Nazirlik imkansız ailəyə yardım edib

Nazirlik imkansız ailəyə yardım edib
  15 İyun 2019    Oxunub:3225
Şamaxı rayon sakini Hacıyeva Fəridə Gülməmməd qızının ailə vəziyyəti ilə bağlı mediada əksini tapan məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onun ünvanında olub, ailənin sosial vəziyyətini yerindəcə araşdırıblar.
Azvision.az -ın məlumatına görə, qurumun mətbuat katibi Fazil Talıbov deyib ki, üç övladı olan F.Hacıyevanın iki uşağı 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq kimi aylıq sosial müavinətlə (hər biri üçün aylıq 150 manat) təmin edilir. F.Hacıyevanın özünə də iki sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi üçün Prezidentin aylıq təqaüdü kimi aprelin 1-dən hər uşağa görə 50 manat (ayda 100 manat) təqaüd təyin edilib:

"Beləliklə, ona iki sağlamlıq imkanları məhdud uşağın hər biri üçün sosial müavinət və təqaüd formasında 200 manat, yəni ayda 400 manat təyin olunub. Hazırda ailə Fəridə Hacıyevanın anası Suğra Eyyubova ilə birgə yaşayır ki, ona da ayda 217,64 manat əmək pensiyası ödənilir".

O, qeyd edib ki, ailənin sosial yardım almaq hüququna da baxılacaq: " Belə ki, F.Hacıyeva həyat yoldaşı ilə olan nigahının ləğv edilməsi ilə əlaqədar soyadının dəyişdirilməsi məqsədilə yaxın günlərdə yeni şəxsiyyət vəsiqəsi alacaq. Bundan sonra ona ünvanlı yardım üçün e-qaydada müraciət etməsinə texniki köməklik göstəriləcək. İki sağlamlıq imkanları məhdud uşağının nazirliyin Uşaq Bərpa Mərkəzinin reabilitasiya xidmətlərindən faydalana biləcəyi, həmçinin istədiyi zaman kiçik ailə təsərrüfatını yaratmaq üçün özünüməşğulluq proqramına müraciət etmək imkanının olduğu da F.Hacıyevanın diqqətinə çatdırılıb".

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti