COP29 I İnsan hüquqlarına əsaslanan iqlim ədaləti müzakirə olunub

   COP29 I   İnsan hüquqlarına əsaslanan iqlim ədaləti müzakirə olunub
  14 Noyabr 2024    Oxunub:732
Azərbaycan Respublikasının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirə təşkil edilib.

Müzakirədə Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) katibliyinin nümayəndəsi Karolina Krittin, Hondurasın İnsan Hüquqları üzrə Müvəkkili təsisatının icraçı direktoru Zabdi Abigail Kanales Funes, iqlim dəyişikliyi ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.



Tədbirdə çıxış edən ombudsman Səbinə Əliyeva COP29 kimi mühüm qlobal tədbirə ev sahibliyi edən Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Müvəkkil bu istiqamətdə görülən işlərdən danışaraq, Azərbaycanda 2030-cu ilə qədər sosial-iqtisadi inkişafın beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonaları kimi müəyyən olunduğunu bildirib.



Səbinə Əliyeva ombudsman və milli insan hüquqları institutlarının iqlim ədalətinin təmin edilməsində, sağlam ətraf mühit hüququnun və iqlim dəyişikliyindən təsirlənən həssas qrupların hüquqlarının qorunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Müvəkkil iqlim dəyişikliyi ilə mübarizə sahəsində milli və beynəlxalq səviyyələrdə əməkdaşlığın gücləndirilməsinin, bu problemin insanlara hüquqi, sosial və iqtisadi təsirləri barədə məlumatlılığın artırılmasının əhəmiyyətini vurğulayıb və hər kəsi həmrəylik nümayiş etdirməyə, təcili tədbirlərin görülməsi istiqamətində birgə əməkdaşlığa çağırıb.



Sonra Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Beynəlxalq insan haqları və BMT sistemi üzrə ekspert Afərin Şahidzadə və “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin rəhbəri Aydın Xəlilov çıxış ediblər.

Tədbirdə iqlim dəyişikliyinin ən çox təsir göstərdiyi həssas qrupların müdafiəsi, ətraf mühitin mühafizəsinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması, iqlim ədalətinin təmin edilməsində ombudsman təsisatlarının rolunun gücləndirilməsi imkanları və digər müvafiq məsələlər barədə ekspertlərin məruzələri dinlənilib, iqlim dəyişikliyinin insan hüquqlarına təsiri, mövcud problemlər və onların həll yolları, əldə edilmiş müsbət təcrübələr, həmçinin müvafiq sahələr üzrə interaktiv müzakirələr aparılıb.



AzVision.az


Teqlər:





Xəbər lenti