Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib
  01 İyul 2019    Oxunub:1701
Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, kollegiya iclasında çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyevin dövlət inkişafı kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli tərəqqisini, vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən sosialyönümlü mühüm qərarların qəbul olunduğunu, dövlət idarəçiliyinin təkmilləşdirilməsi üzrə önəmli addımların atıldığını vurğulayıb. Qeyd olunub ki, ölkənin hərtərəfli inkişafına uyğun olaraq ədliyyə və məhkəmə sistemi də islahatlar aparılmaqla müasirləşir.

İclasda dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülmüş işlər əyani təqdimatla nümayiş etdirilməklə ətraflı təhlil olunub.

Məlumat verilib ki, ölkədə iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn qanunyaradıcı fəaliyyətdə nazirlik tərəfindən yaxından iştirak edilərək cari ildə hazırlanmış normativ akt layihələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz artaraq 800-ə çatıb, 1300-dək belə akt ekspertizadan keçirilib, 1600-dək sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Ədliyyə Nazirliyi tərəfindən aparılan vətəndaşların daha çox bəhrələndiyi qanunvericiliyin elektron resurslarına (huquqiaktlar.gov.az və e-qanun.az) edilən başçəkmələrin sayı 40 faiz artaraq 900 minə çatıb. Həmin elektron bazalara əlçatanlığın asanlaşdırılması, onların funksionallığının artırılması üzrə əməli işlər görülür.

Notariat fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən bu sahədə yeni qanunvericiliyin implementasiyası çərçivəsində Notariat Palatasının yaradılması, notariat ofislərinin fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlər görülüb, qanunvericilikdəki dəyişikliklərlə əlaqədar hazırlanaraq təqdim olunmuş bir sıra yeni qanun layihələri paketi Parlamentdə ilk oxunuşdan keçib.

Yeni Qanuna əsasən elektron ədliyyə köşkü, səyyar notariat çantası və mobil notariat qovluğu hazırlanıb. Azərbaycan istehsalı olan bu innovasiyalar vətəndaşlara istənilən yerdə notariat hərəkətlərinin aparılmasına, təxirə salınmayan hallarda səyyar və məsafədən xidmətlərin göstərilməsinə, elektron notariat kabinetinə sahib olmaqla notariat fəaliyyəti barədə məlumatların əldə edilməsinə imkan verir. Artıq hava limanında quraşdırılaraq üç aydır ki, istifadəyə verilmiş elektron ədliyyə köşkünə yüzlərlə müraciət edilib və vətəndaşlar ədliyyə xidmətlərindən dərhal faydalanıblar. "Mobil notariat" proqram təminatından isə 2500 şəxs istifadə edib. Bu yeniliklər qısa müddətdə tətbiq edilməsinə baxmayaraq, artıq beynəlxalq marağa da səbəb olub.

İclasda innovasiyalara dair nazirliyin internet informasiya resursunda “İnnovativ ədliyyə” bölməsi yaradılmaqla bu barədə əhalinin dolğun məlumatlandırılmasının və istifadəçi auditoriyasının genişləndirilməsinin vacibliyi vurğulanıb, innovativ texnologiyaların imkanlarından ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası işində istifadəsi ilə bağlı tapşırıqlar verilib, bu məqsədlə hazırlanmış ictimai işlərin yerinə yetirilməsi vəziyyətinin izlənilməsinə və cəza çəkməkdən yayınma hallarının dərhal aşkar olunmasına xidmət edən xüsusi monitorinq qurğusu nümayiş etdirilib.

Eyni zamanda, vətəndaşlara göstərilən elektron ədliyyə xidmətləri təhlil olunub, 2019-cu ildə nazirliyin 30-dan çox e-xidmətindən istifadənin sayının 1,7 milyona çatdığı, Azərbaycan adları, fərdi identifikasiya nömrəsi, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məlumatların verilməsi barədə e-xidmətlərinə daha çox müraciət olunduğu bildirilib, vətəndaşlar üçün daha aktual və tələbli olan yeni növ xidmətlərin tətbiqi müzakirə olunaraq, icra işləri, bələdiyyə və ekspertiza fəaliyyəti ilə bağlı daha 4 növ e-xidmətin istifadəyə verilməsi qərara alınıb.

Kollegiya iclasında 2019-cu ildə ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl işlərin dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə yeni mərhələyə keçdiyi xüsusi vurğulanaraq proqram xarakterli "yol xəritəsi" olan bu mühüm sənədin icrası üzrə həyata keçirilən qanunvericilik, institusional və praktiki tədbirlər qeyd olunub.

Bildirilib ki, Fərmandan irəli gələn məsələlərə dair vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirələr keçirilib, mütərəqqi beynəlxalq təcrübələr öyrənilib, birgə işçi qrup tərəfindən qısa müddətdə 30-dan çox normativ aktların layihələri hazırlanıb. Sahibkarlıqla bağlı mübahisələr üzrə ixtisaslaşdırılmış məhkəmənin yaradılması, hakimlərin sosial müdafiəsinin və məhkəmə təminatının yaxşılaşdırılması ilə bağlı dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunmuş yeni qanun layihələri paketi artıq bu ərəfədə müzakirə olunub.

İclasda Fərmanın icrası üzrə nazirliyin üzərinə düşən vəzifələrin vaxtında və dürüst yerinə yetirilməsi ilə bağlı əlavə tapşırıqlar verilib.

Bununla yanaşı, bələdiyyə institutunun yaradılmasının 20 illiyi ilə əlaqədar cari ildə nazirlik tərəfindən bələdiyyələrə metodiki köməkliyin göstərilməsi, onların fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması ilə bağlı görülən işlər qeyd olunub, 38 minədək bələdiyyə aktının inzibati nəzarət qaydasında yoxlanılaraq onlardan 900-dək aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, pozuntulara yol verən 65 bələdiyyə sədri barədə inzibati xəta haqqında protokolların məhkəmələrə, cinayət xarakterli 16 fakt üzrə materialların isə prokurorluğa göndərildiyi bildirilib. Görülmüş tədbirlər nəticəsində qanunsuz ayrılmış 2800 hektar torpaq sahəsi geri qaytarılıb.

İclasda, həmçinin qarşıda duran vəzifələr müzakirə edilib, ədliyyə işçiləri tərəfindən etik davranış qaydalarına dönmədən əməl olunması, yol verilən xarakterik nöqsanların səbəb və şəraitinin aradan qaldırılması, vətəndaşlara layiqli xidmətlər göstərməklə məmnunluğun təmin edilməsi ilə bağlı tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə fəaliyyətinin istiqamətləri üzrə əsas prioritetlər, o cümlədən ədliyyənin inkişafına dair 2019-2023-cü illər üzrə Dövlət Proqramının icrası, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, o cümlədən “Elektron icra” informasiya sisteminin tam tətbiqi, penitensiar və istintaq sahəsində fəaliyyətin təkmilləşdirilməsi, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi ilə bağlı və digər konkret tədbirlər müəyyən edilib.

Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ akt layihələrinə baxılıb, təcrübədən irəli gələn struktur dəyişiklikləri ilə bağlı qərar qəbul olunub, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan 20-dək qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Kollegiya  





Xəbər lenti