Avrasiyanın biznes elitası İstanbula toplaşır

Avrasiyanın biznes elitası İstanbula toplaşır
  28 Noyabr 2013    Oxunub:1254
Hikmət Ərən: “30 ölkədən 300 iş adamını Qəbzədə qarşılayacağıq”
Avrasiya İqtisadi Əlaqələr Assosiasiyası (EkoAvrasiya) və Qara Dəniz Hövzəsi Sənayeçiləri və Sahibkarları Assosiasiyası (TÜKSİAD) Avrasiya məkanından olan iş adamlarını bu il dekabrın 12-15-i aralığında Türkiyənin sənaye şəhəri olan Qəbzədə qarşılamağa hazırlaşır.

Bu forumla bağlı EkoAvrasiya İdarə Heyətinin rəhbəri Hikmət Ərən məlumat verib.

H.Ərənin sözlərinə görə, 22 milyon kvadratmetrlik bir coğrafiyanı əhatə edən və 1 trilyon dollardan artıq rəsmi gəliri olan Avrasiya bölgəsi ilə Türkiyə arasında ticarət və iqtisadi əlaqələrin artırılması üçün xüsusilə son illərdə önəmli işlər həyata keçirilir. Həmin bölgədən bir çox iş adamları və firma sahiblərinin təmsilçiləri ölkəmizə investisiya yatırmaqla yanaşı mühüm ticarət müqavilələri də imzalayırlar.

“Hər sahədə ölkəmizlə Avrasiya dövlətləri arasındakı əlaqələrin ən yüksək səviyyəyə çatdırılması, ölkəmizin beynəlxalq arenada layiq olduğu yerə görə qiymətləndirilməsi Avrasiya İqtisadi Əlaqələr Assosiasiyasının əsas vizyonudur” - deyən Hikmət Ərən dərnəklərinin bu vizyona çatmaq üçün üzərinə götürdüyü missiyanı da açıqlayıb.

“Məqsədimiz dünya üzərində əhəmiyyəti getdikcə artan və çəkisini hər sahədə hiss etdirməyə başlayan Avrasiya ölkələri ilə digər dünya dövlətləri arasında yaşanan bu hərəkətliliyi Türkiyə baxımından da iqtisadi və sosial sahələrdə bir sıçrayışa çevirmək və Avrasiya ölkələri ilə Türkiyə arasında güclü, dinamik və daimi əlaqələrin qurulmasına töhfə verməkdir” - deyə EkoAvrasiya İdarə Heyətinin rəhbəri bildirib.

H.Ərən ticarət sektorunda son illərə aid statistik rəqəmlərin, Avrasiya ölkələri ilə Türkiyənin əhəmiyyətli nisbətdə açıq verdiyinə diqqət çəkib: “5 milyard dollarlıq ixracata qarşı 17 milyard dollarlıq idxal reallaşır ki, burada da ağırlığı neft və təbii qaz təşkil edir. Türkiyə xarici ticarətinin 47 faizini Rusiya ilə aparır. Ümumi idxalımızın 75 faizi də yenə bu ölkəyə aiddir”.

Avrasiya bölgəsindən ən çox hansı sahələrdən tələb gəldiyinə dair suala H.Ərənin cavabı belə olub: “İstehsalatla bağlı olan sahələrə ciddi tələbat var. Tekstil, qida istehsalı, kənd təsərrüfatına əsaslanan müəssisələr, avtomobil hissələrinin istehsalı sənayesı, soyuducu və mexaniki sahələr əsas tələb görən ən vacib sektorlardır. Türk inşaat firmaları bölgədə olduqca aktiv vəziyyətdədir. Mövcud potensialı ilə Avrasiya bölgəsi Türkiyə üçün əhəmiyyətli bir bazardır”.



Türkiyənin sənaye mərkəzi olan Qəbzədə TÜKSİAD ilə birlikdə böyük bir foruma imza atacaqlarını dilə gətirən H.Ərən deyib ki, bu layihə çox əhəmiyyətlidir: “İstanbul yolu üzərində yerləşən Qəbzədə sənaye sürətlə inkişaf edir. Türkiyənin ən böyük 500 fabrikinin təxminən 10 faizi burada yerləşir. Forumun ən böyük dəstəkçiləri Qəbzə şəhərinin meriyası, Qəbzə şəhərinin Ticarət Palatası və MARKA-dır (Mərmərə dənizinin şərq regionunun İnkişaf Agentliyi). Hər birinə indidən dərin təşəkkürümü bildirirəm”.

Bu forum vasitəsilə Türkiyənin sənaye mərkəzi olan Qəbzədə Avrasiyanın 30 ölkəsindən 300 iş adamını qonaq etməkdən böyük qürur duyacaqlarını dilə gətirən H.Ərən bildirib ki, həyata keçiriləcək layihə “Türkiyənin inkişafına okeanda bir damla da olsa fayda verəcəksə, bu, bizi çox sevindirmiş olacaq”.

Xatırladaq ki, Avrasiya Biznes Forumuna Azərbaycan, Əfqanıstan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Kosovo, Makedoniya, Monqolustan, Moldova, Özbəkistan, Polşa, Rumıniya, Rusiya Federasiyası (Başqırdıstan, Dağıstan, Tatarıstan), Tacikistan, Türkmənistan, Ukrayna, Yunanıstan və Türkiyədən iş adamları, Qaqauziya Muxtar Respublikasının prezidenti Mixail Formuzal, Makedoniyanın dövlət naziri Hadi Nezir, Kosovo dövlət idarəetməsi naziri Mahir Yağcılar, Şimali Kiprin baş nazirinin müavini Serdar Denktaş, Kosovo sənaye və ticarət nazirinin müavini Cüneyt Ustaibo, senatorlar, millət vəkilləri, səfirlər, Ticarət Palatası rəhbərləri və sektor nümayəndələri qatılacaq.

Layihə çərçivəsində Qəbzəyə gələn iş adamları birinci gün biznes və iqtisadi fəaliyyətlər, investisiya imkanları, bölgədə sərmayə subsidiyaları məsələlərinin müzakirə olunacağı foruma qatılacaqlar. Forum türk, ingilis və rus dillərində səsləndiriləcək. İkitərəfli əməkdaşlığın həyata keçiriləcəyi ikinci gün istehsal müəssisələri, fabrik və sənaye bölgələrinə səfərlər təşkil olunacaq. Proqramın son günü isə iş adamları üçün Qəbzə və ətrafındakı tarixi, mədəni yerlərə gəzinti nəzərdə tutulur.(virtualaz.org)




Teqlər:  





Xəbər lenti