Qusarın deputatı: “Terror törətmək istəyirlər”

Qusarın deputatı: “Terror törətmək istəyirlər”
  27 Noyabr 2013    Oxunub:1589
“Qusarda dini qarşıdurma ola bilməz, onlar da cəzalandırılacaqlar”
Ölkədə dini zəmində baş verən hadisələrdə əksər hallarda ölkənin şimal bölgəsində yerləşən Quba, Qusar rayonlarının adı hallanır. Ehtimallara görə, bu rayonların Dağıstanla sərhəddə yerləşməsi ölkəyə şimaldan gələn radikalizm təhlükəsinin adıçəkilən bölgədə cərəyan etməsinə təkan verir.

Milli Məclisin Qusardan seçilən deputatı Azər Badamov təmsil etdiyi rayonda baş verən son hadisələrə, o cümlədən Qusardakı dini vəziyyətə münasibətini bildirib.

Deputat AzVision.az-a açıqlamasında Qusarın dini qarşıdurmalarda adının çəkilməsinin doğru olmadığını deyərək, baş verə biləcək hadisələrin Azərbaycanın istənilən yerində ola biləcəyini vurğulayıb.

“Hesab etmirəm ki, Qusar Dağıstana yaxın olduğuna görə bu hadisələr baş verir. İndi elə bir şəraitdir ki, dini mövzuda, yaxud da ki, milli zəmində baş verən hadisələr, ümumiyyətlə, Azərbaycanda vahabizm təriqəti bir az geniş yayılmaqdadır.
Vahabizim təriqətinə qulluq edən insanlar müəyyən istiqamətdə terror aktı törətmək və digər fikirlərlə cəmiyyətə daxil olmaq istəyirlər. Ancaq Azərbaycan dövləti möhkəmdir, pis fikirli insanların ölkəmizə qədəm qoymasına imkan verməyəcək. Kimin ki fikirləri ölkəyə, dövlətə qarşı yönəlib, bu hadisələr vaxtında aradan qaldırılır”.

A.Badamov hazırda dini baxımdan Qusarda dini təhlükənin olmadığını diqqətə çatdırıb.

“Son günlərdə baş vermiş hadisələr, yaxud da müəyyən mövzuda tutulmuş insanlar cinayət əməllərinə görə cəzalandırılır. Qanun alidir, hər bir vətəndaş üçün yüksəkdir və qanuna hörmətlə yanaşılmalıdır. Hazırda dini baxımdan Qusarda normal bir vəziyyətdir, sakitlikdir. Hansı ki pis fikirli insanlar olub, onlar hüquq mühafizə orqanları tərəfindən saxlanılıb cəzalandırılacaqlar”-deyə A.Badamov vurğulayıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti