Əsgər ölümlərinə don – TƏHLİL

Əsgər ölümlərinə don – TƏHLİL
  11 Mart 2013    Oxunub:2112
Hə, indi aksiyadan çəkilən şəkilləri yaymaqla “Azərbaycan polisi şəhid anasına əl qaldırdı” kimi şərhlər yazıb, insanların ən həssas duyğularına toxunmağa cəhd etmək olar. Yəqin istənilən də elə bu idi. Yoxsa əsgər ölümünə niyə məhz BU CÜR etiraz edilməliydi ki? “Bu cür”ün üstündə bir az geniş dayanmaq istəyirəm.

Əsgərlərimizin başına hansısa iş gəlməsini heç kim istəmir. Bunu heç istəməyən insan isə Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. Sadəcə ona görə ki, ayrı cür ola bilməz. Müharibə vəziyyətində olan ölkənin ordusunda baş verən əsgər ölümləri bütün fəaliyyəti həmin ordunu gücləndirməyə yönəlmiş bir insanı hamıdan artıq narahat etməyə bilməz. Sadəcə, o, nə, nə vaxt və necə etməyi başqalarından daha yaxşı bilir.

Bəs guya əsgər ölümünə qarşı çıxanlar nə edirlər?.. İcazə verilməyəcəyi əvvəlcədən bəlli olan yerdə aksiya təyin olunur. Niyə? Axı hər kəs qabaqcadan bilir ki, Fəvvarələr meydanında keçirilən aksiya dağıdılacaq. Bunu bilə-bilə niyə şəhid anaları, ataları ora çıxarılmalıdır? Yəqin, elə ona görə ki, kimlərəsə həmin valideynlərin meydandan necə dağıdıldığını görmək, çəkmək, göstərmək lazımdır.

Burada ciddi düşünməyə vadar edən bir məqam var. Əsgər ölümü və buna etiraz edən əsgər valideyninin meydandan qovulması çox-çox ağrılı haldır. Buna heç kim etinasız qala bilməz. İstənilən şəxs polisin meydandan dartıb apardığı əsgər valideynlərini görəndə çox pis olur. Amma heç də hamı baş düşmür ki, ayrı yolu yoxdur. Şəhərin mərkəzində icazə verilmədiyi halda aksiya keçirmək o qədər ciddi məsələdir ki, bu işdə hətta şəhid valideyninə də güşətə getmək olmaz. Bu, dövlətin sabitliyi məsələsidir. Bu gün keçirilən bir icazəsiz mitinq sabahkı xaosun başlanğıcı ola bilər. Və əgər icazəsiz mitinqlərə imkan yaradılarsa, bu, sabah ölkədə sabitliyin pozulmasına, nəticədə o cür şəhid valideynlərinin sayının dəfələrlə artmasına gətirib çıxarar.

Məsələ ondadır ki, əsgər ölümü bütün cəmiyyətin problemi olduğu halda, niyə bunu ancaq radikal müxalifətçi gənclər təşkilatı “özəlləşdirir” ki? Və niyə bu, hakimiyyətin yaratdığı, amma müxalifətin həll etməyə çalışdığı məsələ kimi təqdim olunur?

Sualı daha da geniş qoymaq istərdik: niyə məhz prezident seçkisi ilində əsgər ölümləri belə kəskin artır? Və bununla da radikallara cəmiyyəti heç bir halda laqeyd qoymayacaq bir arqument verilir? Ordudakı əsgər ölümlərində Azərbaycanda sabitliyin pozulmasında maraqlı olan hansısa qüvvənin barmağı ola bilərmi?.. Yəni belə bir sxem mümkündürmü: hansısa gizli qüvvə bir tərəfdən Orduda əsgər ölümləri “təşkil edir”, digər tərəfdən, bu məqsədlə aksiyaların keçirilməsinə rəvac verir. Həmin aksiyalara çıxanlar isə heç özləri də bilmirlər ki, hansı oyunun iştirakçısına çevriliblər.

Təəssüf ki, bu tip suallara birmənalı cavablar vermək mümkünsüzdür. Əgər hətta həqiqətən bu cürdürsə belə, ola bilər ki, biz o həqiqəti heç zaman bilməyək. Amma fakt ortadadır ki, seçki ilində radikalların qabağına aksiyalar keçirmək üçün çox təsirli bəhanə atılıb. Düşünək: seçki ilində radikalların hakimiyyətə qarşı aksiya keçirmək üçün praktik olaraq heç bir əsası yox idi. Nə deyəcəkdilər? “Siyasi məhbus?” “İnsan haqları?” Bu kartlar çoxdan köhnəlib və cəmiyyətdə heç bir rezonans doğurmur. Amma əsgər ölümü kimi faciə sanki onlar üçün göydəndüşmə oldu, dərhal “özəlləşdirdilər” və nəyə görəsə hakimiyyətə qarşı çevirdilər. Halbuki məntiqlə yanaşanda, bütün hallarda bunu heç istəməyəcək olan tərəf hakimiyyətdir. Çünki hələ daxili siyasət bir qırağa, bu, erməni təbliğatı üçün əlavə materialdır.

Axı nə baş verib ki, məhz seçki ilində əsgər ölümləri belə kəskin artsın?.. Buna səbəb yoxdur axı. Azərbaycan Ordusunda vəziyyət ideal olmasa da, əvvəlki illərlə müqayisədə yaxşıya doğru dəyişməsi danılmazdır. Bəs niyə əsgər ölümləri əvvəlki illərlə müqayisədə əksinə, artıb?..

Və o da çox maraqlıdır ki, son vaxtlar Azərbaycandakı bütün gərginliklər dövlət başçısı ölkədə olmayanda yaşanır.

Bəli, Orduda əsgər ölümü bütün cəmiyyət üçün ağır faciədir. Amma bu faciə radikal siyasi kəsimin əlində hakimiyyətə qarşı çevrilən arqument səviyyəsinə endirilməməlidir. Çünki bu halda əsgər ölümləri daxili siyasət vasitəsinə çevirilir. Bu, faciədən istifadə etməkdir, buna yol vermək olmaz.

Vüsal Məmmədov


Teqlər:





Xəbər lenti