Gülər Əhmədova məhkəmədə jurnalistlərlə dərdləşdi

Gülər Əhmədova məhkəmədə jurnalistlərlə dərdləşdi
  26 Noyabr 2013    Oxunub:1001
Bu gün eks-deputat Gülər Əhmədovanın növbəti məhkəməsi olub.
AzVision.az-ın məhkəmədə iştirak edən əməkdaşının verdiyi məlumata görə, saat 10:30-da başlayan iclasda ancaq Gülər Əhmədovanın vəkili Əfsər Talıbov çıxış edib. O öz çıxışında vurğulayıb ki, Elşad Abdullayevin videoda bəzi rəqəm səhvləri var:

“Videoda 500 və 1 rəqəmləri hallanır. İstintaq orqanı isə bunu 500 və 1 milyon dollar kimi qələmə verir. Videoda Elşad Abdullayevin Gülər Əhmədovaya pul verməsi görünmür, ancaq söhbətlər var”.

Ə.Talıbov bildirib ki, bu videoları yaymaqda Elşad Abdullayev qanunu pozur:

“Elşad Abdullayev icazəsiz olaraq Gülər Əhmədovanın videosunu lentə alıb və onu yayımlayıb. Elşad Abdullayevin otağındakı müşahidə kameralarını istintaq təhlükəsizlik məqsədi ilə isifadə olunduğunu bildirir. Əgər bu təhlükəsizlik məqsədi ilə olsaydı, onda Elşad Abdullyevin stolun üstündə monitorlar da görsənərdi və bilinərdi ki, kimlər otağa girib-çıxır”.

Vəkilin sözlərinə görə, ekspertlər həmin DVD-nın saxta olduğunu təsdiq edib:

“Ekspertlər təsdiq edib ki, həmin DVD orijinal deyil, həmin görüntü bir formatdan digərinə köçürülüb. Səs və görüntülər ayrı-ayrılıqda yazılıb, səs montajı edilib”.

Çıxışı zamanı Əfsər Talıbov vurğulayıb ki, 3 dəfə Milli Məclisin deputatı olmuş və iqtidarın yolunda can qoymuş qadın 10 aydır ki, həbsdədir.

Məhkəmə iclasında fasilə zamanı Gülər Əhmədova jurnalistlərlə söhbət edib. O, bu gün məhkəmədə çıxış etmək üçün özünü yaxşı hiss etmədiyini qeyd edib.

Məhkəmə prosesi zamanı Gülər Əhmədovanın ailə üzvləri – həyat yoldaşı, bacısı da iştirak edib.

Qeyd edək ki, məhkəməyə hakimin qərarı ilə fasilə verilib. Saat 14:00-da məhkəmə prosesi davam etdiriləcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti