Ali Məhkəmənin sədri qəbul keçirib

Ali Məhkəmənin sədri qəbul keçirib
  14 İyun 2019    Oxunub:2432
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıq və tövsiyələrinə uyğun olaraq, Ali Məhkəmə tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Ali Məhkəmənin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 14-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Şirvan şəhərində, Cinayət kollegiyasının sədri Şahin Yusifov Sabirabad, İnzibati-İqtisadi kollegiyanın sədri Hikmət Mirzəyev Saatlı rayonlarında vətəndaşların qəbulunu keçiriblər.

Qəbullar zamanı məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerində öz həllini tapıb. Digər müraciətlər üzrə isə Ali Məhkəmənin Aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid məhkəmələrin sədrlərinin və hakimlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə Ali Məhkəmənin sədri məhkəmə fəaliyyətinin dövlət başçısının tələbləri səviyyəsində təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin olunmasına dair tapşırıq və tövsiyələr verib. Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyətini qeyd edən Ali Məhkəmənin sədri bu mühüm sənədin məhkəmə fəaliyyətinin gələcək inkişafı üçün “yol xəritəsi” olduğunu, bu sahədə islahatların yeni inkişaf mərhələsinə keçdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, kompleks qanunvericilik, institusional və praktiki tədbirlər nəzərdə tutan proqram xarakterli Fərmandan irəli gələn vəzifələrin vaxtında, dürüst və dönmədən icrası təmin olunmalıdır.

Azvision.az



Teqlər: Məhkəmə   Hakim   Qəbul  





Xəbər lenti