Fransada Məhsəti Gəncəvi sərgisi - FOTOLAR

Fransada Məhsəti Gəncəvi sərgisi - FOTOLAR
  29 Noyabr 2013    Oxunub:3511
Azərbaycanın zəngin mədəniyyətini fransızlara yaxından tanıtmaq məqsədilə müxtəlif tədbirlər hazırlayıb həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 28-də Fransanın tarixində mühüm rol oynayan və ən qədim şəhərlərindən olan Reymsin möhtəşəm To sarayında rübailəri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunan sərgi təşkil edilib.

Sərgini açan sarayın inzibatçısı Benua-Anri Papuno bu cür tədbirlərin müxtəlif mədəniyyətlərə malik xalqların biri-birlərini yaxından tanıması, ölkə barəsində müəyyən məlumatlar əldə edilməsində müstəsna rol oynadığını, sərgidə nümayiş etdirilən eksponatların Azərbaycanın qədim və zəngin mədəniyyətindən xəbər verdiyini vurğulamışdır.
Qonaqları salamlayan şəhər merinin müavini Jak Kuen çıxışında Azərbaycanın ilk dəfə Reymsdə təşkil olunan beynəlxalq yarmarkada iştirak etməsindən məmnunluq hissi keçirdiyini, Məhsəti Gəncəvi ilə bağlı şəhərdə keçirilən silsilə tədbirlərin davamı kimi Azərbaycan incəsənət ustalarının Reyms Konservatoriyasında çıxış edəcəyini bildirib.

Ölkəmizin mədəni dəyərlə zəngin olduğunu diqqətə çatdıran Jan Kuen sərgidə nümayiş olunan eksponatların Azərbaycanın qədim bir ölkə kimi şəhər əhalisində ətraflı təsəvvür yaradacağına əminliyini vurğulayıb.

Şampan-Ardenn Regional Şurasının sədri Jan-Pol Başi bir neçə həftə əvvəl Fransa nümayəndə heyətinin tərkibində Bakıda keçiriləndıb. Azərbaycanın dünyanın iki qitəsinin və müxtəlif ölkələrin yol ayrıcında, əsasən də müsəlman ölkələri ilə sərhəddə, qədim sivilizasiyaların qovşağında yerləşdiyini, özünəməxsus adət və ənənələri olduğunu bildirib.

Azərbaycanın yeraltı sərvətlərlə, xüsusilə neft və qazla zənginliyini diqqətə çatdıran regional sədr Bakı və Gəncənin ölkəmizin əsas böyük şəhərləri olduğunu, son zamanlar hər iki şəhərin müasir görkəm aldıqlarını vurğulayıb, Reyms Universitetinin Gəncə Dövlət Universiteti ilə əlaqələr qurmaqda maraqlı olduğunu bəyan edib.

Gəncədə keçirilən beynəlxalq şərab festivalında iştirakını xatırladan Jan-Pol Başi Şampan regionunun öz şərabları ilə dünyada tanındığını vurğulayıb və bu sahədə Gəncə şəhəri ilə birgə fəaliyyətə önəm verdiyini, Azərbaycanda turizm imkanlarının genişləndiyini və bu istiqamətdə əməkdaşlığın yaradılmasının vacibliyini qeyd edib.

O, Gəncədə yaşayıb yaratmış Məhsəti Gəncəvinin yalnız Vətəninin gözəlliyini tərənnüm edən rübailər müəllifi kimi deyil, eyni zamanda, lirik məhəbbət mahnılarının ifaçısı kimi də məşhur olduğunu bildirib.

Ölkəmizin Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova Xll əsrin şairəsi, yazıçısı, rəssamı və kalliqrafiya ustası kimi tanınan Məhsəti Gəncəvinin Şərq İntibahının mədəniyyət mərkəzlərindən biri olan Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yaşayıb yaratdığını, bu şəhərdə öz əsərləri ilə bəşər ədəbiyyatını zənginləşdirən daha bir söz ustası-Nizami Gəncəvinin də dünyaya göz açdığını diqqətə çatdırıb.

Məhsəti Gəncəvi yaradıcılığında bərabərlik, qardaşlıq və azadlıq kimi bəşəri ideyaların tərənnüm edildiyini xüsusi vurğulayan müşavir şairənin ictimai həyatda da fəal rol oynadığını, gənc qızları öz ətrafına toplayıb ədəbi dərnək təşkil etdiyini, şairənin yaşadığı dövrdən 900 əsr keçməsinə baxmayaraq onun ideyalarının bu gün də müasirliyini itirmədiyini bildirib.

N. Hüseynova xalqına yüksək bəşəri ideyalar təlqin edən Məhsəti Gəncəvinin adına məktəblər və küçələr olduğunu, 1980–ci ildə doğma şəhəri Gəncədə ona abidə ucaldıldığını, Prezident İlham Əliyevin şairənin 900 illiyi ilə əlaqədar sərəncam imzaladığını, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Məhsəti Gəncəvinin əsərlərinin müxtəlif dillərə tərcümə olunaraq nəfis şəkildə çap edildiyini, şairənin xatirəsinin UNESCO kimi nüfuzlu təşkilatda və səfirlikdə qeyd olunduğunu bildirib.
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin Azərbaycanın ikinci şəhəri olmaqla yanaşı, həm də qədim mədəniyyət və incəsənət mərkəzi olduğunu xatırlatmış, dünya ədəbiyyatına Nizami Gəncəvi və Məhsəti Gəncəvi kimi dühalar bəxş etdiyini vurğulayıb.

O, Prezident İlham Əliyevin sərəncamına əsasən Nizami Gəncəvinin 870 və Məhsəti Gəncəvinin 900 illiyinin Azərbaycanda və onun hüdudlarından kənarda qeyd olunmasından böyük qürur hissi duyduğunu, Gəncədə Məhsəti Gəncəvi ilə bağlı silsilə tədbirlərlə yanaşı ikinci beynəlxalq şərab festivalının keçirildiyini, festivalda Fransadan böyük nümayəndə heyətinin iştirak etdiyini, Gəncənin 2016-cı ildə “Avropa gəncələrinin paytaxtı” elan olunduğunu bildirib.
Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, beynəlxalq aləmdə imicinin formalaşdığını vurğulayan icra başçısı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin mədəni dəyərlərini Fransada tanıtmaq istiqamətində böyük və yadda qalan layihələr həyata keçirdiyini, keçən il Mehriban xanım Əliyevanın iştirakı ilə Reymsdə Azərbaycanla bağlı möhtəşəm tədbirin keçirildiyini diqqətə çatdırıb, ölkələrimiz arasında əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.

Reyms Universitetinin vitse-prezidenti professor Nureddin Manamanni çıxışında Gəncə Dövlət Universiteti ilə əlaqələrin qurulmasında, ikitərəfli əməkdaşlıqda və tələbə mübadiləsində maraqlı olduqlarını bildirib.

Sərgidə nümayiş etdirilən Məhsəti Gəncəvi dövrünə məxsus qadın geyimləri, xalçalar üzərində şairənin əsərlərinə çəkilən illüstrasiyalar, qədim pul vahidləri, misgərlik və dulusçuluq sənət nümunələri, çini qablar və digər eksponatlar şəhər sakinlərinin və digər qonaqların böyük marağına səbəb olub.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti