Jurnalistlər Tağı Əhmədovu məhkəməyə verə bilər

Jurnalistlər Tağı Əhmədovu məhkəməyə verə bilər
  26 Noyabr 2013    Oxunub:1138
Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun KİV nümayəndələrinə müsahibəsi zamanı işlətdiyi ifadələri jurnalistlər kobudluq kimi qiymətləndirib.
AzVision.az xəbər verir ki, Hüquq tv Tağı Əhmədovun jurnalistlərlə danışarkən dediyi sözlərin ("əəə bir-bir", "borcum yoxdu sana", "sən burdan dızıldayırsan", "burcudursan" və s.) hüquqi tərəfini araşdırıb.

Media Hüququ İnstititunun layihə koordinatoru Xalid Ağalıyev deyib ki, bu məsələdə əsas iki məqamı qeyd etmək lazımdır:

“Birinci əsas məqam jurnalistin bilgi əldə etmək hüququnun təmini ilə bağlıdır. Jurnalist məmura ona görə diktafon uzadır ki, həmin məmurun, vəzifəli şəxsin sahəsinə aid olan ictimai önəmi olan bilgiləri alsın, onu topluma çatdırsın. Hər bir məmurun, vəzifəli şəxsin jurnalistin sorusunu cavablamaq vəzifəsi var. Məmur ya sorunu cavablamalı, ya da aidiyyatı olana yönləndirilməsini təmin etməlidir. Bunu etmirsə, inzibati məsuliyyət daşıyır. İnzibati qanunvericilikdə bunun əsasları əksini tapıb. Jurnalist məmurdan sorusuna cavab ala bilmirsə, kobud ifadələr eşidirsə inzibati qanunvericiliyə söykənərək vəzifəli şəxsin bilgi verməməsindən yuxarı vəzifəli şəxslərə, yaxud da məhkəməyə şikayət edə bilər. Jurnalistin ona bilgi verilməsinin təmin olunmasını, bilgi ala bilməməsinə görə dəymiş zərərin (əgər varsa), habelə hüquqi xidmətə çəkilən xərclərin əvəzini tələb etmək haqqı vardır”.

X.Ağalıyev deyib ki, digər əsas məqam jurnalistlə rəftarla bağlıdır:

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun vardır. Hər bir vəzifəli şəxs həmin qanunun tələblərinə əməl etmək zorundadır. Bu qanunun icrasına nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya həyata keçirir. Əgər vəzifəli şəxslər jurnalistlərlə münasibətdə etik çərçivələri pozurlarsa komissiya qanuna müvafiq olaraq tədbirlər görməlidir. Jurnalistlərin dövlət komissiyasından bunu tələb etmək haqları var. Bu haqlardan yararlanmaq lazımdır".

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti