Avropa Parlamentində Azərbaycan-Nato əlaqələri danışıldı

Avropa Parlamentində Azərbaycan-Nato əlaqələri danışıldı
  28 Noyabr 2013    Oxunub:1252
Avropa Parlamentində Azərbaycan-NATO əməkdaşlığına dair seminar keçirilib
Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Belçikadakı nümayəndəliyinin təşkilatçılığı ilə Avropa Parlamentindəki Azərbaycanın Dostları Qrupunun üzvlərinin iştirakı ilə seminar keçirilib.

AAC-dan bildirilib ki, seminarın məqsədi Azərbaycanın NATO qarşısındakı öhdəliyinə dair informasiya və fikir mübadiləsi aparmaq, əməkdaşlığın perspektivlərini müzakirə etmək olub.

Seminarda NATO-nun hazırkı fəaliyyəti və perspektivləri, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığında Alyansın rolu, Azərbaycan-NATO dialoqunda rəsmi Bakının mövqeyi kimi məsələlər müzakirə olunub.

Seminarda qeyd edildi ki, Azərbaycan NATO-nun ən ümidverici və etibarlı tərəfdaşları arasındadır və hazırda Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verir.

Avropa Parlamentinin Slovakiyadan olan deputatı Katarina Nevedalova isə bildirdi ki, qurumun üzvləri Cənubi Qafqazdakı, xüsusilə də Azərbaycandakı inkişafdan xəbərdardırlar. Avropa ilə Azərbaycan arasında informasiya mübadiləsini intensivləşdirmək və yeni müstəviyə çıxarmaq lazımdır.

Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim cari əlaqələrin icmalını verib, NATO-nun və Azərbaycanın demokratik, institusional və müdafiə islahatlarında fəal əməkdaşlıq etdiyini söylədi. O qeyd etdi ki, ötən 10 ildə tərəflər arasında mülki müdafiənin planlaşdırılması, elmi mübadilə, ətraf mühitin mühafizəsi və ictimai informasiya kimi sahələrdə əməkdaşlıq həyata keçirilib.

Azərbaycan NATO-nun ən etibarlı tərəfdaşlarından biri kimi qəbul olunur. Azərbaycanın NATO ilə dialoqu sadəcə müxtəlif missiyalar zamanı insani və təchizat dəstəyini təmin etmək kimi siyasi öhdəlikdən ibarət deyil. Azərbaycan mənəvi və hüquqi məsələləri əhatə edən planlarda da fəal iştirak edir.

Azərbaycanın Belçikadakı səfiri və Avropa İttifaqı yanında nümayəndəliyin başçısı Fuad İsgəndərov və Avropa Parlamentinin Latviyadan olan deputatı İnes Vayder çıxışlarında ölkəmizin NATO ilə əməkdaşlığından danışıblar.

AAC-ın Belçikadakı nümayəndəliyinin rəhbəri Roman Huna bildirib ki, NATO Azərbaycanın öz etibarlılığını və əməkdaşlıq sahəsində yaradıcı mövqeyini nümayiş etdirdiyi ən qabaqcıl beynəlxalq təşkilatlardan biridir. Azərbaycanın sülhməramlı əməliyyatlara verdiyi töhfələr beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.


Teqlər:  





Xəbər lenti