“Azərbaycanda feministlər olmayıb” - Hicran Hüseynova

   “Azərbaycanda feministlər olmayıb” -    Hicran Hüseynova
  14 İyun 2019    Oxunub:3863
“Azərbaycanda gender bərabərsizliyinin aradan qaldırılması üçün təkmil normativ hüquqi baza var. Bu qanunların qəbul edilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolu olub. Çünki vaxtilə Milli Məclisin deputatı olub, fəallığı ilə seçilib. Ölkədə “heç kəsin geridə qalmaması” prinsipilə addımlar atılır. Prezident İlham Əliyevin fərman və sərəncamlarının əsasını bu amil təşkil edir”.
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, ölkənin bir sıra yerlərində qadın assosiasiyaları fəaliyyət göstərir: “Ölkədə sahibkarların 30 faizi qadınlardır. Əvvəllər bələdiyyə sistemində qadınların payı 3-4 faiz idi. Bu istiqamətdə maariflənmə işi apardıq. Məqsəd o idi ki, qadınları bələdiyyələrə cəlb edək. Hazırda bələdiyyə sisteminin 35 faizini qadınlar təşkil edir. Qadınların özünə inamını gücləndirmək lazımdır. Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın. Birinci vitse-prezidentin fəaliyyəti bizim üçün örnəkdir”.

H.Hüseynova xatırladıb ki, 101 il əvvəl Azərbaycan qadınları seçmək və seçilmək hüququ əldə ediblər: “Bir çox Avropa ölkələrində qadınlar bu hüququ 1940-cı illərdə əldə etdilər. Bizim qadınlarımız ictimai həyatda uğurlu yol keçiblər. Digər ölkələrlə müqayisə edəndə deyirəm ki, Azərbaycanda feministlər olmayıb. Çünki biz öz hüquqlarımızı kişilərlə bərabər almışdıq. Ona görə kişilərlə bərabər çalışırıq. Bizə ehtiyac yox idi, mübarizə aparaq”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Hicran-Hüseynova   Komitə   Ailə   Qadın  





Xəbər lenti