BVF: İqlim dəyişikliyi maliyyə sabitliyi üçün böyük riskə çevrilib

   BVF:    İqlim dəyişikliyi maliyyə sabitliyi üçün böyük riskə çevrilib
  14 Noyabr 2024    Oxunub:602
Beynəlxalq Valyuta Fondunun (BVF) işi qlobal makroiqtisadi və maliyyə sabitliyini qorumaqdır. İqlim dəyişikliyi iqtisadi və maliyyə sabitliyi üçün böyük riskə çevrilib.
Bu sözləri Beynəlxalq Valyuta Fondunun idarəedici direktor müavini Bo Li COP29 çərçivəsində keçirilən “Qlobal Maliyyə Sistemi: İqlim fəaliyyəti üçün maliyyələşdirmənin artırılması” tədbirində çıxışı zamanı deyib.

“Buna görə də üç il əvvəl BVF ilk iqlim strategiyasını təsdiqlədi. İki il əvvəl biz Davamlılıq və Dayanıqlı Etimad (RST) proqramını yaratdıq. Bu, üzv ölkələrimizə iqlim dəyişikliyi ilə bağlı problemlərin öhdəsindən gəlməyə dəstək olmaq üçün hazırlanmış ilk uzunmüddətli kredit alətidir. Beləliklə, son iki ildə biz 20 ölkənin RST çərçivəsində maliyyə almasını təsdiqlədik. Xüsusən də aşağı gəlirli ölkələrə və həmçinin həssas orta gəlirli ölkələrə dəstək olmaq üçün 48 milyard dollar vəsait topladıq”, - deyə BFV-nin direktor müavini əlavə edib.

Bo Li bildirib ki, BVF yaşıl vergi taksonomiyasını, iqlim fəaliyyətinə dəstək üçün institusional islahatları dəstəkləyir: “BVF Dünya Bankı, Asiya İnkişaf Bankı, Afrika İnkişaf Bankı kimi tərəfdaşlarla iqlim maliyyəsi ilə bağlı dəyirmi masa keçirir, birlikdə necə işləyə biləcəklərini müzakirə edir”.

AzVision.az



Teqlər:





Xəbər lenti