Ədliyyə naziri Gəncədə müşavirə keçirib

Ədliyyə naziri Gəncədə müşavirə keçirib
  15 İyun 2019    Oxunub:2404
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Azvision.az xəbər verir ki, dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 14-də ədliyyə naziri Fikrət Məmmədov Gəncə regional ədliyyə idarəsində vətəndaşları qəbul edib.

Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər çərçivəsində nazir, həmçinin ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.
Müşavirədə ədliyyə və məhkəmə fəaliyyətinin dövlət başçısının tələbləri səviyyəsində təkmilləşdirilməsi, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tapşırıq və tövsiyələr verilib.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyətini qeyd edərək bu mühüm sənədin ədliyyə və məhkəmə fəaliyyətinin gələcək inkişafı üçün "yol xəritəsi" olduğunu, bu sahədə islahatların yeni inkişaf mərhələsinə keçdiyini vurğulayıb, kompleks qanunvericilik, institusional və praktiki tədbirlər nəzərdə tutan proqram xarakterli Fərmandan irəli gələn vəzifələrin vaxtında, dürüst və dönmədən icrasının təmin olunmasını diqqətə çatdırıb.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Gəncə   Məhkəmə   Hakim   Müşavirə  





Xəbər lenti