Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayıb

  20 İyun 2019    Oxunub : 1414
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayıb
2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı başlanıb.
DİM-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qeydiyyat ümumilikdə iyunun 20-dən iyulun 3-dək davam edəcək. Bədən tərbiyəsi və idman istiqamətinin 60, 61, 62-ci, təsviri sənət istiqamətinin 14-cü (dizayn) komissiyaları üzrə qeydiyyat 28 iyunda başa çatacaqdır. Göstərilən komissiyalarla yanaşı digər komissiyaların da qeydiyyatından keçmək istəyən abituriyentlər öz seçimlərini iyunun 28-nə kimi təsdiqləməlidirlər. Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının 2 istiqaməti və ümumilikdə 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

Abituriyentlər DİM-in saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş linkdən istifadə etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (ödənişsiz) olacaq.

Qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan qəbul (buraxılış) imtahanından ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə 60 bal, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə isə 40 bal toplayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

Qabiliyyət imtahanları iyulun 2-dən avqustun 2-dək keçiriləcək. Abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək.

I ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qeydiyyat iyulun 8-13-də aparılacaq, qabiliyyət imtahanları isə iyulun 19-23-də keçiriləcək.

Azərbaycan İlahiyyat İnstitutunun III ixtisas qrupuna aid olan islamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı iyulun 20-24-də aparılacaq, qabiliyyət imtahanları isə 27 iyul-2 avqust tarixlərində keçiriləcək.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat iyulun 8-16-da aparılacaq, qabiliyyət imtahanları isə iyulun 18-22-də keçiriləcək.

Azvision.az

Teqlər: DİM   İmtahan