ABŞ-da yaşayan azərbaycanlı dirijor - FOTOLAR
Fərhad 1985-ci ildə Türkmənistanda anadan olub. 2001-ci ildə Aşqabadda Respublika Musiqi Məktəbinin doqquzuncu sinifini bitirərək ABŞ-ın Miçiqan ştatına gəlib. Burada “İnterlochen Arts Academy”-da orta təhsillə yanaşı skripka və bəstəkarlıq ixtisasını əldə edib. 2004-2008-ci illərdə Oberlin Konservatoriyasında həmin ixtisas üzrə ali təhsil alıb. 2008-2010-cu illərdə Kannektikut ştatındakı Yel Universitetində ikinci ali təhsil kimi dirijor ixtisasına yiyələnib. 2010-2011-ci illərdə Konnektikut, 2011-2012-ci illərdə Nyu Cersi orkestrlərində dirijorluq edib. 2012-ci ildən Kaliforniya ştatının Gənclərin Musiqi Orkestrində baş dirijor və musiqi direktoru vəzifəsində çalışır. Bu yaxınlarda Texas Universitetinin simfoniya orkestrinə dəvət alıb. Sentyabr ayından orada musiqi rəhbəri vəzifəsində işləməklə yanaşı, dirijorluq sənətini tədris edəcək.
Ömür-gün yoldaşı Marcilə xanım əslən Əfqanıstandandır. İxtisasca ekoloqdur. Alya adlı bir qızı var. Alya xanım hələ ki altı aylıq körpədir.
Fərhad artıq bir sıra uğura imza atıb. On iki yaşında olarkən Rusiyada keçirilən “Новые имена" festivalında ilk azərbaycanlı kimi üç il dalbadal təmsil olunub. 2007-ci ildə ABŞ-da keçirilən beynəlxalq kamera musiqisi festivalında qızıl medala layiq görülüb. 2009-cu ildə Yel Universitetində yenə də kamera musiqisi üzrə müsabiqədə birinci yerin mükafatına sahib çıxıb. 2015-ci ildə Tayvanda keçirilən dirijorların beynəlxalq müsabiqəsində çin musiqisinin ən yaxşı ifasına görə mükafat alıb. 2017-ci ildə Almaniyada baş tutan dirijorların Şolti adına beynəlxalq müsabiqəsində üçüncü yerə çıxıb. 2018-ci ildə isə Amerikanın gənc dirijorların müsabiqəsində Şolti adına mükafata layiq görülərək, Amerikanın beş ən yaxşı dirijorundan biri seçilib.
Təbiət qoynunda olmaqdan zövq alır. Mütaliə etməkdən yorulmur. Futbol oynamağı xoşlayır. Bədii yaradıcılıqla da məşğul olur. İndiyədək beş kamera və üç simfonik əsər bəstələyib.
Fərhad Azərbaycan musiqisinə də biganə deyil. Bu barədə Azərbaycan ictimaiyyəti məlumatsız olsa da, xeyli işlər görüb. 2013-cü ildə məşhur kamança ifaçısı İmamyar Həsənov və Montorey Gənclər Orkestrinin iştirakı ilə ABŞ-da ilk dəfə olaraq Azərbaycan simfonik musiqisindən ibarət konsert keçirilməsinə nail olub. Konsertdə onun dirijorluğu ilə Hacı Xanməmmədovun kamança və simfonik orkestr üçün bəstələdiyi musiqilər səsləndirilib. 2018-ci ildə isə Montorey Simfonik Orkestrinin iştirakı ilə daha bir konsert təşkil edib. Həmin konsertdə balaban ifaçısı Nicat Məsimov, nağara ifaçısı Natiq Şirinov və piano ifaçısı Abuzər Manafzadə də iştirak ediblər.
Həlim, gülərüz, mehriban gəncdir. Ana dilində sərbəst danışa bilməsə də fikirlərini ifadə etməyi yaxşı bacarır. İngilis, rus, alman dillərində danışa bilir. Türkmənistanda, ABŞ-da boya-başa çatsa da, milli kimliyini unutmur və nə vaxtsa, haradasa kimsə soruşanda azərbaycanlı olduğunu fəxrlə söyləyir.
İnanıram ki, bu istedadlı, gənc dirijor Azərbaycan musiqisini Amerikada hələ çox tanıdacaq.
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Azvision.az
Teqlər: Amerika Maestro Drijor