Mühasibat uçotu ilə bağlı yeni cərimələr

Mühasibat uçotu ilə bağlı yeni cərimələr
  14 İyun 2019    Oxunub:6257
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Azvision.az xəbər verir ki, sənədə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi aşağıdakı redaksiyada verilir:

- Maddə 462. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması

462.1. Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə -

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

462.2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması məqsədi ilə mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmənin yaradılmamasına və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə, mühasibat uçotu xidmətinin göstərilməsinin təşkil edilməməsinə görə -

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

462.3. Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə -

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsi həmin maddədə göstərilən mühasibat uçotu subyektlərinə münasibətdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsi ilə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla tətbiq edilir.

Azvision.az


Teqlər: Prezident   Qanun   Cərimə  





Xəbər lenti