Ziyalılar Forumu dağılır

Ziyalılar Forumu dağılır
  28 Noyabr 2013    Oxunub:1042
Bir qrup müxalifyönlü ziyalının toplaşdığı Ziyalılar Forumu fəaliyyətini dayandırmaq üzrədir.
Kinodramaturq Rüstəm İbrahimbəyovun həmsədri olduğu qurumun seçkidən sonra çöküşü daha da sürətlənib. Forum üzvlərinin əksəriyyəti Milli Şurada təmsil olunduğundan ziyalılar arasında kəskin ziddiyət yaranıb.

Xatırlayırsınızsa, mətbuata açıqlamasında yazıçı, Ziyalılar Forumunun üzvü Əkrəm Əylisli qurumun əlehyinə olduğunu nümayiş etdirib. O, Milli Şurada təmsil olunan ziyalıların forumdan kənarlaşdırılmasını tələb edib. Çıxışından məlum olub ki, “Daş yuxular” qalmaqalında dostlarının tək qoyduğu Əylisli üçün forumun artıq heç bir önəmi qalmayıb.

Gözlənildiyi kimi yazıçının bu fikirləri forum üzvləri tərəfindən anlayışla qarşılanmadı. Ona qarşı mətbuat üzərindən hücumlar başladı. Əylislinin fikirlərinə ilk reaksiya sabiq deputat Gültəkin Hacıbəylidən gəldi. Sonradan müxalifətə qoşulan xanım Hacıbəyli Əkrəm Əylisinin fikirlərini əhəmiyyətsiz olduğunu dilə gətirərək yazıçını tənqid atəşinə tutdu.

Bu qalmaqal Ziyalılar Forumunda yaşanan ziddiyyətlərdən xəbər verirdi. Forum təsisçisi R.İbrahimbəyovun da seçkidən sonra ziyalıları bir arada toplamaqda maraqlı olmadığı görünür. Seçkidə istəklərini reallaşdıra bilməyən İbrahimbəyov üçün Ziyalılar Forumunu saxlamaq əlavə xərcdən başqa bir şey deyil. Bu baxımdan forum aylardır toplana bilmir.

Vaxtilə qurumun əsas aparıcı gücləri hesab edilən Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, Musa Yaqub, Ramiz Rövşən, Rafiq Əliyev rəsmən etiraf etməsələr də forumdan kənardadırlar. Eldar Namazov isə nə Ziyalılar Forumunda, nə də Milli Şurada özünə yer tapa bilmədiyindən bu məsələlərə kənarda seyirci gözü ilə tamaşa edir.

O da mətbuata açıqlamasında Ziyalılar Forumunun yaxın vaxtlarda buraxılacağına işarə edib. Namazov Milli Şuranın forumun fəaliyyətinə əngəl olduğunu deyib.

Forumun Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev də qurumun toplana bilmədiyini etiraf edib.

“Biz mütəmadi olaraq səy göstəririk ki, yığışaq. Sadəcə müəyyən obyektiv səbəblərə görə hələ toplaşa bilmirik”-, deyə bildirən E.Quliyev forumun var olduğuna özünü inandırmağa çalışıb.

Məsələyə məntiqlə yanaşanda hazırki situasiyada Ziyalılar Forumunun saxlanılması üçün heç bir siyasi maraq və perspektivin olmadığını deyə bilərik.

AzVision.az


Teqlər:  





Xəbər lenti