“Mətbuatın problemlərini prezident bizdən yaxşı bilir”

“Mətbuatın problemlərini prezident bizdən yaxşı bilir”
  25 Noyabr 2013    Oxunub:945
Ötən gün prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim olundu.

Təqdimat mərasimində ölkənin tanınmış mətbuat nümayəndələri də iştirak edirdilər. Prezidentin jurnalistlərlə bu görüşü ictimaiyyət arasında alqışla qarşılandı. Bu addımın ölkə başçısının azad mətbuata verdiyi yüksək dəyərin bariz nümunəsi olduğu media təmsilçiləri tərəfindən qeyd edilir.

AzVision.az həmin görüşdə iştirak edən jurnalistlərin təəssüratları öyrənib.

“Prezident də bizim kimi həmin problemləri qeyd edirdi”

Millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas bu görüşün jurnalistlərlə prezidentin ilk görüşü olmadığını bildirib:

“Bu, ilk görüş deyildi, bundan əvvəl də görüşümüz olmuşdu. O zaman da səmimi söhbət olmuşdu, mətbuatın problemləri ilə bağlı möhtərəm prezident o zaman da göstəriş vermişdi, indi dünən keçirilən görüş də ona görə idi ki, prezidentə “Jurnalistlərin dostu” mükafatı təqdim olunurdu, bu bir təqdimetmə mərasimi idi. Lakin bu mərasim səmimi söhbətə çevrildi. Görüş saat yarımdan çox çəkdi və orada iştirak edən hər kəs çıxış elədi, o cümlədən mən də danışdım. Mətbuatın problemlərindən danışdıq və prezident də həmin problemləri qeyd edirdi. Sonra da həmin problemlərlə bağlı göstəriş verdi ki, bu məsələlər öz həllini tapsın”.

Millət vəkili qeyd edib ki, prezident İlham Əliyev dünənki görüşdə həm də mətbuatın vəziyyəti çox ciddi çıxış eləyib.

“Mətbuatın problemlərini möhtərəm prezident bizdən də yaxşı bilir. O problemlərin aradan qaldırılması üçün atılacaq addımlardan danışdı. Belə səmimi söhbət oldu”-deyə, Aqil Abbas əlavə etdi.

“Ölkə başçısı mediaya dəstək olan mesajlar verdi”

“APA Holding”in prezidenti Vüsalə Mahirqızı görüşlə bağlı fikirlərini Facebook sosial şəbəkəsində bölüşüb. V.Mahirqızı prezidentin media rəhbərləri ilə keçirilən görüşünün maraqlı keçdiyini bildirib.

“Ölkə başçısı maraqlı, mediaya dəstək olan mesajlar verdi. Əslində bunu ayrı-ayrı görüşlərdə, media və ifadə azadlığı ilə bağlı müzakirə keçirilən hər yerdə deyir. Mətbuat nümayəndələrinin önündə bir daha Azərbaycanda medianın gələcəyi, ölkənin informasiya mübarizəsindəki yeri barədə fikirlərini söylədi.

Bu gün ölkədə çap mətbuatının internet və elektron media ilə müqayisədə daha çox problemləri olduğunu nəzərə alaraq, müzakirələrdə əsas ağırlıq da məhz çap mediasının durumu idi. Əslində internet medianın da problemləri yox deyil. Bu sahədə konsepsiyaya, xüsusisilə internet təhlükəsizliyi sahəsində addımlara, bu sahədə mütəxəssis hazırlığı ilə bağlı problemlərə diqqət yönəltməyə ehtiyac vardı. Amma mən məhz bu sahədəki problemlərin müzakirəsi üçün daha çox çap mediasının nümayəndələrinin olduğu görüşü uyğun bilmədim və danışmadım. Amma hər kəsin sərbəst danışması, fikrini söyləməsi üçün imkan vardı.

Hətta görüş bitdikdən sonra prezident təkbətək hər kəslə görüşdü, tanıdıqları ilə hal-əhval tutdu, tanımadıqları ilə tanış oldu. Sözün, təklifin, problemin söylənilə bilməsi üçün nə qədər mümkündüsə, o qədər də açıq mühit yaradılmışdı”-, deyəV.Mahirqızı qeyd edib.

“Ona sual vermək, danışmaq, əl sıxmaq imkanım olmamışdı..”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə görüşlər bağlı təəsüratları belədir:

“Konspektsiz danışırdı. Aramla, sakit səslə, pafossuz, ancaq təsirli. Əslində prezident Azərbaycan mediasının rəhbərlərinə brifinq verdi. Mənim üçün ilk idi. Ölkə prezidentini yaxından görüb, dinləmək, ona sual vermək, danışmaq, əl sıxmaq imkanım olmamışdı...

Dedikləri bizim demokratik düşərgənin hər hansı bir təmsilçisinin söylədiklərindən heç nə ilə fərqlənmirdi. Vizyonu, media ilə bağlı baxışları, verdiyi mesajlar dünya standartları səviyyəsində sayıla bilər. “Bəs, biz niyə əziyyət çəkirik, deyə düşündüm, prezidenti dinlərkən...” Bu cümlə də prezident danışa-danışa Facebook profilimə yazdığım fikirlərdəndir. Doğrudan da, nə baş verir? Azərbaycan respublikasının prezidenti sürətlə dəyişən dünyada və Azərbaycanda, informasiya əsrində medianın önəmini, rolunu, dövlət və millət üçün əhəmiyyətini hətta bəzi demokratlardan da yaxşı deyir: “Müstəqil mətbuatın səviyyəsi həmin ölkənin inkişaf səviyyəsini göstərir”, – sitat İlham Əliyevdəndir; lakin ölkənin önəmli media quruluşları problem içərisindədir. Biz dövlətdən ciddi dəstək alırıq. Yazılı mətbuatın yaşaması üçün cəmi iki qaynaq var: KİV DF və satışdan gələn vəsait. İndi onun birini - satışı demək olar ki, qapadıblar. Bu da qəzetlərin dayanması gerçəkliyini ortaya çıxarıb, bizi şikayətçi duruma salıb. Və belə bir məqamda prezidentin yanında görüş olur, önəmli mesajlar verilir... (Ümid edək ki, bu görüş üzərindən verilən mesajlar, deyilən fikirlər yaxın gələcəkdə vəziyyətin dəyişməsinə gətirib çıxaracaq.)”-deyə, R.Arifoğlu qeyd edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti