Naxçıvanlılar 10 ayda 1 milyard qazanıb

Naxçıvanlılar 10 ayda 1 milyard qazanıb
  28 Noyabr 2013    Oxunub:1445
2013-cü ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 768 milyon 736 min 600 manatlıq Ümumi Daxili Məhsul istehsal olunub.

Bu barədə AzVision.az saytına Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu il qeydə alınann göstərici 2012-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 8,6 faiz çoxdur.

Qeyd edilr ki, Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi tutmaqdadır. Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 7,4 faiz artaraq 4104,7 manata (5231,6 ABŞ dollarına) çatıb.

Rəsmi statistikada göstərilir ki, 2013-cü ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 725 milyon 161 min 800 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 6,8 faiz üstələyib.

Komitədən məlumatına əsasən, cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 886 milyon 870 min 400 manat həcmində investisiya yönəldilib. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 8,9 faiz artıb.

Qeyd olunan dövr ərzində informasiya və rabitə xidmətlərinin həcmi 38 milyon 848 min 400 manat olub ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 33 milyon 299 min 600 manat olmaqla bir il öncəki göstəricini 6,6 faiz üstələyib.

Bu ilin yanvar-oktyabr aylarında muxtar respublikada 280 milyon 719 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 7,1 faiz çoxdur. Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada 15,9 min ton ət (diri çəkidə), 72,5 min ton süd istehsal edilib, 2012-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə ət istehsalı 3,3 faiz, süd istehsalı 0,2 faiz artıb.

Məlumatda bildirilib ki, bu lin yanvar-oktyabr aylarında muxtar respublikada əhalinin gəlirləri 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artaraq 1 milyard 334 milyon 821 min 600 manat, onun hər bir nəfərə düşən həcmi isə 3,5 faiz yüksələrək 3097,8 manat təşkil edib.

Muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 376 manat təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artıb.

1 noyabr 2013-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 23979-a çatıb. Bunun da 20701-i və ya 86,3 faizi aktiv hesablardır. 2013-cü ilin yanvar-oktyabr ayları ərzində açılmış 7168 bank hesabının 7114-ü və ya 99,2 faizi aktiv hesablardır.

Qeyd olunan dövr ərzində muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 387 milyon 17 min Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə xarici ticarət dövriyyəsi yaranıb. İxracın həcmi son bir il ərzində 5 faiz artaraq 287 milyon 820 min ABŞ dollarından çox olmuş və xarici ticarət üzrə 188 milyon 623 min ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranıb.

2013-cü ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 36 milyon 123 min 400 manat həcmində kreditlər verilib.

1 noyabr 2013-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 8889 nəfər və ya 2,1 faiz artaraq 434548 nəfər təşkil edib. 2013-cü ilin yanvar-oktyabr aylarında 8627 körpə doğulub.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti