbuata münasibətləri də yaxşıdır. Amma nə dərəcədə mətbuata açıq olduqları barədə bir şey deyə bilmərəm”.

““Mətbuata ən yaxın nazir” - Heydər Əsədov”



“Virtualaz.org” saytının müxbiri İlkin Muradov deyir ki, mətbuata “ən yaxın nazir” ifadəsi Azərbaycan gerçəkliyində absurd səslənir:
“Açıqlama vermək deyil də tənqid olunmaq baxımından mətbuata ən yaxın olan nazir Ziya Məmmədovdur. Amma prezident seçkilərindən sonra yeni hökumət formalaşdığından bu günə kimi şahidi olduğum maraqlı məqam yeni kənd təsərrüfatı naziri Heydər Əsədovun mətbuata bir neçə dəfə açıqlama verməsidir. “Mətbuata ən yaxın nazir” ifadəsi Azərbaycanda bəlkə də Heydər Əsədovun timsalında öz əksini tapdı. Bunu da zaman göstərəcək. Amma bu günkü günə görə deməliyik ki, mətbuata yaxın nazir yoxdur”.

Mirvari Nəcəf









Teqlər:  





Xəbər lenti