Nuşirəvan Məhərrəmli telekanallardan narazıdır

Nuşirəvan Məhərrəmli telekanallardan narazıdır
  28 Noyabr 2013    Oxunub:1213
Azərbaycan teleseriallarında nümayiş olunan pis vərdişlərin aradan qaldırılması ilə bağlı telekanallara məktub göndərilib.

Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib: "Bizim teleseriallarımızda bu cür hərəkətlər var. Biz bu məsələ ilə bağlı telekanallara müraciət etmişik. Bununla bağlı hətta Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsi də bizə müraciət etmişdi. Yəni, maşında olarkən edilən hərəkətlər mövcud qayda-qanunlara uyğun olmalıdır. Misal üçün, işıqforun qırmızı işığında yolu keçmək olmaz, maşına oturarkən ilk növbədə kəməri bağlamaq lazımdır".

N.Məhərrəmli əlavə edib ki, siqaret çəkməyin də teleseriallarda göstərilməsi yaxşı hal deyil: "Yenə deyirəm, bunlarla bağlı biz telekanallara məktubla müraciət etdik ki, onlar hansı prodakşnla çalışırlarsa, bizim bu barədə tövsiyələrimizi onlara çatdırsınlar. Yəni, biz insanlarda yaxşı vərdişlər yaratmalıyıq, pis vərdişlər formalaşdırmalı deyilik".

MTRŞ sədri, həmçinin xarici teleseriallarda müəyyən böyük binaların, marketlərin, tibb ocaqlarının loqolarının mozaikalarla bağlanması məsələsinə də toxunub: "O da zamanla öz həllini tapcaq. Teleseriallar sahəsi bizdə hələ ki çox təcrübə toplamış sahə deyil. Bilirsiniz ki, son üç ildə bu sahədə xüsusi canlanma başladı və ondan sonra bu sahə inkişaf etməyə başladı. Hesab edirəm ki, bir neçə ildən sonra bu sahə lazımi standartlara gəlib çatacaq. Biz də daim öz tövsiyələrimizi verəcəyik".

Azərbaycan yol polisi də teleseriallarda yol hərəkəti qaydalarının pozulması hallarının nümayişindən narahatdır.
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev öncə Trend-ə deyib ki, seriallarda, proqramlarda yol hərəkəti qaydalarının pozulması məqamlarının nümayiş etdirilməməsi üçün telekanalların rəhbərlərinə müraciət edilib: "Teleseriallar çəkilərkən orada yol hərəkəti qaydalarına əməl olunması düzgün təbliğ edilərsə, bunun sürücülərin maariflənməsinə böyük təsiri olar. Türkiyə seriallarında hətta cinayətkar olsa belə, avtomobildə sükan arxasına oturarkən təhlükəsizlik kəmərini bağlayır. Azərbaycanda da televiziyalara müraciət etmişik ki, seriallar, verilişlər yayımlananda bu cür hallara diqqət yetirilsin". (trend)


Teqlər:





Xəbər lenti