YAP-da Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

YAP-da Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
  14 İyun 2019    Oxunub:1829
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Riyad Rüstəmli 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb.

Sonra YAP Gənclər Birliyinin 15 İyun - Milli Qurtuluş Günü münasibətilə hazırladığı vido-çarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Əli Əhmədov bildirib ki, Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin dönüş nöqtəsidir. Onun sözlərinə görə, Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil: “Şübhəsiz ki, Ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq. O Azərbaycan indi bizim üçün dəyərli olan, bizim hər birimizin qürur duyduğumuz Azərbaycandan fərqlənmiş olacaqdı. Ona görə də biz tam məsuliyyətlə Azərbaycanın müasir tarixinin iki fundamental əsasını qeyd edə bilərik. Bunun biri Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsidirsə, ikincisi, Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışı və Onun Azərbaycana bəxş etdiyi Milli Qurtuluş Günüdür”.

Əli Əhmədov deyib ki, 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə, xalqımız nicat yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü.

YAP Sədrinin müavini qeyd edib ki, xalqımız tərəfindən 15 İyun - Milli Qurtuluş Günü müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilir, dəyərləndirilir. Bu, onunla əlaqədardır ki, insanlar bugünkü həyatlarını, ölkəmizin bugünkü firavanlığını və gələcəklə bağlı aydın görünən perspektivlərini Milli Qurtuluş Günü ilə, Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirlər. Çünki Azərbaycanın müasir tarixində, hər bir vətəndaşın həyatında baş verən müsbət dəyişikliklər, ilk növbədə, Heydər Əliyevin möhtəşəm qayıdışı və bu qayıdışın yaratdığı Qurtuluş məfkurəsi ilə birbaşa bağlıdır. Əli Əhmədov deyib ki, qurtuluş və Heydər Əliyevin möhtəşəm qayıdışı Azərbaycan xalqının istəyinin və iradəsinin ifadəsi kimi qəbul olunur: “Ölkəmizin tarixinin ən həssas dövründə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın mövcudluğunun, müstəqilliyinin və gələcək inkişafının yeganə və həlledici səbəbi kimi qavranılır. Bu gün o dövrə qayıdarkən və Azərbaycanın indiki reallıqlarını göz önünə gətirib müqayisə apararkən Heydər Əliyevin möhtəşəm qayıdışının Azərbaycanın müasir tarixində və hər bir vətəndaşın həyatında nə qədər önəmli bir hadisə olduğunu dəyərləndirmək çətin olmaz. Heydər Əliyevin tarixi qayıdışı Azərbaycanın müstəqilliyinin xilası idi. Bu qayıdışın əsasını Qurtuluş məfkurəsi təşkil edir. Qurtuluşun digər mənası Azərbaycanın siyasi təlatümlərdən xilas edilməsi ilə bağlıdır. O dövrü xatırlayanlar bunun nə demək olduğunu aydın şəkildə təsəvvür edirlər. Qurtuluş, eyni zamanda, iqtisadi tənəzzülün qarşısını aldı. Bu da Heydər Əliyevin böyük qayıdışını əks etdirən çox vacib məqamlardan biridir. Eyni zamanda, bir məqam da odur ki, qurtuluş Azərbaycanı o zaman düçar olduğu beynəlxalq təcriddən xilas etdi. Ümumiləşmə apararaq demək olar ki, Qurtuluş məfkurəsi Azərbaycanın mənəvi böhrandan, mənəvi aşınmadan xilas olması mənasını daşıyır. Heydər Əliyevin hakimiyyətə qayıdışı, əslində, Azərbaycanı bütün istiqamətlər üzrə bürümüş böhrandan xilas etdi. Bu, Heydər Əliyevin xilaskarlıq missiyasını özündə ehtiva edirdi. 1990-cı illərin əvvəlində Azərbaycan təlatümlü anlarını yaşayanda xalqın qəlbində əsas kök salan istəklər hər şeydən əvvəl Azərbaycanın məhv olmaqdan xilas olunması ilə bağlı idi. Bu xilası da Ümummilli lider Heydər Əliyevin adı ilə əlaqələndirirdilər. Heydər Əliyevin atdığı qətiyyətli addımlar insanların bu gözləntilərini tamamilə doğrultdu”.

Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran Əli Əhmədov Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. Baş nazirin müavini qeyd edib ki, Ulu öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.

Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Əli Əhmədov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb. Milli qurtuluşun Azərbaycanın müasir tarixində böyük bir dövrü əhatə etdiyini deyən Baş nazirin müavini bildirib ki, Azərbaycan öz inkişafına görə XX əsrin sonunda müstəqilliyinə qovuşan respublikalardan açıq şəkildə seçilir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatının 3,5 dəfə artması, əhalinin rifah halının xeyli yaxşılaşması bu inkişafın əsas göstəriciləridir.

“Qurtuluşdan başlanan tarixi yol bu gün də davam etdirilir. Ölkəmizin bugünkü tərəqqisi, Prezident İlham Əliyevin siyasəti qurtuluşdan qaynaqlanır və ondan güc alır. Qurtuluşdan danışarkən bugünkü reallıqları göz önünə gətirmək kifayət edir ki, ölkəmiz nə qədər nailiyyətlər qazanıb. Beləliklə, qurtuluş qısa müddətdə ölkəmizin böyük inkişaf mərhələsinin əsası olub və bundan sonrakı dövr üçün də etibarlı əsaslar yaradıb”, - deyə YAP Sədrinin müavini qeyd edib.

Əli Əhmədov bildirib ki, bu gün Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti məhz ölkəmizin daha da güclənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir: “İnanırıq ki, Qurtuluş məfkurəsi öz möcüzəsini bir dəfə göstərdiyi kimi, bundan sonra da göstərəcək. Qurtuluş elə bir sönməyən enerjidir ki, uzun dövrlər Azərbaycan xalqına xidmət edəcək. İnanırıq ki, illər ötdükcə Qurtuluş məfkurəsinin bizə verdiyi faydalar daha da artacaq və qurtuluşun növbəti ildönümlərini daha böyük uğurlarla qeyd edəcəyik”.

YAP Sədrinin müavini söyləyib ki, Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə, maliyyə imkanları artdıqca hökumət tərəfindən əhalinin rifahının daha da yüksəlməsi istiqamətində addımlar atılacaq, proqramlar reallaşdırılacaq. Onun sözlərinə görə, Prezident İlham Əliyev öz çıxışlarında bu fikirləri dəfələrlə bəyan edib.

Əli Əhmədov qeyd edib ki, 1992-93-cü ildə hakimiyyətdə olan və Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz üzə qoyan qüvvələr bu gün ölkəmiz haqqında əsassız fikirlər söyləyir, sosial şəbəkələrdə yanlış məlumatlar yayırlar. “Hansı ki, onların hakimiyyəti dövründə ölkədə infilyasiya 1600 faizi ötmüşdü, siyasi böhran, xaos anarxiya getdikcə dərinləşirdi. Həmin insanların bu gün Azərbaycanın inkişafına, uğurlarına qarşı fikirlərinin heç bir əsası yoxdur. Gənclərimiz belələrinə qarşı, onların yalanlarına qarşı mübarizəni davam etdirməli, yalanlarını ifşa etməlidirlər”.

YAP Sədrinin müavini gənclərə uğurlar arzulayıb və əminliklə bildirib ki, 15 İyun Milli Qurtuluş Günü növbəti illərdə ölkəmizin daha böyük uğurları ilə qeyd olunacaq.

Tədbirdə həmçinin, YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Fərəh Məcidzadə, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərmina Yunusova və YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri İlqar Quliyev çıxış edərək 15 İyun Milli Qurtuluş Gününün əhəmiyyətindən, Azərbaycan dövlətinin gənclərə qayğısından danışıblar.

Azvision.az


Teqlər: YAP   15-İyun   Qurtuluş   Günü  





Xəbər lenti