“Onların anası, bacısı bizim anamız, bacımızdır” - MÜSAHİBƏ

  27 Noyabr 2013    Oxunub : 1158
“Onların anası, bacısı bizim anamız, bacımızdır” - MÜSAHİBƏ
İlham Əliyevin şərəfinə verilən ziyafətdə mən də var idim.”

Azərbaycanlı tanınmış iş adamı, Palmali şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov Türkiyənin “Milliyət” qəzetinə maraqlı müsahibə verib. İş adamı müsahibəsində uşaqlığından, indiki vəziyyətə necə gəlməsindən və eləcə də ailəsi ilə bağlı mətbuatın marağında olan bir çox məsələlərdən danışıb.

AzVision.az Mübariz Mənsimovun müsahibəsini qısa ixtisarlarla təqdim edir:

- Dənizçilərin yaxşı yemək bişirdiyi deyilir. Mətbəxlə aranız necədir?

- Uzun müddət tək yaşadığıma və gənc olanda bir müddət gəmidə aşbaz kimi işlədiyimə görə yemək bişirməyi həm bacarıram, həm də sevirəm. Müxtəlif yeməklər bişirə bilirəm. Evdə olanda həftədə 3-4 gün yeməyi özüm bişirirəm. Uşaqları məktəbə aparmadan əvvəl səhər yeməyi hazırlamağı da xoşlayıram. Stress atmaq üçün isə dostlarıma yemək hazırlayıram. Makaronu, plovu yaxşı bişirirəm.

- Yeni neft boru xətti Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsinə qoşulmusuz?

- SOCAR-la əməkdaşlıq edirəm, layihələrin çoxunda iştirak edirik.

- Binaya girəndə oğlunuz Məcidlə ( 7 yaş) rastlaşdıq. Atasının nə işlədiyini soruşduq, dedi ki, dənizçidir. Əsas işiniz neft daşınmasıdır. Boru xəttləri tankerlərə rəqibdir?

- Düzdür, əsas işimiz neft quyuları xidmətləri, daşınma, tankerlərlə birlikdə dünyada ilk üçlüyə daxil olan donanmamız var. Liman biznesimiz var. Sualınıza gəlincə isə, xeyr, qətiyyən rəqib deyil. Dəniz vasitəsilə daşınma tarix boyu ən ucuz, ən effektli daşınma olub. Həmişə dənizlə daşınma qatar, hava yolu, boru xəttindən çox-çox aşağı qiymətə başa gəlib. Bakı-Ceyhan boru xəttindən ildə 50 milyon ton xam neft gəlir. Bu, gəmilərə ziyan verir? Xeyr. Boru xətti ilə daşınma dəniz olmayan yerdən gəlir. Dəniz olan yerdə boru xətti ilə daşınma effektli deyil. Qarşıdakı 50 ildə dənizçiliyin alternativi olmayacaq.

- Neft daşınmasının nə qədərinə nəzarət edirsiz?

- Qaradəniz neftinin 65%-dən çoxunun nəzarəti bizdədir.

- Marina layihəsinə böyük miqdarda pul xərcləmisiz. İlk 5 ayda nə qədər gəlir əldə etdiniz?

- Marinaya bu yay 120 metrlik gəmi gəldi. İyun ayından etibarən bu günə qədər ilk 5 ayda 45 milyon türk lirəsi gəlir əldə etdik.

- Yeni turizm kompleksiniz harada olacaq? Neçəyə başa gələcək?

- Yenə Yalıkavakda (red. Bodurumun qəsəbəsi). Çox lüks otel tikəcəyik. Bura 500 milyon dollardan çox pul xərclənəcək. Kompleksdə otel, villalar, qolf meydançası olacaq. 2014-cü ildə başlayıb bir il ərzində bitirməyi planlaşdırırıq. Bu il marinanın böyüməyi gözlənilir. Onu hələ tamamlamamışıq. Bu il o da tamamlanacaq.

- Bunu Fərid bəylə birgə edəcəksiz?

- Bu, hələ ki, məlum deyil. Fərid Şahəng istəsə şərik olar. Tək də edə bilərik. Biz Fərid Şahənglə qardaşıq, o, istədiyi vaxt, istədiyi formada, istədiyi şirkətə, istədiyi maliyyə ilə ortaq ola bilər. Bizim aramızda bu, müzakirə olunmur. O, çox sevdiyim insandır. İkimizin də başı eyni işləyir, o da mənim kimidir. Çox düşünməyi sevmir, tez qərar verir. Sürətli yeriyir. Marinadakı restoranların demək olar ki, hamısı Doğuş qrupuna məxsusdur.



- Çox sağlam görünürsüz. Detoks oteliniz var. Detoks etdirirsiz?

- Hər səhər üzürəm və qaçıram. Amma son günlər 1.5 kilo kökəlmişəm. Bodrumdakı Palmalife otelimizdəki detoks komandası qışda 3 ay İstanbulda işləyəcək. Gündə iki saatlıq paketlər hazırlayacaqlar. Onlar gələnə qədər artıq çəkidən azad olmasam mən də o paketlərdən istifadə etməli olacam.
Sağlamlıq, qolf turizmi, marina, bunlar Bodrumda lazımlı sərmayələrdir. Qış aylarında bir müəssisədə 5 nəfər də işləsə cəmi 300-400 nəfərlik iş olacaq. Bodrum mövsümi yer olmamalıdır. Bodrum Türkiyənin ən dəyərli qiymətli daşıdır.

Üç il əvvəl Ermənistanla sərhədlərin açılması məsələsində Azərbaycanla Türkiyə münasibətləri gərginləşmişdi. Bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə gəldi, baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşdü. Belə görünür ki, yeni səhifə açılıb. Siz necə düşünürsüz?

- Prezident Abdullah Gülün İlham Əliyevin şərəfinə verdiyi ziyafətdə mən də var idim. Azəri türkü kimi çox xoşbəxtəm. Bu gün artıq bu iki dövlətin təkcə şüarda deyil, həqiqətən də bir millət olduğunu görürük. Ermənistanla Türkiyə sərhədinin asanlıqla açılacağını düşünmürəm. O sərhəddi türk xalqı bağlayıb. Onsuz da baş nazir Ərdoğan da vurğulayıb ki, Qarabağ problemi həll olunmadan sərhəd açılmayacaq. Əlbəttə ki, Qarabağ problemi həll olunarsa açılsın. Özüm hərbçi əsilli olsam da bilirəm ki, heç kim heç bir müharibədən xeyir görə bilməz. Azərbaycan torpaqları geri qaytarılsa hər şeydən əvvəl ermənilər üçün faydalı olar. Azərbycanla, Türkiyə ilə iqtisadi münasibətləri yaranar, inkişaf edər. Belə olarsa, hazırda kasıb olan Ermənistan daha xoşbəxt yaşaya bilər. Lobbi bu işin dostluqla, razılaşma ilə bitməyinə imkan vermir. Düşmənlik, kin yaxşı bir şey deyil.


- Qaydasına düşən münasibətlər iş dünyasına necə təsir edər?

- Bilirsiniz ki, İlham Əliyevin yürütdüyü siyasət çox açıqdır. İstəyir ki, türkiyəli iş adamları Azərbaycana gedib layihələrə sərmayə qoysunlar. Eynilə də azərbaycanlı iş adamlarını Türkiyəyə gəlib sərmayə qoysun. Həmişə bunu ön planda tutub. Azərbaycan son 3 ildə türkiyəyə 17 milyard dollar sərmayə qoyub.

- 15 il əvvəl Türkiyəyə gəlib burada məskunlaşan Mübariz Mənsimovla indi qarşımda əyləşən Mənsimovun vərdişləri necə dəyişib?

- Bəzir türk iş adamlarını anlamıram. Təyyarədə ekonom klassda uçurlar, buna sadəlik deyirlər. Halbuki, bu, xəsislikdir. Qazancımın 10%-ni özümə, ailəmə, dostlarıma xərcləməyi sevirəm. Lüks nədir? əsas odur ki, rahat olsun, hər şeyi geyinərəm. Pomidor və pendirlə hazırlanmış sendviç ən sevdiyim yeməkdir. 15 il əvvəl balaca təyyarə ilə uçurdum, indi böyük təyyarə ilə uçuram. Lüks olub olmamağının fərqi yoxdur. Balaca təyyarədə də eyni oturacaqda otururdum, böyükdə də. Evə gəlincə... Bilirsiniz ki, Sovet dövründə hər kəs bərabər yaşayırdı. Hər şeyini dövlətin ödədiyi 60 kvadratmetrlik evdə 9 uşaqlı ailədə böyümüşük. Evin böyüklüyü xoşbəxtlik demək deyil.

Evdəkilər razı olsa daha balaca evə köçərəm. Suya baş vurmağı, dənizin altında gəzməyi sevirəm. Bu lüksdür, yoxsa yox, bilmirəm.

- Marinaya başqa nə edəcəksiz?

- Marinanın arxasında hələ ki, tikintiyə başlamadığımız 100 hektarlıq ərazi var. Orada daha çox əyləncə sektoruna aid dükanlar, restoranlar, küçə kafeləri tikəcəyik. Parisin Şanzelizesinin kiçik variantı kimi olacaq. Uşaqlar üçün də yaxşı əyləncə mərkəzi tikəcəyik. 40 milyon dollara başa gələcək. Palmarinanın düynada alternativi yoxdur. Hazırda tam doludur. Gün ərzində 80 metrlik 6 gəmi yan alır.

Yayda çox olub ki, 3 milyard dollarlıq gəmi yan alıb. Hər gün marinaya təxminən 20 min nəfər girib çıxır. İtaliya və Yunan adalarından çoxlu müştəri cəlb etmişik. Yeni ildə daha böyük sürprizlər olacaq.

- Necə sürprizlər?

- Doğuş qrupunun İMG şirkəti ilə birlikdə Las-Veqas və Broadway-dəki şouları gətirəcəyik. Danışıqlar üçün Amerikaya gedirik. Məqsədimiz odur ki, varlı xarici turistləri Türkiyəyə cəlb edək. Bodrumun Marbelladan, Portaçelidən, İbizadan, Naysdan, Monakodan daha üstün yer olduğunu göstərmək istəyirik.
Hazırda Yalıkavakda davamlı olaraq işləyəcək işçilər üçün ailələri ilə birlikdə qalacalqarı 300 nəfərlik mənzil tikirik.

- Keçmiş Sovet Rusiyası kimi...

- Bodrumda 3 otelimiz, bir marinamız var. Biz mənzil verə bilmədiyimiz işçilərin kirayə pulunu ödəyirik. Kommunist rejimin hər şeyi pis deyildi axı. Təhsil, səhiyyə xidmətləri, insanların bərbarəliyi, etibarı var idi. Kapitalizm yaxşı işləmirsə, demokratiya demək deyil. Demokratiyanın ən yaxşı təzahürü sosializmdədir, hər kəsin bərabər olmağı. Amma Sovet İttifaqı dağılanda gördük ki, belə deyil. İndi də görürük ki, kapitalizmdə də çatlar yaranır.

İşçinə yaxşı şərait yaratmalısan ki, qarşılığını görəsən. Dünyada ən çox neft daşıyan, bir nömrəli şirkətik. Hər halda mən bunu təkcə özüm etməmişəm, kapitanlar, mühəndislər edib. Hər ilin sonunda mütləq avans paylayıram. Uşaqlarıma da deyirəm ki, bizim yediyimiz çörək işçilərin əməyinin nəticəsidir. Bölüşməyi bilmək məcburiyyətindəyik.

- Oteldən başqa hansı sərmayələriniz var?

- Mən xaricdə qazanıb Türkiyəyə sərmayə qoymuşam. Təkcə gəmiqayırma zavodlarına 1 milyard dollar sərmayə qoymuşuq. Gəmiqayırma zavodlarında 2 milyard dollarlıq yeni gəmi sifarişimiz var.

- Fərid Şahənglə yaxın dostsunuz. Fənərbaxça bu il yaxşı oynayır. Fəird bəy də sizə qoşulur?

- Futboldan heç danışmırıq. Fənərbaxçalı qardaşım Fərid bəy də, Qalatasaraylılar da inciməsin, amma məncə Türkiyənin yeganə xalq komandası Beşiktaşdır. Keçmiş idmançıyam. Xuliqanlığı dəstəkləmərəm. İdmanda xuliqanlıq, təhqir olmasın kifayətdir. Mənim Azərbaycanda da futbol klubum var. 9 milyon azərbaycanlıdan 3 milyonu həmin komandanı dəstəkləyir. Ağızlarından bir kəlmə söyüş çıxmaz. Söyüşləri futboldan uzaqlaşdırmaq lazımdır. Futbolçunun anası, bacısı bizim də anamız, bacımızdır.

Hazırladı: Fatimə Kərimli

Teqlər: