Deputatlar “Arsenal”a acıq verdilər: “Gedib ermənilərlə birlikdə ağlayarlar”

  30 May 2019    Oxunub : 2095
 Deputatlar “Arsenal”a acıq verdilər: “Gedib ermənilərlə birlikdə ağlayarlar”
UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qalibi məlum olub. Bakı Olimpiya Stadionunda keçirilən görüşdə “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək çempion titulunu qazanıb.
Milli Məclisin deputatları sosial şəbəkə hesablarında oyunun nəticələri barədə fikirləri bölüşüblər.



Millət vəkili Qənirə Paşayeva "Çelsi" klubunun qələbəsinə sevindiyini bildirib: “Təbriklər, “Çelsi” və təşəkkürlər, Azərbaycan! “Çelsi” azarkeşi olmasam da, bu oyunda onun qələbəsini istəyirdim. “Arsenal” klubunun heç zaman azarkeşi olmamışam, amma onların Bakıdakı oyun ərəfəsində erməni oyunçu ilə bağlı heç bir normalara sığmayan əməlləri, Azərbaycana qarşı haqsız hərəkətləri, özlərinin və tərəfdarlarının gəldiyi ölkənin qonaqpərvərliyinə hörmətsiz yanaşaraq ədəbsizliklər etməsi hamımızı hiddətləndirmişdi. İndi oturub o erməni oyunçu, ermənilər ve böhtançılarla biabırçı məğlubiyyətlərinə birlikdə ağlayarlar. Qələbəyə görə “Çelsi”ni təbrik edirik. Gözəl idman yarışı təşkilatçılığına görə də ölkəmizə təşəkkürlər. Azərbaycan bir daha ən yüksək səviyyəli tədbirləri yüksək səviyyədə təşkil edə bildiyini göstərməsi ilə bədxahlara şillə kimi cavab verdi. Allah düşmənlərə qarşı hər zaman ölkəmizə dəstək olsun!”.



Deputat Fazil Mustafa “Çelsi”nin qalib gələcəyini əvvəlcədən bildiyini deyib: “Demişdim ki, “Çelsi” 3:2 qazanacaq, hesab 4-1 oldu. Əsas odur ki, “Çelsi” qazansın. Buyurub bütün “Arsenal”lılar erməni formasını geyinsin, üstəlik, yalandan ağlaya da bilərlər. Necə ki, sevdikləri ermənilər yüz ildir yalandan ağlayırlar. Gəldiyiniz ölkənin qonaqpərvərliyinə hörmətsiz yanaşaraq ədəbsizlik edəndə, bilmirdiniz ki, bunun ağlamaq anı da var? Qələbəyə görə “Çelsi”yə təbriklər, gözəl idman bayramı təşkilatçılığına görə də Azərbaycanımıza təşəkkürlər!”.



Millət vəkili Sahib Alıyev deyib ki, son günlər "Arsenal" yarımmüdafiəçisi Henrix Mxitaryanla birgə futbol yox, Azərbaycana qarşı siyasət oynayırdı.

""Çelsi"nin qələbəsinə mən həm idmanın çirkli siyasət, həm də Avropa Liqasının final oynunu əsl futbol bayramına çevirən Azərbaycanın bədxahları üzərində qələbəsi kimi baxıram. "Human Rayts Votç”, “Əmnisti İntənəşnl”dəkilər də bunu bilməmiş olmasınlar gərək”.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Arsenal   Çelski